14 yanvar 2022 16:19
556

Sayğacların sıfırlanması ilə bağlı konkret tarix yoxdur - Ruslan Əliyev

Yanvarın 14-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) baş direktor Ruslan Əliyevin iştirakı ilə mətbuat və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Baş direktor öncə İstehsalat Birliyinin 2021-ci ilin iqtisadi göstəriciləri barədə məlumat verib. Bildirib ki, 2022-ci ilin yanvarın 1-nə olan məlumata görə, ölkə üzrə 2 442 030 abunəçi var: « Bu isə əvvəlki ildəkindən 83 033 abunəçi çoxdur. Mövcud abunəçilərin 8,567 milyonu əhali, 2,763 milyonu isə qeyri-əhali (sənaye) abunəçiləridir. Ötən il əhali abunəçilərinin 47,5 faizi 1200 kubmetrlik qaz limitini keçməyib.»

2021-ci ildə  7,52 milyard kubmetr təbii qaz qəbul edilib ki, bu da əvvəlki ildəkindən 774 milyon kubmetr çoxdur

Ruslan Əliyev bildirib ki,  2021-ci ildə  «Azəriqaz» İstehsalat Birliyi 7,52 milyard kubmetr təbii qaz qəbul edib. Bu isə 2020-ci illə müqayisədə 774 milyon kubmetr və yaxud 11,5 faiz çoxdur: «Bunun 5,43 milyard kubmetri əhaliyə, 2,1 milyard kubmetri isə sənaye müəssisələrinə satılıb. 2021-ci ildə abunə haqlarının  yığım göstəriciləri 96  faiz təşkil edib. Nəzərə alsaq ki, ötən ilin dekabr ayının son sayğac göstəricisi bu il yanvar ayının 15-dən sonra məlum olacaq, bu, pis göstərici deyil.»

Təbii qazın itki faizi barədə məlumat verən baş direktor bildirib ki, ötən ildə bu göstərici  7,4 faiz təşkil edib ki, bu da  2020-ci ilin göstəricisindən 1,5 faiz azdır: «Bu həcm olaraq 44 milyon kubmetr deməkdir. 2022-ci ildə İstehsalat Birliyinin qarşısında duran hədəf isə təbii qaz itkilərini 6,5 faizə endirməkdir.»

Ötən il 990 nəfər "Azəriqaz" əməkdaşı cəzalandırılıb

Baş direktor xüsusi vurğulayıb ki, müştəri məmnuniyyəti Birliyin başlıcı prinsipdir: « Ona görə də biz problemlərin həllinə operativ və işgüzarcasına çalışmayan əməkdaşlarımızı cəzalandırmışıq. Belə ki,  ötən il yol verdiyi nöqsanlara görə 990  əməkdaşımıza töhmət verilib. Həmin əməkdaşlardan 125-nə sonuncu xəbərdarlıq edilib, 220 nəfərin əməkhaqqının 1/4-i tutulub. Əlavə olaraq 14 nəfər  maddə ilə isə işdən çıxarılıb.»

Qaz sayğaclarının sıfırlanması ilə bağlı sualı cavablandıran Ruslan Əliyev bildirib ki,  əgər qaz sayğaclarının sıfırlanması bu il yanvarın 10-da olubsa, bir də gələn il yanvarın 10-da olacaq: «Bu təqvim günü dəyişmir və aradakı müddət 365 gündür. Yəni, sayğacların sıfırlanması ilə bağlı konkret tarix yoxdur. Təbii ki, 2,4 milyon abunəçinin sayğacını bir günə oxumaq çətin məsələdir. Burada təkcə oxunuşdan söhbət getmir. Oxunuş həyata keçirildikdən sonra, onun proqram vasitəsilə 3-4 gün araşdırılması da aparılır.»

Elçin Zaman, "İki sahil"