Azərbaycan Prezidenti İlham Əliyevin bügünlərdə yerli televiziya kanallarına müsahibəsində toxunduğu mövzulardan biri də valyuta ehtiyatları olub. Ölkə başçısı bildirib ki, ötən il xərclərin böyük olmasına, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ölkəmizin digər yerlərində investisiya proqramının tam icra edilməsinə baxmayaraq, valyuta ehtiyatları 2,5 milyard dollar artıb. Prezident İlham Əliyev hökumətə valyuta ehtiyatlarının azalmasına yol verilməməsi ilə bağlı tapşırıq verdiyini bildirib: “Bildiyiniz kimi, mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq”.
Maraqlıdır, bəs bu il valyuta ehtiyatlarının miqdarında hansı dəyişikliklər gözlənilir?
Əvvəlcə ondan başlayaq ki, ötən il dünya bazarlarında neftin qiymətinin əlverişli olması Azərbaycanın valyuta ehtiyatlarının artmasına imkan verən başlıca amil olub. Həmçinin Dövlət Neft Fondu ötən il büdcə öhdəliyini tam icra etməyib. Fond ötən il keçirilmiş valyuta hərraclarında cəmi 6 milyard 688 milyon ABŞ dolları məbləğində satış həyata keçirib. Bu da büdcə öhdəliyini yerinə yetirmək üçün nəzərdə tutulan məbləğdən 488,5 milyon dollar azdır. Başqa cür ifadə etməli olsaq Neft Fondundan büdcəyə transfertin azalması Fondun aktivlərinin artmasına, ölkənin valyuta ehtiyatlarının artmasına imkan verib. Transfertin azalması digər mənbələrdən büdcəyə proqnozdan daha çox vəsaitin daxil olması ilə izah edilir.
Bundan başqa, ötən il Beynəlxalq Valyuta Fondu tərəfindən 650 milyard dollar məbləğində xüsusi borclanma hüququnun (SDR-in) bölüşdürülməsi zamanı respublikanın kvotası çərçivəsində Azərbaycana ayrılan 375 milyon SDR və ya 0,53 milyard dollar məbləğində vəsait ölkənin hesabına daxil olub. Bu da ölkənin, o cümlədən Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasını şərtləndirib. Bu il isə Neft Fondundan büdcəyə daha çox vəsaitin köçürülməsi nəzərdə tutulub. Ötən illə müqayisədə cari il üçün Fondun kəsiri azalsa da Fonddan büdcəyə 12 milyard 710 milyon manatın köçürülməsi nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 510 milyon manat çoxdur. Bu da o deməkdir ki, Fond 2022-ci ildə büdcə öhdəliyinə əməl etmək üçün ötən ilə nisbətən 300 milyon dollar çox valyuta satmalıdır.
Valyuta satışının artması ehtiyatlarının artmasına xidmət etməsə də Mərkəzi Bankın bundan gözləntisi böyükdür. Belə ki, qurum 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında cari ildə Fonddan dövlət büdcəsinə transfertin əhəmiyyətli artımının valyuta bazarında tarazlığı və milli valyutanın məzənnəsinin sabitliyini dəstəkləyəcəyini bildirib.
İstənilən halda cari ildə valyuta ehtiyatlarının artımı əsasən neftin dünya bazarlarındakı qiymətindən asılı olacaq. Hesab edilir ki, neftin dünya qiyməti cari ildə də qlobal iqtisadi aktivlik, geosiyasi amillər və OPEC++ çərçivəsində qəbul edilən qərarların təsiri altında formalaşacaq. Başlıca analitik mərkəzlər tərəfindən (Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, ABŞ Enerji Agentliyi, “Standard Chartered”, “Fitch”, “Barclays” və s.) 2022-ci ilə konsensus qiymət 1 barelə görə 70,9 ABŞ dolları, o cümlədən BVF tərəfindən 64.5 ABŞ dolları səviyyəsində qiymətləndirilir. Ümumilikdə 2022-ci ildə dünyada neftə tələbin artmaqda davam edəcəyi proqnozlaşdırılır. Bu baxımdan neftin dünya qiymətinin Azərbaycanın valyuta ehtiyatlarının artımını bu il də dəstəkləyəcəyi gözlənilir. Həmçinin dövlət büdcəsinə digər mənbələrdən nəzərdə tutulandan daha çox vəsaitin daxil olacağı və xərclərin azaldılacağı təqdirdə, valyuta ehtiyatları arta bilər.
Ceyhun Piriyev, “İki sahil”