Narkotiklərlə mübarizə tədbirləri artırılır
Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə həmişə diqqət mərkəzində olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdən ölkədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət səviyyəsinə qaldırmış və hazırda bu strateji kurs müvəffəqiyyətlə davam etdirilir.
Ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, sosial rifahının və mənəvi-əxlaqi dəyərlərin qorunması məqsədi ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə vahid strategiya çərçivəsində həyata keçirilməklə respublikamız üçün prioritet vəzifə kimi müəyyən edilmiş, bir sıra təşkilati – hüquqi, əməli praktiki tədbirlər həyata keçirilməklə narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak daha intensiv xarakter almışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” aidiyyəti orqanlar qarşısında konkret vəzifələr qoymaqla bu təhlükəli təzahürlərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Həmin Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun iştirakı tövsiyə edilmişdir.
Baş Prokurorluq tərəfindən 2019, 2020 və 2021-ci illərdə qanunsuz dövriyyədə olan narkotik vasitələrin növünün, ölkə ərazisinə gətirilmə və tranzit üsullarının, istifadəçi qruplarının öyrənilməklə qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində ətraflı təhlillərin aparılması, narkomanlığa qarşı mübarizədə, eləcə də narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyasına dair mövcud vəziyyətin dəyərləndirilərək müvafiq təkliflərin təqdim edilməsi məqsədilə geniş ümumiləşdirmənin keçirilməsi təmin edilmişdir.
Nəticədə bu sahədə bir neçə istiqamətdə, o cümlədən qanunvericilik, praktik və preventiv tədbirlərin görülməsinə dair təkliflər hazırlanmışdır.
Bundan başqa, 2021-ci ilin 11 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8095 cinayət faktı aşkarlanmışdır.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 6 ton 582 kq 702 qr narkotik vasitələrin və psixotrop maddələrin götürülməsi təmin edilmişdir.
Müvafiq dövr ərzində 810,469 hektar sahədən çəkisi 174 ton 970 kq olan 433716 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 320 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 401 kr 205.326 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.
2021-ci ilin 19-20 may tarixlərində mövcud qanunvericiliyə uyğun olaraq, müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 591 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 737 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən 21190 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma yolu ilə məhv edilmişdir.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən bir sıra beynəlxalq tədbirlər, o cümlədən hər il keçirilən Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransda Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri mütəmadi olaraq iştirak edərək ölkəmizdə bu sahədə görülmüş işlərlə bağlı məlumatlar təqdim etmişdir.
Toğrul Muxtarov,
Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili İşlər Orqanlarının istintaq təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, ədliyyə müşaviri