Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin faciə və qəhrəmanlığı özündə ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsidir. Həmin gün 70 il sovet imperiyasının əsarətində yaşayan xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Keçmiş SSRİ rəhbərliyi 1988-90-cı illərdə Azərbaycanda milli-azadlıq hərəkatına zərbə vurmaq, xalqımızın iradəsini, milli azadlıq və istiqlaliyyət uğrunda mübarizə əzmini qırmaq üçün müxtəlif məkrli planlar hazırlayır, ən çirkin vasitələrə əl atırdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edildi.
20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayətdir. Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 Yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bu faciədən sonra Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdur. Xalqının şəhidlər verdiyi faciəli günlərdə, o bu faciəyə rəsmi bəyanatla münasibətini bildirməmiş, xalqın qəzəbindən qorxaraq şəhidlərin dəfn mərasimində iştirak etməmiş, yas içində olan xalqına başsağlığı belə verməmişdir.
20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən verildi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Məhz Ümummilli Liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.
Prezident İlham Əliyev 20 Yanvar hadisələri zamanı şəhid olmuş ailələrin sosial vəziyyətini daim diqqətdə saxlayır. Prezidentimizin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşdı. Prezident İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manata çatdırıldı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi inşa olunub.
Bəli, Azərbaycan tarixinə milli qürur və qəhrəmanlıq günü kimi yazılan 1990-cı ilin 20 Yanvarında xalqımız azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Bir neçə gündən sonra 20 Yanvar faciəsinin ildönümünü məğrur Azərbaycanın, qalib ölkənin vətəndaşları kimi yad edəcəyik. Böyük qürur hissi və dərin ehtiramla şəhidlərimizi ziyarət edəcəyik. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-dən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlatdığı Vətən müharibəsi Zəfərlə başa çatıb, şəhidlərimizin qisası alınıb.
Allah Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçən, öz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazan bütün şəhidlərimizə rəhmət eləsin.
Zahid Rza, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib