17 yanvar 2022 22:57
1064

Milli birliyin silaha qalib gəldiyi gün

Vətən! Hər kəs bu barədə danışır. Bəs, bu ifadə altında hansı məqamlar gizlənir, haradır sənin Vətənin? Dünyaya göz açdığın yer, yoxsa uşaqlığının- həyatının ən qayğısız anlarını yaşadığın ölkə? Bəlkə, qocalığını qarşılayacağın məmləkətdir Vətən? Yox, Vətən o yerdir ki, yaşının hansı çağında olmağından asılı olmayaraq, həmişə ora qayıtmağa can atırsan. Çünki o yerlərdə torpaq gül qoxuludur,  insanları azaddır, gülərüzlüdür, səmimidir... Ancaq Vətəndə insan özünü əsl mənada vətəndaş kimi hiss edə bilir. Harada yaşamağından asılı olmayaraq Vətənə insan başqa sevinc və qürurla qayıdır. Ancaq onun uğrunda qəhrəman və şəhid olmağı özünə fəxr bilir və bildilər də... Torpaq, uğrunda ölən varsa Vətəndir.

Demək olar ki, hər bir xalqın tarixində həm qəhrəmanlıq, həm də faciəli səhifələr var. 1990-cı ilin 20 Yanvarında da Azərbaycan tarixinə həm faciəli, həm də qəhrəmanlıq səhifələri yazıldı. Həmin gün xalqın yetişdirdiyi qorxmaz, mərd oğullar azadlıq istəyi ilə meydanlara axışdı. Bu istək heç də birdən –birə yaranmamışdı. 70 il Sovet imperiyasının tərkibində yaşamağa məhkum olunsaq da xalqımızın içində həmişə müstəqillik, azadlıq istəyi olub. Lakin içimizdəki o azadlıq qığılcımları ötən əsrin əvvəllərində daha da alovlandı...

Tariximizə əbədi həkk olunan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda Sovet ordusu tərəfindən dinc vətəndaşlara qarşı misli görünməmiş dəhşətli qırğın törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsəd öz haqlı tələblərini irəli sürən Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında məhv etmək idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, neçə-neçə ailələri başsız qoysa da, yüzlərlə ocağın işığını həmişəlik söndürsə də, fəqət istəyinə nail ola bilmədi. Müstəqillik istəyini, milli qürurumuzu qırmağı bacarmadı.

Həmin vaxt ölkədə olmamasına baxmayaraq, 20 yanvar hadisəsinə  elə ilk qiyməti  müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev verdi. Ulu Öndər Moskvada xüsusi nəzarət altında olmasına rəğmən, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə ciddi etirazını bildirdi. Ümummilli lider Heydər Əliyev faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Faktların dili ilə əsl həqiqət beynəlxalq ictimaiyyətə bəyan edildi. Daha sonra ümummilli lider Heydər Əliyevin 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı Fərmanında Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis həmin ilin martın 29-da 20 Yanvar faciəsi ilə bağlı qərar qəbul etdi.

Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozuldu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılan ən səthi təhqiqatlarda belə öz təsdiqini tapıb.

Son 18 ildə ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın iqtisadi və siyasi mövqeyinin daha da möhkəmləndirilməsini şərtləndirdi.  Azərbaycan həqiqətləri əsaslı şəkildə dünyaya çatdırıldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təbliği istiqamətində biri-birindən əhəmiyyətli tədbirlər həyata keçirirlər.

Qara Yanvar faciəsinin törədilməsindən 32 il ötür. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda ilk şəhidlərini verdi. Azadlıq, müstəqillik naminə canından keçən, tankın, silahlı əsgərlərin qarşısına əliyalın çıxan Vətənin qəhrəman oğul və qızları xalqımızın qəhrəmanlıq salnaməsinə yeni və ən qürurverici səhifələrdən birini yazdılar. Milli birlik, milli ləyaqət ən müasir və qorxunc silahlar qalib gəldi.

Yalnız həmin gün deyil, təqvimin hər günü Vətən, torpaq uğrunda şəhid olmuş qəhrəman övladlarımızın igidliyini, fədakarlığını məhəbbətlə, qürurla xatırlayaraq, onların əziz xatirəsini böyük ehtiramla yad edirik.

Günel Eyyubova, “İki sahil”