18 yanvar 2022 13:43
879

Azərbaycan dövləti bərpaolunan enerji növlərinin istehsalına böyük önəm verir

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

Bu baxımdan ölkə başçımız cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində mühüm hadisədir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. İnşa olunacaq stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır.

Məlumdur ki, Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər hər bir investor üçün önəmli rol oynayır.

Təsadüfi deyildir ki, inşa olunacaq “Xızı-Abşeron” Külək Elektrik Stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətidir. Şirkət enerji sahəsində dünyanın ən böyük şirkətidir. Şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. İnşa olunacaq stansiyanın əhəmiyyəti təkcə iqtisadi mənfəətlə bitmir. Stansiyanın inşası hesabına təbii qaza qənaətin təmin olunması da reallaşdırılacaqdır. Eyni zamanda ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlər mövcuddur. Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılmışdır. Bizim ölkələr bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Bütün Azərbaycan xalqı işğal dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlığın əlamətidir.

Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.

Bəllidir ki, ölkə əhalisi artır və buna uyğun olaraq tələbat da artır. Ona görə də enerji növlərinin istehsalı dövlət tərəfindən diqqət mərkəzində saxlanılır. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində gündəlikdə duran ən başlıca vəzifələrdən biridir. İşğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Aparılmış təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür.

İşğaldan azad edilmiş ərazilər - 10 min kvadratkilometr ərazi “yaşıl enerji” zonası elan edilib. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlar var.

Respublikamızın digər bölgələrində olduğu kimi, bizim rayonumuzda da əhalinin fasiləsiz enerji ilə təminatı hər zaman dövlətin diqqət mərkəzində saxlanılıb. Məhz bunun nəticəsidir ki, 2012-ci ildə rayonumuzun ərazisində 25,2 meqavat gücündə Füzuli Su Elektrik Stansiyası tikilib istifadəyə verilib. Nəticədə Füzuli sakinlərinin fasiləsiz enerji təminatı reallaşdırılıb.

Əlavə olaraq, ötən il Prezident İlham Əliyev tərəfindən Füzuli yarımstansiyasının açılışı həyata keçirildi. Qeyd edək ki, bu yarımstansiya 110/35/10 kilovoltluqdur və Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Ümumilikdə ölkəmizin yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bu, istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını da xeyli azaldar. Ölkənin təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkan yaradar. Alternativ enerji mənbələrindən istifadə edilməsi imkan verəcək ki, ölkədə istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaət edilsin və ətraf mühitə atılan zərərli tullantıların miqdarı azaldılsın. Respublikamızın təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik-enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməyə əsas verir.

Orxan Ağakişiyev, 

Füzuli RİHB Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi