18 yanvar 2022 14:05
962

Müharibə nəticəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni vandalizminin şahidi oldu

44 günlük Vətən müharibəsi tariximizə şanlı Zəfər salnaməsi olaraq daxil oldu. Hər zaman beynəlxalq hüquqa böyük hörmətlə yanaşan Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, illərlə kağız üzərində qalmış BMT qətnamələrinin icrasını da həyata keçirmiş oldu. Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına qazandığımız Qələbə nəticəsində 30 ilə yaxın işğal altında saxlanılmış torpaqlarımız düşmən tapdağından xilas oldu. Eyni zamanda Vətən müharibəsi nəticəsində əldə olunan Qələbə ölkəmizin, eləcə də regionun həyatında yeni münasibətlər müstəvisi və yeni reallıqlar yaratdı. Bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB yeni reallıqları tamamilə qəbul ediblər. Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb. Erməni tərəfindən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə hücumlar edib, şəhərlərimizi daim bombalayıb. İkinci Qarabağ müharibəsi zamanı yaşadığım və sakini olduğum Füzuli rayonunun mülki əhali yaşayan ərazilərinə 300-ə yaxın raket mərmisi atılmışdır. Rayonumuzun 4 nəfər mülki vətən müharibəsi şəhidi var.

Müharibə nəticəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni vandalizminin şahidi oldu. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etmişdir. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə - qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü.

Füzuli kimi bir şəhər işğaldan azad edildikdə bayraq asmağa bir salamat bina belə tapılmadı. Şəhərlə yanaşı bütün kəndlərimiz dağıdılmış, yandırılmış, məscidlərimiz, ziyarətgahlarımız təhqir olunmuş, məzarlıqlarımız talanmışdır. İşğaldan azad edilmiş ərazilərimizin hər addımında erməni xislətinin və vandalizminin ən acı nəticələrini görmək mümkündür.

Amma bir vətəndaş olaraq bizim üçün də maraqlıdır və təəccüblüdür ki, Avropa İttifaqı tərəfindən böyük dağıntılara məruz qalmış Azərbaycana cəmi 140 milyon, Ermənistana isə 2,6 milyard avro maliyyə yardımı nəzərdə tutulur. Sözügedən fakt ədalətsizlikdir. Qeyd olunan amil Avropa İttifaqı-Azərbaycan əlaqələrinə çox böyük mənfi təsir göstərə bilər. Çünki əhali və ərazi baxımından Azərbaycan Ermənistandan beş dəfə böyükdür. Ermənistanda bir dənə də bina dağılmayıb.

Hazırda ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Ölkəmiz Qoşulmama Hərəkatına uğurla və məsuliyyətlə rəhbərlik edir. Təsadüfi deyildir ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr iki dəfə Azərbaycanın lehinə səs verdilər. Bir dəfə ölkəmizin rəhbərlik etməyinə etimad göstərdilər, sonra isə yekdilliklə təklif etdilər ki, Azərbaycanın sədrliyi daha bir il uzadılsın. İnstitusionallaşdırma yolu ilə getmək lazımdır. Hərəkatın üzvü olan parlamentlərin başçılarının qarşıdakı Bakı görüşü yüksək səviyyədə təşkil olunmalıdır. Azərbaycan Parlament elementini yaratmaq niyyətindədir. Artıq razılıq əldə edilib. Həmçinin bu Hərəkatın gənclər elementini də yaratmaq təqdirəlayiqdir.

Azərbaycanın fəaliyyəti və təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatının nüfuzu artıb. Pandemiya vaxtı görülən işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə - bütün bunlar Hərəkatın nüfuzunu artırır. Azərbaycanın çoxlu humanitar proqramları var ki, bu barədə bəlkə də Azərbaycan ictimaiyyətinin məlumatı yoxdur. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə çox ölkələrə humanitar yardım göstərilir, pandemiya dövründə isə 80-dən çox ölkəyə həm maliyyə yardımı, həm də maddi yardım göstərilib. Hazırda ölkəmizdə virusla mübarizədə əsas amil olan vaksinasiya prosesi uğurla davam etdirilir. Covidlə mübarizədə göstərdiyi fəallığa görə ölkəmiz ÜST tərəfindən nümunəvi ölkə adlandırılır.

Bütün bunlarla yanaşı hazırda işğaldan azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən geniş tikinti quruculuq və bərpa işləri aparılır. Təbiidir ki, bu işlər böyük maliyyə vəsaiti tələb edir. Deməli görülən bütün bu işlər dövlətimizin iqtisadi gücünün göstəricisidir. Hazırda işğaldan azad edilmiş digər ərazilərimiz kimi Füzuli rayonu ərazisində də iri infrastruktur layihələrin icrası sürətlə davam edir. Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya istifadəyə verildi. Ərazinin enerji təminatında əsas rol oynayacaq Füzuli yarımstansiyasının açılışı reallaşdı. Hazırda müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu qurulur. Xüsusi strateji əhəmiyyət kəsb edən Horadiz-Ağbənd dəmir yolunun çəkilişi sürətlə davam etməkdədir.

Əminik ki, ölkəmiz bundan sonra da inkişaf və tərəqqi edəcək. Azərbaycan dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək. Artıq Qarabağ problemi kimi ağır yük ölkənin çiyinlərindən düşüb. Hər zaman öz gücünə güvənən dövlətimiz tezliklə Qarabağı cənnətə çevirəcəkdir.

Eyvazova Gülbahar,

Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri