18 yanvar 2022 16:11
1409

Azərbaycanda iqtisadi və sosial sahədəki siyasət bir-birini tamamlayır

Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücü ilbəil artmaqdadır. Hazırkı durumda Azərbaycan yüksək iqtisadi inkişaf göstəricilərinə malikdir. İqtisadi artım 5 faizdən çoxdur. Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Valyuta ehtiyatlarımızın artması, manatın uzun illər sabitliyini qoruması, qeyri-neft ixracının artması qazandığımız iqtisadi uğurların nəticəsidir.

Ölkəmizdə yaradılmış şəffaf və təhlükəsiz mühit xarici investorların cəlb olunması üçün əsas amillərdəndir. Məhz bunun nəticəsidir ki, xarici investorlar tərəfindən Azərbaycanda mühüm layihələr icra olunur. Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulub. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Sözügedən amil ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür.

Azərbaycanda iqtisadi və sosial sahədəki siyasət bir-birini tamamlayır. Azərbaycanda elə siyasət aparılır ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin. Ölkəmizdə geniş sosial islahatların keçirilməsi, sosial layihələrin reallaşdırılması da əhalinin güzəranının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdir.

44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız işğaldan azad edildi. Tarixi ədalət bərpa olundu. Azərbaycan dövləti öz iqtisadi gücü, hərbi qüdrəti və xalqımızın cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi nəticəsində şanlı Qələbə qazandı. Ərazi bütövlüyümüzün təmin edilməsi həm də ölkəmizin qarşısında yeni iqtisadi imkanlar açdı. Belə ki, azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb. Bu məqsədlər üçün böyük vəsait səfərbər olunub. Özəl şirkətlərə, fermerlərə təlimat verilib və artıq orada əkin işləri başlanıb. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür.

Unutmamalıyıq ki, torpaqlarımızın azad edilməsi şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına mümkün oldu. Vətən müharibəsində rayonumuz 78 şəhid verdi. 300 -ə yaxın Vətən müharibəsi qazimiz var. Vətən müharibəsində göstərdiyi xüsusi şücaətə görə rayonumuzdan üç nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Onlardan biri şəhid Zalov Fəqan Amil oğludur.

Hər zaman şəhid ailələri, qazilər və müharibədən əziyyət çəkən insanlar dövlətin diqqət mərkəzində saxlanılır. Dövlət tərəfindən onların mənzillə təmin edilməsi, sosial təminatı, problemlərinin həlli istiqamətində mühüm addımlar atılır.

Bizim rayonumuzda da həssas təbəqədən olan insanlar hər zaman diqqətdə saxlanılır. Bu günə qədər Vətən müharibəsi şəhidlərindən 39 nəfər ailə üzvü işlə təmin olunub, 21 nəfər şəhid ailəsi üzvü olan şəxs özünüməşğulluq proqramlarına cəlb olunub. Əlillik dərəcəsi təyin edilmiş 7 nəfər qazimiz işlə təmin olunub. Şəhid, Vətən Müharibəsi Qəhrəmanı Zalov Fəqan Amil oğlunun ailəsi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Eyni zamanda şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən mühüm tədbirlərin tərkib hissəsi olaraq Horadiz şəhər 3№li tam orta məktəbə şəhid, Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun adı verilmişdir.

Dövlətimiz hərbi sahəyə hər zaman xüsusi diqqətlə yanaşır. Hərbi quruculuq məsələləri hər zaman dövlətin gündəliyində birinci dərəcəli yer tutub. Təsadüfi deyil ki, dövlət büdcəsini nəzərdən keçirən və hazırlayan vaxt ən böyük xərclər hərbi quruculuq üçün ayrılırdı. Bu işlər mütləq olaraq davam olunmalıdır. İlk növbədə, ona görə ki, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var. Azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt Ermənilərə bağışlanmayacaq.

Müharibə dövründə çoxlu sayda döyüş sursatından istifadə olunub, indi onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Müxtəlif xarakterli müasir silah sistemləri alınır. Hərbi texnologiya inkişaf edir və Azərbaycan həmişə ən yaxşı texnologiyaları almaq arzusundadır. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifədir. İkinci Qarabağ müharibəsi bundan sonra nə etməli olduğumuzu, hərbi infrastrukturun hansı elementlərinin tərəfimizdən ya istifadə edilməməsini, ya çox məhdud formatda istifadə edilməsini, ya da onların zəif olmasını göstərdi. Bu da böyük təcrübədir.

Müasir mərhələdə komando qüvvələrinin yaradılması böyük hadisədir və hərbi qüdrətimizin təzahürüdür. Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərdilər. Buna görə də həmin qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir. Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi dövlətimizi hər zaman düşündürən ən vacib məsələlərdəndir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq və tikinti işləri aparılır. Sevindirici haldır ki, bu işlərin ən sürətli getdiyi ərazilərdən biri də məhz bizim rayonumuzdur. Artıq Füzuli şəhərinin baş planı hazırdır. Cəmi 8 aya Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Rayonumuzun ərazisində müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu qurulur. Böyük strateji əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla davam edir.

Müharibənin bitməsindən cəmi bir il müddət keçməsinə baxmayaraq, bu qədər işlərin görülməsi dövlətimizin iqtisadi gücünün göstəricisidir. Hazırda görülən işlərin sürəti və miqyası Qarabağımızın tezliklə cənnətə çevriləcəyinə qəti əminlik yaradır.

İlkin Əmirli,

Füzuli RİH başçısının köməkçisi