18 yanvar 2022 22:40
787

20 Yanvar faciəsi - Vətən övladlarinin mübarizlik salnaməsi

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş və xalqımızın qan yaddaşında əbədi yaşayacaq 1990-cı ilin 20 Yanvar faciəsindən 32 il ötür.

Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşmiş, haqsızlıqlarla qarşılaşmışdır. Xalqımızın başına gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsi idi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qoşun hissələri yeridilmiş və dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür.

Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Sovet imperiyasının mövcud olduğu bir dövrdə 20 Yanvar hadisələrindən sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb.

1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər tərəfindən 20 Yanvar hadisələrinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması, bu faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmış, ona dövlət səviyyəsində hərtərəfli və obyektiv hüquqi-siyasi qiymət verilmişdir.

Belə ki, Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdir.

Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi ilə bağlı Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

Xalqımız artıq 20 Yanvar faciəsinin 32-ci ildönümünü qeyd etməyə hazırlaşır. Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.

Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsini cənab İlham Əliyev daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Vətən övladlarının mübarizliyini, əyilməzliyini nümayiş etdirmişdir. Bu qanlı hadisələrdən nə qədər illər keçsə də, xalqımızın şəhidlərimizə olan ehtiramı daim yaşayır, faciəni törədənlərə isə dərin nifrət bildirilir.

Azərbaycan xalqının müstəqillik uğrunda mübarizliyinin və şücaətinin təcəssümü olaraq milli qürur mənbəyinə və qəhrəmanlıq salnaməsinə çevrilmiş 1990-cı il 20 Yanvar faciəsindən 32 il ötür. İnsanlığa sığmayan ən ağır cinayətlərdən biri kimi tarixə əbədi həkk olunmuş bu faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını üçün canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi Azərbaycan Rerpublikası Ədliyyə Nazirliyi tərəfindən daim ehtiramla yad olunur.

Masallı regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi olaraq “Qanlı yanvar” hadisəsi ilə bağlı əməkdaşlar arasında təbliğat işləri apararaq bir daha həmin hadisə qurbanlarını ehtiramla yad edirik.

ALLAH bütün şəhidlərimizə rəhmət eləsin.

Rabi İsayev,

Masallı regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi