19 yanvar 2022 21:14
796

Masallıda "ikinci çörək" əkini başlayıb

İkinci çörək hesab olunan  kartofçuluğa Masallıda  hər il maraq artır. İki il əvvəl rayonda  893 hektar sahədə kartof əkilmiş və  çəkilən  gərgin əmək hesabına 16 min ton ekoloji cəhətdən saf, keyfiyyətli məhsul əldə olunmuşdu. Bol və keyfiyyətli məhsuldan  götürülən yüksək gəlir gün-güzəranı  torpaqla  bağlı olan zəhmət adamının vəziyyətinə olduqca yaxşı təsir etmişdir.   Bir neçə gündür rayonda yazlıq kartofu əkininə başlanılıb.

Bu il kartofçular 1000 hektar sahədə əkin aparmağı nəzərdə tutublar. Rayonda kartof əkini üçün  yanvar-fevral ayları ən münasib dövr sayılır. Hazırda sahələrdə qızğın iş gedir. Artıq rayon üzrə 650 hektardan çox sahədə əkin aparılıb. Əkin zamanı məhsul istehsalçıları  bölgənin iqliminə uyğun  tez yetişən kartof toxumuna üstünlük verirlər. Onun çox hissəsi də  Rusiyadan  gətirilib. Rayonda yazlıq kartof əkini fevral ayının axırlarına kimi başa çatar. Məhsul  yığımına isə mayın ortaları başlanacaq.

Kartof əsasən rayonun Təklə, Təzə Alvadı, Köhnə Alvadı, Əhmədli, Sığıncaq kəndlərində əkilir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü