Azərbaycan xalqının tarixi qəhrəmanlıqlarla, fədakarcasına öz Vətəni naminə canını qurban verən igid oğul və qızlarımızın dastanları ilə zəngindir. Bu millətin simasında 1992-ci ilin fevralında - Xocalı faciəsi zamanı düşmənin nə qədər güclü, silah-sursat baxımından zəngin olmasına baxmadan son ana qədər təslim olmayan, mübarizə aparan və qəhrəmancasına can verən Əlif Hacıyevin, 2004-cü ilin fevralında bayrağımıza qarşı həqarətləri qəbul etməyərək bəlkə də həyatının sonuna qədər yad ölkədə həbsdə qalmağı gözə alan Ramil Səfərovun, 2010-cu ilin iyununda illərlə davam edən işğala dözə bilməyərək hərbi xidmətini keçdiyi Tərtər rayonunda gecə yarı sərhədi keçərək onlarla erməni hərbçisi ilə tək başına savaşan Mübariz İbrahimovun, 2020-ci ilin iyulunda səngərdə can verən general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və daha yüzlərlə, minlərlə qəhrəmanlığı ilə xalqın yaddaşına, qəlbinə yazılan igidlərin izləri vardır. Şübhəsiz ki, o igidlər, onların qəhrəmanlıq dastanları Azərbaycan xalqı var olduğu müddətcə daim yaşayacaq və unudulmayacaqdır. Tariximizdə unudulmaz iz qoyan qəhrəmanlarımız sırasında “müstəqillik şəhidləri”miz xüsusi yer tutur. Onların zirehli texnikalar, tanklar və yüzlərlə əli silahlı Sovet əsgəri qarşısına çıxmağı, qorxmadan, çəkinmədən, tərəddüd belə etmədən Vətənimizi, milli maraqlarımızı müdafiə etməsi, müstəqillik ideyalarını hayqırması sadəcə Azərbaycanın yox, dünyanın tarixinə yazılan cəsarət salnaməsi idi. Necə təsəvvür etmək olar ki, 70 il hakimiyyətdə olan imperiyaya qarşı siravi insan belə cəsarət göstərə, qəhrəmancasına öz haqqını müdafiə edə bilər. Beləliklə, 20 yanvar tarixini yad edərkən 147 müstəqillik şəhidimizin ağrı-acısını qəlbimizin ən dərinliyində hiss etdiyimiz kimi, həm də onların cəsarəti qarşısında qürur hissləri keçiririk. Başqa cür mümkün də deyil. Bir xalqın öz müstəqilliyini qanı ilə, canı ilə qazanması, bir amal uğrunda birləşərək bütün dünyaya öz cəsarətini, qorxmazlığını, dönməzliyini nümayiş etdirməsi insanda ancaq qürur və fərəh yarada bilər. Biz onlarla fəxr edirik. Onlar Vətənləri naminə canından keçən, qəhrəmanlığı ilə tarixə həkk olunan şərəfli Azərbaycan övladlarıdır. 12 yaşlı Larisa Məmmədova, 13 yaşlı İlqar İbrahimov, İlham və Fərizə Allahverdiyevlər və daha bir çoxları. Onlar unudulmayacaq və tarix durduqca Azərbaycan xalqının qəlbində yaşayacaqlar.
20 Yanvar 1990-cı il Azərbaycan xalqının şərəf tarixi olmaqla yanaşı, Sovet Sosialist Respublikaları İttifaqının da utanc tarixidir. Həmin gün SSRİ tərəfindən onlarla əliyalın insana qarşı xüsusi amansızlıq, qəddarlıq nümayiş olundu. Hərbçilər dinc əhalini qadın, kişi, uşaq demədən qətlə yetirdilər. Hətta təsadüfən küçəyə çıxanlara, yaralılara kömək üçün gələn təcili yardım maşınlarına belə rəhm olunmadı. Maraqlısı budur ki, Azərbaycan o zaman hələ də SSRİ-nin tərkibində idi. Yəni, SSRI öz vətəndaşlarına qarşı bu terroru həyata keçirir, bu amansızlığı törədirdi. Təəssüf ki, bütün bunları törədənlər hələ də öz layiqli cəzalarını almayıb və beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmayıblar. Hadisədən illər keçməsinə baxmayaraq dünya hələ də bu dəhşətə susur.
Qeyd edək ki, qanlı 20 yanvar gecəsi onlarla insan qətlə yetirilsə də, yüzlərlə insan müxtəlif dərəcəli xəsarətlər alsa da bu, Azərbaycan xalqının gözünü qorxutmadı hətta, əksinə bu hadisələrdən sonra sovet imperiyası ölkəmizdə bütün mənəvi və sosial dayaqlarını itirdi. Xalq müstəqillik ideyasına daha da bağlandı və azadlıq hərəkatı dönməz xarakter aldı. Nəticədə gözlənilən 1 il 9 aydan sonra 1991-ci ilin 18 oktyabr tarixində baş verdi. Azərbaycan 70 ildən sonra yenidən müstəqilliyini bərpa etdi. Al qana boyanmış şanlı bayrağımız yenidən ölkəmizin səmasında əzəmətlə dalğalanmağa başladı.
Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən isə Azərbaycan xalqının dahi oğlu-Ümummilli lider Heydər Əliyev oldu. 21 yanvar 1990-cı ildə, hadisələrdən cəmi bir gün sonra bütün təhlükələrə, Sovet rejiminin qadağalarına rəğmən Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Xalqımızın böyük oğlu hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırdı. İkincisi, 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirdi və yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltdi. Həqiqətən də, 20 Yanvar hadisələri hər bir Azərbaycan gənci örnəkdir. Həmin gecə silahsız, sursatsız əliyalın şəkildə Azadlıq Meydanına toplanan xalq Vətən sevgisinin, müstəqillik və azərbaycançılıq məfkurəsinin daşıyıcıları idi. İndi onların izindən gedərək müstəqilliyi hər şeydən, bütün dəyərlərdən, hətta öz canından belə üstün tutan bir cəmiyyət formalaşıb. Həmin cəmiyyət cəmi bir il öncə torpaqlarımızı düşmən tapdağından azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək naminə eyni cəsarətlə, əzmkarlıqla, dönməzliklə mübarizə apardı. Qarabağımız məhz bu Vətən övladlarının şücaəti ilə düşmən əsarətindən xilas edildi. Bu gün Ağdamımızda, Şuşamızda, Kəlbəcərimizdə şanlı bayrağımız dalğalanır. Mən tam əminəm ki, indi 20 Yanvar şəhidlərinin də ruhu nəhayət sakitlik tapıb. Onlar uğruna can verdikləri bu Vətənin hər bir qarışında dalğalanan üçrəngli bayrağımızla, sədası eşidilən himnimizlə sanki yenidən canlanırlar. Şübhə yoxdur ki, Azərbaycan hər dövrdə uğrunda canını verən Vətən övladlarına sahib olan bir dövlət olaraq bundan sonra da tarix boyu var olacaq və qalibiyyətlə, uğurlarla zəngin əzəmətli günlər yaşayacaq.
Rüfət Əhmədov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib