Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Keçmiş Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilən silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Macarstana, 1968-ci ildə Çexoslavakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi.
1990-cı ilin yanvar ayında keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçov başda olmaqla Sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, tamamilə saxta bir tezis idi. Çünki Sovet rəhbərliyinin «faktları» hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt Daxili Qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmaqla yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın «Alfa» qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüşdü. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır xəsarət almış, 4-şəxs itkin düşmüş, 400 nəfər isə həbs edilmişdi. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmiş, Neftçala və Lənkəranda 26 nəfər öldürülmüşdü.
Qeyd edək ki, həmin günlərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tələbə və müəllimləri azadlıq hərəkatının əsas aparıcı qüvvəsi hesab edilirdilər. Həmin vaxt mən jurnalistika fakültəsinin tələbəsi idim. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə tələbə yoldaşlarımla Salyan kazarmasının qarşısında idik. Saat 22. 45-də kazarmadan çıxan zirehli hərbi texnikalar dörd tərəfə atəş açaraq məşhur «Olimp» mağazasına doğru irəliləməyə başladılar. İlk vurulan təcili tibbi yardım maşını oldu. Sonra atəşlərini həyət evlərinə və binalara doğru yönəltdilər. Biz küçənin ortasında qalmağın təhlükəli olduğunu anlayıb yaxınlıqdakı evlərə qaçdıq. Artıq şəhərdə qətliam başlamışdı. «Elmlər Akademiyası» metro stansiyası və çörək zavodu tərəfdən yeni BTR-lər peyda oldu. Təxminən gecə saat 3-də radioda Azərbaycan dilində, amma erməni ləhcəsində emosional bir səslə insanları küçələrə çağırırdılar. Məqsəd məlum idi: küçədə daha çox insan qırmaq. Səhərə kimi atəş davam etdi. Biz qaldığımız evdən çıxıb universitetin yataqxanasına getmək istəyərkən küçədə tankların və PDM-lərin hərəkətdə olduğunu gördük. Ara küçələrlə tələbə yataqxanasına gedəndə Bakı Dövlət Universitetinin qarşısında xeyli əsgər və hərbi texnika dayanmışdı.
Yanvarın 20-dən sonrakı günlərdə isə Bakıda xüsusi şayiə qrupları peyda oldular. Onlar durmadan Azərbaycan Xalq Cəbhəsinin üzvlərinin guya Bakının bir neçə yerində Sovet qoşunları ilə döyüşmələri barədə şaiyələr yayırdılar. Hətta iddia edirdilər ki, cəbhəçilər təslim olmurlar. Ona görə də onlara kömək lazımdır. Eyni zamanda, şayiə buraxdılar ki, guya Salyan kazarmasındakı azərbaycanlı zabitlər və gizirlər Sovet qoşunları ilə döyüşürlər.
20 yanvar günündən başlayaraq tanklar və PDM-lər gündə bir neçə dəfə tələbə yataqxanalarının qarşısından keçir və hətta ara-sıra havaya atəş açaraq tələbələri qorxuda saxlayırdılar. Bütün bunlar bizə qarşı həm də psixoloji hücum idi.
Eşidəndə ki, Bakı xəstəxanalarında yüzlərlə yaralı və ölü var insanlar oraya axışırdı. Hamı ölənini və yaralısını axtarırdı. Xəstəxanaya baş çəkəndə insanların necə vəhşicəsinə qətl edildiyini aydın şəkildə görürdük. Parçalanmış beyinlər, bədənlər, kəsilmiş əllər və ayaqlar- vəhşi mənzərə belə idi. Amma bununla belə, yanvarın 22-dən başlayaraq Bakının əsas küçələrində bu qırğına etiraz olaraq dirəniş başlamışdı. Hətta Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasına doğru yüzlərlə insanın yürüşü təşkil edilmişdi.
Düzdür, artıq Bakıda qətliam törədən vəhşi zabitləri gənc əsgərlər əvəzləyirdi. Onlar da bu qətliamdan narazı görünürdülər. Hətta onlar biləndə ki, Bakıda qətlə yetirilənlərin sayı 100- dən artıqdır heyrətlənirdilər. Artıq Bakıda insanlar Sovet tanklarının lülələrinə qırmızı qərənfillər də taxırdılar. Bununla da göstərirdilər ki, biz terrorçu, ekstremist deyilik, sülhpərvər xalqıq, öz haqqımızı müdafiə edirik. O günlərdə xalqımız şəhidlərini də böyük izdihamla dəfn etdi. Tankların və PDM-lərin əhatəsində 1 milyondan çox insan şəhidləri son mənzillərinə böyük qələbəliklə yola saldı. Bu izdihamı görən Qorbaçov hökuməti bir daha anladı ki, Azərbaycan xalqının azadlıq əzmini qırmaq mümkün deyil.
Elçin Zaman, «İki sahil»
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib