19 yanvar 2022 21:03
1022

Qaradağda 20 Yanvar faciəsi yad edildi - FOTOLAR

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı və Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 yanvar 2022-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qanli Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Şura üzvləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, 20 Yanvar şəhid ailəsi və 13 nəfər 20 Yanvar faciəsinin əlilləri iştirak edirdilər. Tədbir 20 Yanvar faciəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tarix boyu xalqımızın faciələrlə üzləşdiyini və bu faciələrin böyük bir hissəsinin XX əsrdə baş verdiyini, xalqımızın hər zaman özünün azadlığı uğrunda mübarizədə böyük itkilər verdiyini bildirib.

20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Qaradağ Rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirdi. Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalqımızı daha da birləşdirərək, millətin yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilmiş və tam siyasi-hüquqi qiymətini almışdır. S. Mikayılov söyləyib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən faciələrdən biridir: “Azərbaycan xalqı bu faciəni unutmur. Faciədən 32 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur”. Onun sözlərinə görə, 20 Yanvar hadisəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayət idi və bu cinayətə hələ də beynəlxalq müstəvidə hüquqi qiymət verilməyib, cinayəti törədənlər öz cəzalarını almayıblar. Buna görə də biz fəaliyyətimizi bu istiqamətdə gücləndirməli, beynəlxalq aləmin 20 Yanvar faciəsinə düzgün, obyektiv qiymət verməsinə nail olmalıyıq. Daha sonra çıxışını davam edərək S.Mikayılov bildirdi ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Arzu edirik ki, bundan belə xalqımız, dövlətimiz Zəfər günlərini qeyd etsin.

Daha sonra çıxış edən YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev 20 Yanvar faciəsi ilə bağlı ovaxtkı tarixi hadisələri xronoloji ardıcıllıqla bir daha xatırlamaqla yaddaşları təzələdi. O, 20 Yanvar faciəsinin baş verməsində M.S.Qorbaçov başda olmaqla faciənin səbəbkarlarının və günahkarlarının ilk dəfə həmin dövrdə Moskvada yaşayan Umummilli liderimiz Heydər Əliyev tərəfindən bəyan edilməsini xatırlatdı. Qafar Əliyev diqqətə çatdırıb ki, 20 yanvar facisənin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndərimiz Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ulu Öndərimizin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən bu faciədən xəbərdar oldular. Daha sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə siyasi qiymət verildi.

Q.Əliyev, həmçinin qeyd edib ki, Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində lazımi işlər görülüb və Prezident İlham Əliyev tərəfindən daim bu siyasət davam etdirilir və 20 Yanvar Şəhidlərinin ailə üzvlərinə qayğı istiqamətində tədbirlər həyata keçirilir.

20 Yanvar faciəsinin əlili İbrahimli Bafadar çıxış edərək o müdhiş gecənin canlı şahidi kimi xalqımıza qarşı törədilən qırğınları xatırladı və baş verən hadisələrlə bağlı maraqlı bir tarixcəni danışdı.O qeyd edib:”bir neçə yaxın məsləkdaşları ilə birlikdə 4 gecə,4 günüz meydanda olandan sonra biz SRİ Müdafiə naziri Yazovla görüşdük. Yazov söz verib ki, həmin vaxt heç kim həbs olunmayacaq, lakin bizi 18 nəfərlə birlikdə həbs edib Rusiya Federasiyasının Orenburq şəhərinə aparıb düz 48 gün ağır şəraitdə qapalı həbsxanada saxlayıb müxtəlif işgəncələr verdilər.Ümümmilli lider Heydər Əliyev bu məsələdən xəbər tutandan və məsələyə müdaxiləsindən sonra onun köməkliyi ilə 48 gündən sonra biz ölümün pəncəsindən xilas olunduq”. Rayon rəhbərliyi dəyirmi masada iştirak edən 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı, onları narahat edən məsələlərə aydınlıq gətirdi. Görüşün sonunda 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi və ərzaq yardımı göstərildi.