20 yanvar 2022 01:36
639

“20 Yanvar – Unudulmaz Qan Yaddaşı” - FOTOLAR

YAP Yasamal rayon təşkilatında 20 Yanvar faciəsinin ildönümünə həsr olunan “20 Yanvar – Unudulmaz Qan Yaddaşı” mövzusunda tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“İki sahil” xəbər verir ki, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayıb və qeyd edib ki, 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir.

Odur ki, 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların əziz xatirəsi istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulur, hörmətlə anılır.

Çıxış edən məruzəçi tarix elmləri doktoru, professor Nuru Məmmədov söyləyib ki, 20 Yanvar faciəsi elə bir tarixdir ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu.

20 Yanvar faciəsi olmasaydı, bəlkə də Azərbaycan xalqının müstəqilliyə qovuşması müşkül olardı. Çünki 1990-cı ilin 20 yanvar tarixi bir gündən, bir aydan ibarət olan bir tarix deyildir. Bu tarix Azərbaycan xalqının uzun illərdən bəri apardığı müstəqillik mübarizəsinin nəticəsi idi.

Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, millət vəkili Ramin Məmmədov qeyd edib ki, keçmiş SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətməsi zorakılıq üzərində qurulmuş bir imperiyanın Azərbaycan xalqının əzmkarlığı və iradəsi qarşısında mənəvi cəhətdən gücsüz olduğunu göstərir. Həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, siyasi savadsızlığı ucbatından hadisəyə qiymət verilmədi və məhz Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində faciə dünya ictimaiyyətinə çatdırıldı.

Çıxış edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov 20 Yanvar faciəsinin Azərbaycan tarixinin şanlı səhifələrindən biri olduğunu vurğuladı.

Bildirildi ki, 20 Yanvar faciəsi ölkəmizin müstəqilliyinin, azadlığının əldə edilməsində müstəsna rol oynayıb.

20 Yanvar faciəsinin canlı şahidi kimi 20 Yanvar faciəsində şəhid olan Sadıqov Yusif Allahverdi oğlunun bacısı, “Hüseyn Cavid pr. 31” ƏPT-nın sədri Sayalı Sadıqova da çıxış etdi.

O, paytaxtın az bir zaman içərisində müharibə meydanını xatırlatdığını, yaralılarla dolu xəstəxanalarda göstərdikləri köməkliklərdən danışdı.

Yekun çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova bildirib ki, bu qanlı hadisə Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub.

Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Respublika İncəsənət Gimnaziyasının şagirdləri 20 Yanvar faciəsinə həsr etdikləri kompozisiyanı təqdim ediblər.