20 yanvar 2022 11:58
959

Dubay mətbuatında 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib

Azərbaycanın Dubaydakı baş konsulluğunun dəstəyi ilə “Nəbd Əl Vatan”, “Arab-citizen” və digər mətbu orqanlarında 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib.

“İki sahil” xəbər verir ki, ərəbdilli oxuculara yanvarın 20-sinin Azərbaycanda Ümumxalq Hüzn Günü olmasından, 32 il əvvəl sovet qoşunlarının Ermənistanın Azərbaycan ərazilərini ilhaq etmək cəhdlərinə etiraz edən dinc əhaliyə divan tutmasından ətraflı bəhs olunub. Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynovun verdiyi məlumata istinad edilən məqalədə bildirilib ki, təpədən-dırnağa qədər silahlanmış sovet hərbçiləri qadın, uşaq, qoca demədən dinc insanlara atəş açıb, təkcə paytaxt Bakıda deyil, Lənkəran, Neftçala şəhərlərində də günahsız sakinləri qətlə yetiriblər. Qanlı hadisələr zamanı 131 dinc sakin həlak olub, 744 nəfər yaralanıb. Bu qırğınlar faşistlərin Nürnberq məhkəməsində üzə çıxarılan cinayətləri qədər dəhşətlidir.

Məqalədə həmin ağır günlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqı ilə həmrəylik nümayiş etdirdiyi, bu ağır cinayəti törədən sovet liderlərini kəskin şəkildə qınadığı qeyd olunub. Dahi siyasətçinin səsləndirdiyi bəyanatda İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqında, hər hansı regionda bu cür qəddar kütləvi qırğının törədilmədiyini ifadə etməsi xüsusi vurğulanıb.

Məqalədə qeyd olunub ki, 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü elan edilib və hər il insanlar faciə qurbanlarının xatirəsini anmaq üçün Şəhidlər xiyabanına axın edirlər.