20 yanvar 2022 20:49
728

Ölkə çempionatı Naxçıvanda keçiriləcək: Mükafat fondu 22 min manat olacaq

Naxçıvanda kişi şahmatçılar arasında keçiriləcək Azərbaycan çempionatının ümumi mükafat fondu 22 000 manata çatdırılıb.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu qərar rəqabəti yüksəltmək məqsədilə qəbul edilib.

Fevralın 5-də start götürəcək ilin ilk şahmat yarışı Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə gerçəkləşəcək. Çempionatın Naxçıvanda keçirilməsində əsas məqsəd şahmatda daha böyük kütləviliyə nail olmaq, eyni zamanda Muxtar Respublikada şahmata olan marağı artırmaqdır.

40 şahmatçının iştirakı ilə baş tutacaq Azərbaycan çempionatı 2 mərhələdə keçiriləcək. I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələnin nəticəsinə əsasən 1 - 4-cü yerləri tutan şahmatçılar II mərhələdə pley-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər.

Qeyd edək ki, Azərbaycan çempionatına fevralın 19-da yekun vurulacaq.