20 yanvar 2022 21:03
310

20 Yanvar faciəsi xalqımızın azadlıq əzmini qıra bilmədi

Stokholmun mərkəzində yerləşən “Zorakılığa qarşı” abidəsinin önündə 20 yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunan tədbir baş tutub.

“İki sahil” xəbər verir ki, abidənin qarşısına toplanan Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov, səfirlik əməkdaşları və bu ölkədəki fəaliyyət göstərən diaspor fəalları 20 Yanvar faciəsinin qurbanlarının, Vətənin azadlığı uğrunda həyatından keçmiş oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Tədbirdə çıxış edən səfir Zaur Əhmədov Qanlı Yanvar hadisələrinin nəticələrindən söhbət açaraq baş verənlərin xalqımızın tarixində tək faciə qismində deyil, həm də qəhrəmanlıq salnaməsi kimi qaldığını bildirib. Səfirin sözlərinə görə, həmin gün Azərbaycanın qəhrəmanları əli yalın olmaqlarına baxmayaraq, ağır texnika qarşısında şücaət göstərərək, ölkəmizin ərazi bütövlüyü və azadlığını qorumaq üçün əllərindən gələni ediblər.

Zaur Əhmədov deyib: “Xalqımıza qarşı bu qanlı və qəddar cinayəti Sovet imperiyası törədib və buna baxmayaraq, baş verənlər xalqımızın azadlıq əzmini qıra bilmədi”.

Azərbaycanın İsveçdəki səfiri, həmin dövr Moskvada yaşayan xalqımızın ümummilli lideri Heydər Əliyevin 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etməsini də xatırladaraq, bu anın tarixi əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə məhz ulu öndər Heydər Əliyev xalqımızın başına gətirilən müsibət haqqında məlumatın dünyaya çatdırılmasında və ilkin qiymətin verilməsində böyük rol oynayıb.

Sonda səfir Stokholmdakı “Zorakılığa qarşı” abidəsinin qarşısında yığışmanın rəmzi məna daşımasına da toxunub. “Bu gün burada bir daha bildirmək istəyir ki, ölkəmiz dinc və sabitliyə əsaslanır və bu siyasət gələcəkdə də bizim təməl prinsipimiz olaraq qalacaq”, - deyə Azərbaycanın İsveçdəki səfiri vurğulayıb.

Qeyd edək ki, sonda Azərbaycanın İsveç Krallığındakı səfirliyində tədbir iştirakçılarına 20 Yanvar hadisələrinə həsr olunan videoçarx nümayiş olunub və qonaqlar üçün ehsan süfrəsi açılıb.