20 yanvar 2022 17:04
729

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib FOTO

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

“İki sahil” xəbər verir ki, səfirliyin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və diaspor nümayəndələri ümummilli lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefi, eləcə də binanın qarşısında yaradılmış xatirə stendinin önünə əklillər və gül dəstələri qoyublar.

Səfir Polad Bülbüloğlu çıxış edərək 20 Yanvar gecəsi sovet repressiya maşının qarşısına çıxaraq azadlıq tələbi irəli sürən Azərbaycan vətəndaşlarının qəhrəmanlığından danışıb. O qeyd edib ki, həmin dövrdə Azərbaycan blokada şəraitində yaşayırdı və respublikanın haqq səsini heç kim eşitmirdi. Diplomat deyib: “Hadisələrin səhəri günü Heydər Əliyev ailə üzvləri ilə birlikdə bu binaya gələrək sovet rəhbərliyinə qarşı ittihamlar irəli sürdü, həmin qanlı hadisələri “cinayət” adlandırdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra Heydər Əliyev Vətənə qayıdaraq ölkənin prezidenti seçildi. Onun tapşırığı ilə xüsusi komissiya yaradıldı, Milli Məclisdə müzakirələr keçirildi və bu hadisələrə siyasi qiymət verildi”.

Polad Bülbüloğlu vurğulayıb ki, həmin hadisələrdən 32 il ötür. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib. “İndi ulu öndər Heydər Əliyevin, bütün şəhidlərimizin ruhu şaddır. Allah onlara rəhmət eləsin!”, - deyə səfir bildirib.