20 yanvar 2022 17:14
794

Xarkovda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar fotosərgi açılıb FOTO

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar fotosərgi açılıb.

“İki sahil” xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Buzok İnformasiya və sərgi mərkəzində nümayiş etdirilən fotosərgiyə baxış olub.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik tarixində oynadığı roldan danışıb. Bildirilib ki, hadisəyə ilk hüquqi qiymət Ulu Öndər tərəfindən verilib və bu gün də 20 Yanvar faciəsi qurbanları və onların ailə üzvləri dövlətin qayğısı ilə əhatə olunur. 20 Yanvar faciəsinin təkcə Azərbaycan xalqının deyil, ümumilikdə keçmiş ittifaq ölkələrinin tarixinin dəyişməsində, xalqların müstəqillik istəklərinin reallaşdırılmasında xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Sonra 20 Yanvar faciəsinin tarixindən bəhs edən qısametrajlı film nümayiş olunub.

Sərgi yanvarın 24-dək davam edəcək. Xarkov şəhərində Azərbaycanın fəxri konsulluğunun təşkilatçılığı ilə açılan sərgidə 20 Yanvar faciəsini əks etdirən fotolar nümayiş etdirilir.

Sərgiyə daha çox diqqət cəlb etmək üçün Xarkov şəhərinin bir neçə yerində bilbordlar quraşdırılıb və müxtəlif elan vasitələri ilə ictimaiyyət məlumatlandırılıb.