20 yanvar 2022 17:41
869

Türkiyə parlamentində 20 Yanvar faciəsi ilə bağlı bəyanat oxunub

1990-cı ilin 20 Yanvar hadisələri türk dünyasının yaşamış olduğu və əsla unudulmayan ən acı günlərindən biridir.

“İki sahil” xəbər verir ki,  bu fikirlər Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım tərəfindən oxunan bəyanatında əksini tapıb.

Türkiyə parlamentinin iclasında oxunan bəyanatda diqqətə çatdırılır ki, 32 il əvvəl bu gün Bakıda günəş doğmadı. Yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları Bakıya daxil olub, vücudu müstəqillik atəşi ilə alovlanan məsum insanları hədəfə alaraq, uşaq, qadın, kişi, gənc, yaşlı bilmədən hər kəsi vurdular.

Bəyanatda Azərbaycanın apardığı milli-azadlıq mübarizəsi, müstəqilliyimizin bərpası, Türkiyənin Azərbaycanın dövlət müstəqilliyini tanıması məsələlərinə toxunulur.

“Can azərbaycanlı qardaşlarımızın ifadə etdiyi kimi Qara Yanvar bizim üçün də qara gündür”, - ifadəsi ilə davam edən bəyanatda birmənalı olaraq bildirilir ki, biz Azərbaycan ilə “Bir millət, iki dövlət!”,- olaraq sevincdə və kədərdə bir olduq. “Acıları birlikdə yaşadıq və birlikdə məyus olduq, yaralarımızı da birlikdə sarıdıq. 20 Yanvar Ümumxalq Hüzün Günündə bütün Azərbaycan və türk millətinin başı sağ olsun”, - deyə bəyanatda qeyd edilib.

Bəyanat “Yaşasın Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı!” ifadəsi ilə başa çatır.