Madriddə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü qeyd edilib
Azərbaycanın İspaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım mərasimi təşkil edilib.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycana hərbi müdaxiləsi nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyini, 744 nəfərin ağır xəsarət aldığını qeyd edib. Bildirilib ki, bu qanlı faciə Azərbaycan tarixinə Qara Yanvar kimi daxil olub.
Səfir diqqətə çatdırıb ki, 20 Yanvar hadisələrindən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Qeyd edilib ki, Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 20 Yanvarda günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib və 20 Yanvar tarixi Azərbaycan Respublikasında Ümumxalq Hüzn Günü elan edilib.
Vurğulanıb ki, 20 Yanvar xalqımızın iradəsini sındıra, milli ruhumuzu sarsıda bilmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, 20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsi, milli iradəmizin zəfər çaldığı gündür.
Tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan televiziyası tərəfindən 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.
Tədbir çərçivəsində sovet ordusunun Azərbaycana hərbi müdaxiləsi zamanı Vətənin azadlığı uğrunda həyatını itirmiş şəhidlərin xatirəsinə həsr olunmuş fotosərgi də təşkil edilib.