21 yanvar 2022 13:56
965

Fransa prezidentliyinə bəzi namizədlərin islamofob xristian təəsübkeşliyi: Əsas ziyan Fransanın özünə dəyir

Fransa prezidentliyinə bəzi namizədlərin seçki kampaniyalarını öz ölkəsindən çox uzaq olan Xankəndidə, İrəvanda aparmaq səylərinin bölgəmizdə sülh prosesinə və İkitərəfli əlaqələrə ciddi ziyan vurması göz qabağındadır. Həm də bu addımlar elə bir vaxtda atılır ki, Fransa prezidentinin təşəbbüsü ilə dekabrın 15- də Brüsseldə Prezident Əliyevlə keçirilmiş görüş münasibətlərin perspektivi ilə bağlı xeyli müsbət mesajlar ötürməyə başlamışdı. Azərbaycan daim bu əlaqələrin sağlam əsaslar üzərində qurularaq dinamik artan temp almasında maraqlı olub və bu hədəfə yetişmək üçün bütün məqamlarda yüksək məsuliyyət,kompromis və təmkin nümayiş etdirib. Son 30 ildə Azərbaycanın ən ağır probleminə çevrilmiş Dağlıq  Qarabağ münaqişəsinin həlli prosesində Fransanın göstərdiyi mövqelər dəfələrlə Azərbaycanın haqlı rəsmi etirazlarına səbəb olub, notalar verilib, münasibətlərin daha da gərginləşərək qırılmaq həddinə çatmasının qarşısı alınıb. Elə dekabrın 15- də Azərbaycan prezidentinin Brüsseldə Fransa prezidenti ilə görüş təklifinə müsbət cavab verməsi də münasibətlərin daha normal məcraya qaytarılmasının ifadəsinə çevrildi.

İki ölkənin münasibətlərində müsbətə doğru hərəkətlənmənin yeni mərhələsi açılan kimi Fransada sanki hansısa qüvvələr qəsdlə pozucu addım ataraq hər şeyi korlamağa çalışır. Artıq qeyd olunduğu kimi, iki ölkənin son 25- 30 illik münasibətlərində çoxlu sayda həssas məqamlar olduğu üçün pozucu səylər təəssüf ki, öz ziyanlı rolunu dərhal və asanlıqla  oynaya bilir.

Aydın məsələdir ki, burada erməni lobbisi və erməni diasporunun mənfi planda rolu danılmazdır. Dağlıq Qarabağ münaqişəsinin hələ həll olunmadığı dövrdə bu ziyanlı təsir özünü daha qabarıq göstərə bilirdi. Bütün bunlar bir tərəfdən həm Fransanın münaqişənin həlli prosedində  səmərəli moderator rolunda  çıxış etməsini əngəlləyir, həm də Azərbaycan ictimai rəyində Fransanın imicinı dağıdırdı. Fransanın tərəfsiz vasitəçilik imicinin və fəaliyyətinin heçə enməsində məlum geosiyasi reallıqlarla bərabər erməni lobbisinin Fransanın dövlət siyasətini öz maraqlarına bağlamaq səyləri təəssüf ki, öz bəhrəsini verirdi.

Elə bunların təsiridir ki, Fransa BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası istiqamətində başqa hallarda göstərdiyi operativliyi nümayiş etdirə bilmədi, digər həmsədrlərin də lənglik və ya tormozlayıcı taktikasını aradan qaldırmaq üçün özünün təşəbbüskarlıq imkanlarından istifadı etmədi. Hətta Vətən müharibəsi günlərində Fransa açıq-aşkar təcavüzkarın yanında duraraq Azərbaycanın ədalətli  və uğurlu əməliyyatlarını dayandırmağa yönəlik BMT TŞ qətnaməsinin qəbuluna səy göstərən böyük ölkələrdən biri oldu. Ermənistanın özünün qondarma qurumu tanımadığı halda Fransa parlamentinin hər iki palatasının qəbul etdiyi qondarma qurumu tanımağa çağırış qətnamələrinin isə ümumən adını  qoymaq çətindir.

Bu və buna bənzər digər çoxsaylı faktların üstündə dayanan münasibətlərin tatixi normal gələcək naminə hər iki tətəfdən maksimum səy və məsuliyyət tələb etdiyi halda, Fransanın bəzi dövlət və ictimai səviyyələrindən gələn pozucu səslər və hərəkətlər  müsbət təmayüllərin qarşısını kəsir. Məsələn, Fransa prezidentliyinə "Resbublika" partiyasından namizəd Valeri Pekresin icazəsiz Xankəndinə gəlib qayıtması  hansı zərurətlə izah oluna bilər?

Fransada seçkilərin Qarabağa nə dəxli var və olmalıdır? Pekresin addımının tərtəmiz anti-Azərbaycan mahiyyətli olmasına heç bir şübhə yoxdur. Azərbaycanın süveren ərazisinə icazəsiz gəlib getdiyi bəs deyilmiş kimi, üstəlik qanunsuz səfərini guya müsəlmanların əhatəsindəki "azsaylı xristianların" müdafiə addımı kimi qələmə verməklə həll etdiyimiz Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətini də yanlış təqdim etməyə çalışır, elə rəy yaratmaq istəyir ki, münaqişə  Ermənistanın ərazi iddiaları ilə yox, guya dini müxtəlifliklə bağlı imiş. Bu qədər aşkar düşmənçiliyin qarşısında Azərbaycan Prezidenti ərazi bütövlüyümüzün qarantı olaraq Pekrese layiq olduğu cavabı verməkdən başqa nə etməli idi? Deməli idik ki, "Pekres, torpaqlarımıza öz murdar niyyət və siyasətinlə xoş gəlmisən?"....

Pekresin səfərinin əndrəbadiliyi o həddədir ki, hətta Rusiya XİN-in nümayəndəsi də dolayı şəkildə öz qeyri-məmnunluğunu biruzə verdi və "sülhməramlı komandanlığın qaydalarına uyğun olaraq səfər barədə  öncədən xəbər  verilməli idi" kimi fikir işlətdi. Pekresin prezidentliyə namizəd olması ona heç bir halda Azərbaycanın ərazi bütövlüyünə qarşı addım atmaq imtiyazı verə bilməz. Hazırda Fransa prezidentliyinə 14 nəfər namizədin hamısı Pekresin üzdəniraq nümunəsini təkrarlamaq istəsə, nə baş verər? Pekres xristianlara və xristian irsinə bu qədər səmimi təəssübkeş olsaydı, oğru kimi Xankəndinə yox, qanuni şəkildə, rəsmi icazə ilə Bakıya gələrək buradakı xristianların yaşayışını, erməni kilsəsini, erməni kitabxanasını seyr edə bilərdi. Ancaq onun niyyəti  başqa idi...

Azərbaycan Prezidentinin qanuni, tam adekvat cavabının Pekres tərəfindən onun ünvanına ğuya hədə-qorxu kimi qiymətləndirilməsi isə ən azı ölçü tanımayan həyasızlıqdır. Bundan daha çoxu isə Fransa dövlətinə və franslz cəmiyyətinə xas islamofobiyanın növbəti təzahürüdür. Pekresdən öncə prezidentliyə digər millətçi namizəd Zemmurun da xristian  amilini qabardaraq İrəvana gəlməsi də eyni islamofobiyanın təzahürü sayılmalıdır. Zemmur da öz aləmində "müsəlman okeanında xristian adası üçün " guya narahat imiş kimi səfərə gəlmişdi. Fransız cəmiyyətində və dövlət orqanlarında islamofobiya elə ifrat həddə çatır ki, Azərbaycan kimi tolerant bir ölkənin Fransada, digər ölkələrdə  xristian irsinə göstərdiyi qayğının da üstündən "uf demədən" keçirlər. Dünyada xtistian irsinə və xristian mədəniyyətinə öz bəşəri yanaşmaları ilə seçilən Azərbaycan Qafqazda xristian mədəniyyəti üçün  hansı təhlükənin mənbəyi ola bilər?! Bu hansı məntiqə və ağıla sığışa bilər? Təəssüf ki, bu məntiqsizliyi "ağlına sığışdıranlar" Fransada nə Pekres, nə də Zemmurla məhdudlaşır.

Fransanın bəzi dövlət və ictimai səviyyələrində özünü göstətən islamofob və antiazərbaycan ovqatı ilk növbədə bu dövlətin özünün imicini və müharibədən sonrakı Cənubi Qafqaz sülh arxitekturasının qurulmasında iştirak imkanlarını zədələyir. Pekreslərin, Zemmurların, bir qrup erməninin korporativ maraqları naminə Fransa dövlətinin özünə bu dərəcədə ziyan vurması kimin marağındadır?

Aydın Quliyev