21 yanvar 2022 18:01
1117

Kofe maddələr mübadiləsinə necə təsir göstərir?

Ekspertlər müəyyən ediblər ki, kofe maddələr mübadiləsi proseslərinə stimullaşdırıcı təsir göstərir.

200-ə yaxın elmi nəşrin icmalı zamanı məlum olub ki, orta dərəcədə qəhvə istehlakı - gündə üç-beş fincan - həzm sisteminə zərər vermir, əksinə, öd daşı, pankreatit və bəzi qaraciyər xəstəlikləri riskini azaldır. Tədqiqatın nəticələri “Nutrients” jurnalında dərc olunub.

Mədə-bağırsaq traktından keçərkən qəhvənin üç əsas təsiri var: qidanın həzm edilməsi üçün zəruri olan mədə, öd və mədəaltı vəzi ifrazatlarına, bağırsaq mikroflorasına və peristaltikaya - yoğun bağırsağın divarlarının daralmasına təsir göstərir.

194 tədqiqatın nəticələrinin təhlili göstərdi ki, qəhvə normada istehlak edildikdə həzmi stimullaşdırır və bağırsaqdan keçməyə kömək edir, bağırsaqda "yaxşı bakteriyaların" sayını artırır, öd daşı riskini azaldır, həmçinin qoruyucu təsir göstərir.

"Bəzi fərziyyələrin əksinə olaraq, qəhvə istehlakı ümumiyyətlə bağırsaq və ya həzm problemləri ilə əlaqəli deyil",-deyə araşdırma müəllifi Fransa Milli İnstitutunun fəxri direktoru, doktor Astrid Nehliq bildirib. Qəhvə bəzi hallarda ümumi həzm şikayətlərinə kömək edə bilər. Yeni sübutlar həmçinin qəhvə istehlakının bifidobakteriyalar kimi müsbət bağırsaq bakterial qruplarının səviyyəsini artıra biləcəyini göstərir.

"Qəhvənin həzm sisteminə təsirini başa düşmək üçün daha çox məlumat tələb olunsa da, bu, çox ümidverici bir başlanğıcdır",-deyə Nehliq qeyd edib.

Qəhvənin həzm sisteminə mənfi təsiri ilə bağlı qorxuların əksəriyyəti təsdiqlənmədi. Xüsusilə, alim tez-tez qəhvə istehlakının qastroezofagial reflüksə səbəb olması fikrini təkzib edir. Müəllifin fikrincə, bu, daha çox piylənmə və qidalanma kimi risk faktorlarının birgə və ya əlavə təsiridir.

Nubar Süleymanova, “İki sahil”