21 yanvar 2022 18:38
915

COVID-19 sonrası gözlərdə nə baş verir?

Alimlər koronavirusun görmə itkisinə səbəb olan nadir infeksiyaya yol açdığını aşkar ediblər. Bu barədə “Knowridge Science Report” yazır.

Tədqiqat Nyu-York ştatının Hempsted şəhərindəki Hofstra Universitetində bir qrup alim tərəfindən aparılıb.

Nyu-York şəhər xəstəxanasında üç COVID-19 xəstəsində buynuz qişanın iltihabı olan keratit inkişaf etdiyi müəyyən olunub. Sonra bu fonda endoftalmit baş qaldırıb- göz almasının daxili qişalarının irinli iltihabı.

Mütəxəssislərin fikrincə, belə qısa müddətdə üç endoftalmit hadisəsi çox nadirdir və onların hamısı COVID-19 infeksiyası ilə əlaqəli olduğundan, yeni bir araşdırmaya ehtiyac var.

Üç xəstədən biri COVID-19-dan dünyasını dəyişib, digərinin gözü çıxarılmalı olub, üçüncüsü isə görmə qabiliyyətini itirib.

Təcrübələrdə iştirak edənlərin hamısının 60 yaşdan yuxarı insanlar olduğu qeyd edilir.

Endoftalmit əslində çox nadir xəstəlikdir, lakin koronavirus buna səbəb ola bilər. İnfeksiyanın simptomları qızartı, ağrı, gözdən axıntı, göz qapaqlarının şişməsi və görmənin azalması ola bilər.

Bundan əlavə, keratitin endoftalmitə keçməsi çox nadir bir hadisədir.  

Keratitin COVID-19 ilə əlaqəli olması mümkün olsa da, elm adamları hazırda xəstəliyin koronavirusdan qaynaqlandığına dair çox az məlumata malikdirlər.

 Tədqiqatlar tezliklə ətraflı şəkildə davam etdiriləcək.

Nubar Süleymanova, “İki sahil”