22 yanvar 2022 14:51
913

Misirli baş redaktor 20 Yanvar faciəsindən yazıb

Misirin “Asia Əl Yom” informasiya agentliyinin baş redaktoru Əbubəkr Əbu Əl Məcd 20 Yanvar faciəsi haqqında məqalə ilə çıxış edib.

“İki sahil” xəbər verir ki, “20 Yanvar – Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş faciə” sərlövhəli məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələrinin Bakıda və Azərbaycanın digər şəhərlərində dinc sakinlərə vəhşicəsinə divan tutması bəşəriyyətə qarşı ağır cinayət kimi qiymətləndirilib.

Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin tarixi və 20 Yanvar faciəsinin qurbanları barədə ətraflı məlumat verən müəllif qeyd edib ki, bu qanlı hadisələrin əsas təqsirkarı olmuş sovet lideri Mixail Qorbaçovun Nobel sülh mükafatına namizəd göstərilməsi Qərb tərəfindən yürüdülən “ikili standartlar” siyasətinin təzahürü olub. Belə ki, həmin ağır günlərdə beynəlxalq mətbuat, hüquq müdafiəsi təşkilatları faciənin miqyası və cinayətlər barədə məlumatlar yayırdılar. Lakin beynəlxalq ictimaiyyət bu hadisələrə lazımi qiyməti vermədi. Digər tərəfdən, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkar siyasətini dəstəkləyən sovet rəhbərliyi də azərbaycanlılara qarşı ədalətsiz mövqe nümayiş etdirirdi.

“Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq dastanı oldu və onun müstəqillik uğrunda mübarizə əzmini daha da artırdı. Faciənin ildönümündə Bakıda bütün insanlar Şəhidlər xiyabanına axın edirlər və dəhşətli Qanlı Yanvar hadisələri qurbanlarının xatirəsini ehtiramla anırlar”, - deyə müəllif sonda yazıb.