Əqidəsinə, tutduğu yola sadiq olan «İki sahil»çilər qət etdikləri 28 ilin uğurları fonunda qarşıdakı illərə doğru daha böyük addımlarla irəliləyirlər
Hər bir mühüm hadisə keçilən yolun təhlilini, qarşıdakı illərin hədəflərini müəyyənləşdirməyi bir zərurətə çevirir. Nəzərə alsaq ki, ictimai fikrin formalaşmasında mətbuat əhəmiyyətli rol oynayır, çoxsaylı mətbu oraqanlar sırasında öz dəst-xətti ilə seçilən, 28 illik yol qət edən «İki sahil» qəzetinin keçdiyi şərəfli yolun təhlilinin bizim üçün nə qədər sevincli, eyni zamanda, məsuliyyətli olduğunu dərk edir, mətbuatın əsas prisiplərindən biri kimi obyektivlik əsasında fikirlərimizi geniş oxucu auditoriyamızla bölüşməyi özümüzə fəxr bilirik.
28 illik yol… Uğurlu başlanğıc növbəti uğurlara əsas verir. Hər dövrün tələblərinə uyğun olaraq təkmilləşən, tutuduğu yola, əqidəyə sadiq olan, dövlətçilyimizin inkişafına davamlı töhfələr verən «İki sahil» «Vahid Azərbaycan uğrunda» amalı ilə yola çıxdı. «İki sahil»in ilk saylarında xalqımızın Araz dərdindən, o taylı, bu taylı soydaşlarımızın problemlərindən ətraflı materiallar dərc olundu və bu yazılar oxucular tərəfindən böyük rəğbətlə qarşılandı. Adı ilə tutduğu yolu, məqsəd və məramını açıqlayan «İki sahil» sözsüz ki, ölkədə baş verən ictimai-siyasi proseslərə biganə qalmadı. Həmin dövrün reallıqlarına diqqət yetirdikdə bu tələbi sözün qüdrəti ilə doğrultmaq məsuliyyəti, bacarığı özünü qabarıq şəkildə büruzə verdi. Bu, o dövr idi ki, ölkədə xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedirdi. İctimai-siyasi durumun gərginliyi bütün sahələr kimi, mətbuata da öz mənfi təsirini göstərirdi. İqtisadi tərəqqidən danışmaq qeyri-mümkün idi. İqtisadi tənəzzül qəzetin hər nömrəsində mütəxəssis araşdırmaları ilə geniş şəkildə təhlil edilir, vəziyyətdən çıxış yolları ictimaiyyətə açıqlanırdı. Çətinliklərə baxmayaraq «İki sahil» mətbuatın əsas funksiyası olan cəmiyyətin güzgüsü rolunu yüksək səviyyədə yerinə yetirdi və bu gün də bu missiyasını uğurla icra edir.
Gündəlik maraqlı yazılarla oxucuların görüşünə gəlmək, məqalə rəngarəngliyini qorumaq təbii ki, böyük məsuliyyət, axtarış tələb etdiyi kimi, eyni zamanda, şərəfdir. Bir ildə qəzetin 250-yə yaxın sayının işıq üzü gördüyünü nəzərə alıb, bunu 28 il üçün hesablasaq, eyni zamanda, gündəlik 8 mindən artıq tirajla çıxdığını da unutmasaq, nəşrimizin oxucu auditoriyası barədə aydın təsəvvür yaratmaq çətin deyil. Keçilən yol qarşıdakı illər üçün stimulverici amil olmaqla yanaşı, hansı zəhmətin, məsuliyyətin bəhrəsi olduğunu da açıqlayır.
Dövlətimizin uğurlu siyasəti və bunun nəticəsində əldə olunan nailiyətlər ölkə ictimaiyyətinə faktlar əsasında çatdırılır, cəmiyyətin informasiya tələbatının ödənilməsinə «İki sahil»in töhfələri günbəgün artır. Qəzetin hansı nömrəsinə diqqət yetirsəniz daim yeniləşmənin, təkmilləşmənin şahidi olarsınız. Bu, ondan irəli gəlir ki, qəzetimiz yarandığı gündən peşəkar kollektivə malik olub, yazılan hər bir sözə dəyər verilib və onun məsuliyyətini daşımaq hissi qarşıya mühüm tələb kimi qoyulub.
«İki sahil» müstəqil Azərbaycanın hər bir dövrünün reallıqlarının həm gücgüsü, həm də çarçısı olub. Müstəqilliyimizin ilk illərində Azərbaycanın hansı problemlərlə üzləşməsi, xalqın öz xilaskarını- dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırışı, bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkəmizin, regionun aparıcı təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyinin özündə əks etdirən 91 nəfər ziyalının Ulu Öndərə müraciəti və bu müraciətə cavab «İki sahil»də geniş şəkildə dərc olundu, oxuculara çatdırıldı. O çətin illərdə Heydər Əliyev ideyalarının təbiliğində ön sıralarda addımlayan «İki sahil» üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirdiyi kimi, azərbaycançılıq, milli məfkurə və təfəkkürə bağlılıq ideyalarına sadiqliyini bu gün də qoruyub saxlayır. Bir məqamı xüsusi qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində Azərbaycanın müstəqillik yollunun heç də hamar olmadığını diqqətə çatdırarkən reallıqların təbliğində «İki sahil» qəzetinin rolunu yüksək dəyərləndirmişdir: «O vaxt «İki sahil» qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin «İki sahil» qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.»
Onu da qeyd edək ki, «İki sahil» qəzeti 1999-cu ildən müstəqil ictimai-siyasi qəzet olaraq SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərir. Zəngin təbii resurslara malik olan Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, neft gəlirlərindən səmərəli istifadənin nəticəsi olaraq həyata keçirilən biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələr, SOCAR-ın bu və ya digər ölkələrdə həyata keçirdiyi investiya layihələri, həmçinin ayrı-ayrı strukturlarının gördüyü işlər barədə qəzetimizin səhifələrində analitik yazılara geniş yer verilir, hər bir inkişafın əsasında dayanan iqtisadi tərəqqinin fonunda digər sahələrdə əldə olunan uğurlar işıqlandırılır. İqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirilən neft sənayesinin uğurlu inkişafı bugünkü reallıqlarımıza geniş imkanlar açdı. Ümummilli Lider, eyni zamanda, bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Dahi şəxsiyyətin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ümumilikdə ölkəmizin hərtərəfli inkişafını təmin edir. Neft-qaz gəlirlərindən səmərəli istifadə, həmçinin enerji layihələrinin uğurlu icrası və dövlət büdcəsinin sosialyönümlülüyünün artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasına geniş imkanlar yaradır ki, bunların qəzetimizn səhifələrində geniş təhlil olunması hər birimizdə xoş əhval-ruhiyyə, rəğbət hissi formalaşdırır.
28 illik yola qısa baxış fonunda bu reallığı qeyd edə bilərik ki, qəzet dövrün tələblərinə uyğun olaraq daim yenilənir, müasir texnologiyalardan istifadəyə xüsusi önəm verilir. Bu texnologiyaların tətbiqi reallıqlarımızın təbliğində fərqlənən digər mətbu orqanlar kimi, «İki sahil»in simasında da özünü göstərir. Qəzetin internet saytı fəaliyyət göstərir. Daim yenilənən internet səhifəmizdə yer alan ayrı-ayrı sahələrdə günün aktual məsələlərinin şərhləri, oxucunun informasiya tələbatını ödəyən xəbərlər yer alır. Artıq «İki sahil» internet televiziyası da fəaliyyət göstərir. «İki sahil» izləyiciləri ölkəmizlə bağlı gündəlik məlumatları əldə etmək imkanındadırlar.
Bu yeniləşmədə, təkmilləşmədə məqsəd, təbii ki, Azərbaycan reallıqlarının təbliğinə töhfə vermək, cəmiyyətin informasiya tələbatını yüksək səviyyədə ödəməkdir. Buna 28 ildə hansı səviyyədə nail olmuşuq, düşünürük ki, bu qiyməti oxucu rəyi müəyyənləşdirir.
Oxucu auditoriyasını günbəgün genişləndirən «İki sahil»in fəaliyyətinə verilən dəyər qəzetin kollektivinin hər bir üzvündə böyük məsuliyyət hissi yaradaraq, daha səylə çalışmasına stimul verir. Xatırlasaq, ümummilli lider Heydər Əliyev yuxarıda qeyd etdiyimiz çıxışında «Səs», «İki sahil» və «Yeni Azərbaycan» qəzetlərinin fəaliyyətinin yüksək dəyərləndirərkən bu inamı da ifadə etmişdir ki, bu nəşrlər daha güclü təbliğat orqanlarına çevrilə, öz ətraflarında daha güclü müxbirlər toplaya, daha güclü məqalər dərc edə bilərlər. 28 illik zaman bu inamı da hansı səviyyədə doğrultduğumuza işıq salır.
Təbii ki, 28 illik enişli-yoxuşlu, şərəfli və məsuliyyətli yolun uğurlarını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Əsas budur ki, tutduğumuz yola sadiqik, dövlətə, dövlətçiliyə xidməti əsas amal qəbul edib, bu yolda inamla irəliləməyi bacarırıq. «İki sahil» bu uğurlara atdığı imzası ilə qürür duyur. Çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yer tutmaq böyük şərəf və qürurverici amildir.
Son 15 ildən artıq dövrdə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları nəticəsində dünyaya səs salan uğurlarımızın miqyası da gündən- günə genişlənir. Hər bir inkişafın əsasında dayanan iqtisadi tərəqqiyə yol açan təbii resurslarımızdan səmərəli istifadənin əsası kimi dəyərləndirilən, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası göz önündədir. Azərbaycanın inkişaf modeli dünyada təqdir olunur. Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib.
Qeyd etdiyimiz kimi, «İki sahil» qəzeti SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərən mətbuat orqanı olaraq daim səhifələrində ölkənin dinamik inkişafına stimul verən iqtisadi tərəqqini, bu inkişafı şərtləndirən amilləri ətraflı şəkildə oxucularına çatdırır. Qəzetimizin hər sayı 1994-cü ilin sentyabrın 20-də imzalanan «Əsrin müqaviləsi»ndən ötən 25 ilə yaxın dövr ərzində enerji sektorunda qazanılan hər bir uğuru ətraflı şəkildə işıqlandırır. Ölkə iqtisadiyyatına öz töhfələrini verən SOCAR-ın dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq modern, müasir tələblərə cavab verən, güclü və çevik bir quruma çevrilmək istiqamətində atdığı addımların, şirkətin müxətlif ölkələrdə həyata keçirdiyi investisiya layihələrinin uğurlu nəticələrinin təbliğatçısına çevrilən «İki sahil» qəzeti daim səhifələrində informasiya bolluğunu artırmağa çalışır. «Əsrin müqaviləsi»nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 4 ildən sonra 2018-ci ildə rəsmi açılışı, 2018-ci ilin iyununda Cənub Qaz Dəhlizinin tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi, 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması, ötən il «Star» neft emalı zavodunun istifadəyə verilməsi və sair kimi biri-birindən əhəmiyyətli uğurlar «İki sahil»in səhifələrində geniş işıqlandırılmaqla Azərbaycanın, eyni zamanda, neft sənayesinin uğurlu gələcəyi barədə aydın təsəvvür yaradır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində neftçi əməyinin rolunu yüksək dəyərləndirən ulu öndər Heydər Əliyevin Sərəncamı ilə təsis olunan «Neftçilər Günü»ndə qəzetimiz xüsusi buraxılış hazırlayaraq bir daha bir ilin uğurlarını ümumiləşdirir.
Qəzetimiz həmişə olduğu kimi, bu gün də ölkəmizin tərəqqisinə, dünyada möhkəmlənən mövqeyinə qısqanclıqla yanaşan ermənilərə və ermənipərəst dairələrə qarşı barışmaz mövqeyi ilə fərqlənir. «İki sahil» Azərbaycana qarşı bir mənbədən idarə olunan qarayaxma kampaniyasına qarşı barışmaz mövqeyini cəsarətlə bildirir. Bir sözlə, ulu öndər Heydər Əliyevin «Jurnalist əməyi qeyri-adi, olduqca böyük, zəhmətli, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir» tezisi «İki sahil»çilərin fəaliyyətinin əsas prinsipini təşkil etməklə daim səylə çalışmağa, axtarışlar aparmağa yol açır.
Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, «İki sahil», eyni zamanda, bir məktəb rolunu oynayır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, vaxtilə «İki sahil»də çalışan əməkdaşlarımız hazırda ayrı-ayrı dövlət strukturlarının mətbuat xidmətlərinin rəhbəri və əməkdaşları, həmçinin müxtəlif mətbu orqanların baş redaktorları vəzifəsində çalışırlar
Qəzetimizdə əməyi olan, amma dünyasını dəyişmiş əməkdaşlırımızı da xatırlamağı özümə borc bildim. O əməkdaşlarımız ki, «İki sahil»in yarandığı gündən onun sıralarında çalışmış, yazıları ilə mətbu orqanın oxucu auditoriyasının genişlənməsinə töhfələr vermiş insanlar idi. Onlara Allahdan rəhmət diləyirik.
Bu etirafı da edək ki, «İki sahil» gənclərə meydan açaraq, onlara öz potensial imkanlarını ortaya qoymaq üçün də geniş imkanlar yaradır. Fəxrlə deyirik ki, gənclər ölkəsi olan Azərbaycanın müstəqillik tarixinin bələdçisinə çevrilən «İki sahil» də gəncləşib, yeni gənc əməkdaşlarımız dövrün tələblərinə uyğun, müasir dünyanın əsas çağırışı olan yeni texnologiyalardan səmərəli istifadə fonunda Azərbaycan reallıqlarının təbliğinə, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan antiazərbaycan dairələri faktların dili ilə susdurmağa öz töhfələrini verirlər. Dövlətimizin başçısı İlham Əliyevin daim çıxışlarının mahiyyətində də bu məsələ dayanır ki, müasir dövrün yeniliklərindən istifadə edərək Azərbaycanın həqiqətlərinin, ən əsası yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində səylərimizi artıraq.
Qısa təhlil göstərir ki, «İki sahil» hər anı, hər günü təqviminə xoş ovqatla yazmağı, birgə səylər əsasında cəmiyyətin güzgüsü funksiyasını uğurla yerinə yetirməyi özünün fəaliyyət prinsipi seçib. Məsuliyyət, tələbkarlıq, işgüzarlıq olan yerdə uğurlu nəticələr danılmazdır. Təbii ki, bu nəticələrin əldə olunmasında qəzetimizin rəhbərliyinin təkmil idarəçiliyi əsas yer tutur.
«İki sahil» qəzeti ölkəmizdə azad mətbuatın inkişafına xidmət edən addımlardan, dövlətimizin bu sahəyə diqqət və qayğısından kənarda qalmayıb. Bir qrup əməkdaşımız ayrı-ayrı vaxtlarda fəxri adlar və medallarla təltif olunublar. Dövlətimizin başçısı İlham Əliyevin jurnalistlərin mənzil- məişət şəraitinin yaxşılaşırılması ilə bağlı Sərəncamına uyğun olaraq tikilib istifadə verilən binada mənzil alanlar sırasında «İki sahil»in əməkdaşları da vardır. Əməkdaşlarımızın əməyinə verilən bu dəyər ümumilikdə qəzetimizə verilən dəyərdir.
28 il zaman baxımından böyük olmasa da, «İki sahil»in uğurlarının miqyası genişdir. Buna əsas yaradan dünənimizin, bu günümüzün, sabahımızın əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarının uğurla reallaşdırılması, müasir müstəqil Azərbaycanmıza uğurlar qazandırmasıdır.
Bir daha bu əlamətdar gün münasibətilə baş redaktor, Əməkdar jurnalist Vüqar Rəhimzadə, baş redaktorun I müavini, Əməkdar jurnalist İsmayıl Hacıyev başda olmaqla qəzetin bütün kollektivini ürəkdən təbrik edir, yeni-yeni yaradıcılq uğurları arzulayıram. Qələminiz iti, sözünüz kəsərli, oxucu auditoriyanız daha da geniş olsun. Bu əlamətdar gün, eyni zamanda, çoxsaylı mətbu orqanlar arasında öz dəst-xətti ilə seçilən «İki sahil»ə yüksək dəyər verən, hər sayını izləməkdən, dərc etdirdiyi materialları oxumaqdan və fikirlərini paylaşmaqdan zövq alan oxucuların da bayramıdır. Onları da təbrik edir, daim bizimlə olmağı arzulayıram.
Bayramınız mübarək, əziz «İki sahil»çilər! Növbəti əlamətdar günümüzü yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin öz ədalətli həllini tapması sevincini paylaşmağımızla qeyd edək. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, günbəgün artan beynəlxalq dəstək tezliklə üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağına əminliyi artırır. Növbəti ad günümüzdə bu sevinci paylaşmaq arzusu ilə
Yeganə Əliyeva, «İki sahil»