24 yanvar 2022 18:41
1226

“Bir Xəzər Əfsanəsi” baletinin premyerası olacaq

Yanvarın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Bir Xəzər əfsanəsi” baletinin premyerası keçiriləcək.

Teatrdan "İki sahil"ə verilən məlumata görə, balet tamaşasının libretto müəllifi də istedadlı bəstəkar Lalə Cəfərovadır.

“Bir Xəzər əfsanəsi” baletinin quruluşçu baletmeysteri - Azərbaycanın Xalq artisti, “Zirvə”, “Qızıl Dərviş” və “Humay” milli mükafatları laureatı, Azərbaycan Respublikası Prezidenti mükafatçısı Kamilla Hüseynova, quruluşçu rəssamı - Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə edəcək.

Əsas rollarda balet truppasının aparıcı solistləri – Əməkdar artistlər Anar Mikayılov, Makar Ferştandt, gənc solistlər Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov çıxış edəcəklər.