24 yanvar 2022 22:57
748

Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı əsas hədəflərdəndir

Dövlət başçısı İlham Əliyev bildirir ki, demoqrafik perspektivlər nəzərə alınaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün müasir texnologiyaların tətbiqi şəraitində iri fermer təsərrüfatları yaradılmalıdır

Hər bir ölkənin hərtərəfli inkişafında iqtisadi tərəqqi əsas rol oynayır. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirməklə Azərbaycanın iqtisadi inkişafının yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir layihəni uğurlu sonluqla başa çatdırmağa əsas verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan dövlət başçısı İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımların uğurlu nəticələri göz önündədir. Regional inkişaf proqramlarının uğurlu icrası yeni-yeni hədəflərə stimul verir. Bu baxımdan ki, son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını prioritet məsələ kimi qarşıya qoyan dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq rayonlar arasında ixtisaslaşma həyata keçirildi. Bu gün böyük inamla qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz də bu sahələrin inkişafı üçün böyük potensiala malikdir. Böyük Qayıdışın gerçəkləşməsindən sonra ölkəmizin dayanıqlı inkişafının, ən əsası isə bütün dövrlər üçün aktuallığını qoruyan ərzaq təhlükəsizliyinin təmini üçün geniş imkanlar yaranacaq.

Yanvarın 12-də dövlət başçısı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində də bu kimi məsələlər diqqətdə olub. «Dünyada ərzağın bahalaşması prosesi gedir. BMT-nin hesabatına görə, 21 faizə yaxın bahalaşma müşahidə olunur. Bu, pandemiyanın nəticələridir. Azərbaycanın ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün hansı addımların atılmasını vacib hesab edirsiniz» sualına cavabında ölkə Prezidenti bildirmişdir ki, bu, ən vacib məsələlərdən biridir. İmkan daxilində bu məsələnin həlli ilə bağlı lazımi addımlar atılır. Amma reallıq da nəzərə alınır. Çünki Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır: «Nəzərə alsaq ki, uzun illər ərazimizin təxminən 20 faizi işğal altında idi, nəzərə alsaq ki, ərazimizin bir hissəsi iqlimə görə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsızdır, əlbəttə, bu, bizim işimizi çətinləşdirir. Yəni, bu, reallıqdır və biz bu reallıqdan kənara çıxa bilmərik. Yəni, bu, bizim coğrafi vəziyyətimizdir.»

Ölkə Prezidenti, eyni zamanda, bu mühüm məqamı da diqqətə çatdırmışdır ki, uzun illər ərzində bizim torpaqlarımızla yanaşı, çaylarımız da işğal altında idi və ermənilər o çayların məcralarını dəyişdirərək, xüsusilə Tərtərçayın suyunu kəsərək ölkəmizi bu imkanlardan məhrum edirdilər: «Suvarma da ərzaq təhlükəsizliyi üçün əsas amillərdən biridir. Buna baxmayaraq, biz fəal çalışırdıq və eyni zamanda, ixracla da bağlı addımlar atılmalı idi. Mən misal gətirdiyim rəqəmlər, o cümlədən kənd təsərrüfatı ixracı hesabına əldə edilib. Əgər biz sovet dövrünə baxsaq, görərik ki, o vaxt Sovet İttifaqında vahid kənd təsərrüfatı və xalq təsərrüfatı kompleksi var idi, bölgü aparılırdı. Azərbaycan pambıq, üzüm, tütün, meyvə-tərəvəz istehsal edirdi və ət, süd, buğda idxal olunurdu Rusiyadan, Ukraynadan, Belarusdan. O vaxt biz özümüzü, ümumiyyətlə, bu əsas ərzaq məhsulları ilə təmin edə bilmirdik. Ona görə bizim qarşımızda iki vəzifə dayanmışdı. Birincisi, ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etmək ki, özümüzü kənarda başqa ölkələrdə yaranmış böhrandan sığortalayaq. İkincisi, ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək ki, həm məşğulluğu, eyni zamanda, yerli istehsalı və ixracı artıraq. Ona görə bu gün də bu vəzifə gündəlikdədir.» Artıq azad edilmiş torpaqlarda da vaxt itirmədən əkin işlərinə başlanılıb və böyük vəsait səfərbər edilib. O da məlumdur ki, azad edilmiş torpaqlar sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunmuşdu. Dövlət başçısı müsahibəsində bu faktı da açıqlamışdır ki, dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Bu, Ermənistan üçün böyük rəqəmdir. Amma Azərbaycan üçün böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Əhali artır, ildən-ilə tələbat da artır. Pandemiyaya görə ölkəmizə turistlərin gəlişində azalma olub. Postpandemiya dövründə yenidən turist axınının olacağı inkar edilmir. Ona görə də demoqrafik perspektivlər nəzərə alınaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün müasir texnologiyaların tətbiqi şəraitində müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaradılmalıdır.

Nazirlər Kabinetinin bu günlərdə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində də günümüzün əsas çağırışları diqqətə çatdırılmışdır. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır. Dünyada ərzaq məhsullarının qiymətinin yüksəlməsi ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının genişləndirilməsini, yəni strateji məhsulların idxalının daxili istehsalla əvəzlənməsini zəruri edir. Ölkənin taxıl məhsulları ilə etibarlı təminatı həm də yeni yaradılmış Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin tabeliyinə verilmiş Dövlət Taxıl Fondunun səmərəli fəaliyyətindən asılı olacaq. Agentliyə bu istiqamətdə görüləcək işlərin indidən müəyyən edilməsi və müvafiq təkliflərin hazırlanması barədə tapşırıqlar verilib. Elektron ticarətin, rəqəmsal ödənişlərlə bağlı vəziyyətin daha da yaxşılaşdırılması, nağdsız hesablaşma və ödəniş alətlərindən istifadə səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilməlidir.

Qeyd edək ki, bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür. Süni qiymət artımı ilə bağlı tapşırıq əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinq və nəzarət tədbirlərini daha da gücləndirib.
Haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında inzibati rıçaqlardan istifadə olunmaqla möhtəkirlik hallarının qarşısı qətiyyətlə alınacaq, istehlak bazarına antiinhisar nəzarəti gücləndiriləcək.

Qeyd edək ki, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlara diqqət və qayğı dövlət siyasətinin əsasında dayanır. Təkcə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı son iki ildə bu kateqoriyada təmsil olunanlara göstərilən qayğıya diqqət yönəltmək kifayətdir. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 sosial dəstək proqramının əsas hissəsi sahibkarlara qayğını əhatə edir.

Qarşıya qoyulan hədəflər inkişaf üçün stimuldur. Dövlət başçısı İlham Əliyev bu inamı ifadə edir ki, ölkə iqtisadiyyatında, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində qarşıya qoyduğumuz məqsədlərə çatacağıq.
 Reallıq budur ki, iqtisadi inkişafına görə illərdən bəri beynəlxalq təşkilatların hesabatlarında ilk onluqda yer alan Azərbaycan müharibə şəraitində belə dinamikliyini saxladı. Dünya Bankının «Doing Business» hesabatında 190 ölkə arasında Azərbaycanın 28-ci yerdə qərarlaşması bu tərəqqinin təsdiqidir. Biznesin inkişafına, investisiya iqliminin sağlamlığı naminə həyata keçirilən layihələrin əhəmiyyətinə görə islahatçı ölkə adlandırılması, ən nəhayət, işğalçı Ermənistan üzərində şanlı Qələbəmiz Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünü dünyaya bəyan etdi. Pandemiya ilə əlaqədar bütün dövlətlərin iqtisadi böhranla üzləşdiyi dövrdə Azərbaycan vəziyyətdən daha az itki ilə çıxdı. Ölkəmizin iqtisadi qüdrətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini Davos Ümumdünya İqtisadi Forumunun hesabatı əsasında dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi ölkə üzrə infrastruktur layihələri başa çatmaq üzrədir. Respublika üzrə qazlaşdırma 96 faiz səviyyəsindədir. Elektrik enerjisi ilə təminatın tam ödənildiyi ölkəmiz bu göstərici üzrə də ilk sıralardadır. Avtomobil, dəmir yollarının çəkilişi və bərpası üzrə layihələr davam etdirilir. Dünya Bankının qarşıdakı illər üzrə «Qlobal İqtisadi Perspektivlər» adlı hesabatında Azərbaycanda iqtisadi artım 2022-ci il üzrə isə 4,5 faiz proqnozlaşdırılır.

Ölkədəki iqtisadi vəziyyətdən bəhs edən Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpa və quruculuq işlərinin formalaşmış bu cür möhkəm təməl üzərində davam etdiriləcəyini diqqətə çatdıraraq bildirir ki, torpaqlar azad edilib. İndi Böyük Qayıdış başlayır.

Azad edilmiş torpaqlarda aqrar sahənin, fermer təsərrüfatlarının inkişafı xüsusi əhəmiyyətə malikdir. Bunun üçün suvarma sisteminin yenilənməsi, su mənbələrindən səmərəli istifadə, dağ-mədən yataqlarının istismarı ilə bağlı layihələr həyata keçirilir. Suqovuşan qəsəbəsinin azad edilməsi ilə bölgədəki əkinə yararlı torpaqların suvarılması ilə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaqla daxili bazarın yerli məhsullar hesabına təminatı imkanları daha da genişlənəcək. Həkəri, Bazarçay, Oxçuçay, Xaçınçay kimi su mənbələrindən səmərəli istifadə ilə, bölgələrin dirçəldilməsi ilə məhsuldarlıq daha da artacaq və əhalinin ərzaq təhlükəsizliyi daxili imkanlar hesabına təmin olunacaq.

İşğaldan azad olunmuş torpaqların dirçəldilməsində başlıca vəzifə erməni vandallarının dağıtdığı şəhər və kəndlərin yenilənməsi, şəhərsalma qaydalarının tətbiq edilməsidir. Bununla qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan turizmin inkişafı üçün də geniş imkanlar yaranır. «Əlbəttə ki, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, plana uyğun davam etdirilən işlərin başa çatması ilə Qarabağın cənnətməkan siması özünə qaytarılacaq. Biz Qarabağ bölgəsində cənnət yaradacağıq.

Yeganə Əliyeva, «İki sahil»