24 yanvar 2022 23:55
986

İqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır

Azərbaycanda həyata keçirilən iqtisadi və sosial siyasətin mərkəzində insan amili dayanır. Bütün dünyada tüğyan edən koronavirus pandemiyası şəraitində bu, bir daha təsdiqini tapdı. Ölkə başçısının 2020-ci il 19 mart tarixli Sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar müəyyənləşdirildi. İş yerlərinin saxlanılması üzrə tədbirlər, koronavirus pandemiyasından zərər çəkmiş fərdi sahibkarlara maliyyə dəstəyi, sahibkarlara vergi güzəştləri, imtiyazlar və vergi tətilləri verilməsi yolu ilə onların vergi yükünün azaldılması, əhaliyə birbaşa sosial dəstək göstərilməsi istiqamətində ciddi addımlar atıldı.

Respublikamızda uğurla reallaşdırılan sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı, əhalinin rifahının təminatı prinsipi dayanır.    İqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Prezident İlham Əliyev 2022-ci il yanvarın 12-də yerli televiziyalara müsahibəsində bir daha bildirib ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir: “Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verirdi ki, biz iqtisadi islahatları uğurla həyata keçirək. Ötən il qəbul edilmiş qərarın məqsədində bu amil dayanır”.

Ölkəmizdə davamlı olaraq həyata keçirilən, bütün sahələri əhatə edən islahatlar öz bəhrəsini verir. Həyata keçirilən Dövlət proqramlarının, çoxşaxəli islahatların real nəticəsi olaraq ölkə iqtisadiyyatında, xüsusən qeyri-neft sektorunda ciddi uğurlar əldə edilib.  Respublikamızda ötən il iqtisadi artımın 5 faizdən çox, qeyri-neft sənayesinin 20 faizə yaxın, qeyri-neft iqtisadiyyatının 7,2 faiz, valyuta ehtiyatlarının 2,5 milyard dollar, qeyri-neft ixracının 40 faizdən çox artması bunun əyani təsdiqidir.

Şübhəsiz, bütün uğurların təməlində dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya dayanır. 2022-ci ildə iqtisadiyyatımızın 4 faizə yaxın artması proqnozlaşdırılır. Uğurla reallaşdırılan islahatların sayəsində yaranan əlavə iqtisadi imkanlar bundan sonra da ölkəmizdə sosial siyasətin daha da güclənməsi üçün mühüm maliyyə mənbəyi rolunu oynayacaq. Bu da öz növbəsində insanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülməsinə əlverişli şərait yaradacaq. Maaşların və təqaüdlərin artırılması bunun bir hissəsidir. Belə ki, bu ilin əvvəlindən məhz sosial paket həyata keçirildi, minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırıldı. Ümumi həcmi 1,5 milyard manat olan bu sosial paketin əhatə dairəsi 2 milyon insandan çoxdur. Həm də ölkəmizdə müntəzəm olaraq maaşlar qaldırılır, insanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Paralel olaraq dövlət başçısının tapşırığına uyğun olaraq dövlət orqanlarının tənzimləyici rolu da gücləndirilir ki, süni qiymət artımı, möhtəkirlik olmasın. Bir sözlə, vergi orqanları proqnozdan 1,4 milyard manat vəsait artıq toplanması fonunda 1,5 milyard manatlıq sosial paket dərhal təmin edildi, əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirildi. Ümumilikdə bu il 30 milyard manata çatacaq büdcə xərclərinin təqribən 14 milyard manatı sosial yönümlü xərclər olacaq. Bu, bir daha Prezident İlham Əliyevin sosial sahəyə nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.

Birmənalı demək olar ki, bu gün əhalinin sosial təminatının və rifah halının yaxşılaşdırılması üçün bütün vasitələrdən istifadə olunur. Ölkə başçısı daim vurğulayır ki, Azərbaycan hökuməti imkan yarandıqca əlavə yığılmış vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldir və bundan sonra da belə olacaq: “Digər instrumentlər var və biz onlardan istifadə edirik. Azərbaycan xalqı əmin ola bilər ki, imkan daxilində, imkan yarandıqca biz əlavə yığılmış vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldəcəyik. Necə ki, mən qeyd etdiyim kimi, vergi orqanları proqnozdan 1,4 milyard manat vəsait artıq toplayıblar, 1,5 milyard manatlıq sosial paket dərhal təmin edildi. Yəni, əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirildi və bu, bir daha bizim sosial sahəyə nə qədər böyük önəm verdiyimizdən xəbər verir”.

Zahid Rza, “İki sahil”