Səudiyyə Ərəbistanı, Venesuela, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya kimi ölkələrin dünyanın nəhəng neft hasilatçıları olduğunu az qala hamımız bilirik. Lakin çoxlarının xəbəri yoxdur ki, “qara qızıl” hasilatına görə Çin Xalq Respublikası bu sırada 4-cü yerdə qərar tutub və gün ərzində 4 mln. barel neft istehsal etmək gücünə malikdir. Bu isə iqtisadi sanksiyalardan yenicə yaxasını qurtaran İran İslam Respublikasından təxminən 20 faiz çoxdur.
Çinin əsas neft yataqları Sin-Tzyan - Uyğur muxtar bölgəsinin payına düşür və ilkin hesablamalara görə, həmin bölgədə 19 milyard barel neft ehtiyatı var. Lakin buna baxmayaraq, Çin neft dövləti olmaqdan yan keçdi. Halbuki hələ ötən əsrin 70-ci illərində Rusiya kimi Çinin də enerji ehtiyatlarının nəhəng ixracatçısına çevrilmək imkanları var idi. Bəs nə üçün çinlilər başqa inkişaf yolunu seçdilər və “qara qızıl”ı xaricdən almağa üstünlük verdilər?
“Sinopek” şirkətinin tədqiqatçısı bunun köklərini araşdırmağa çalışıb: “Hələ 1959-cu ildə - “kommunizm quruculuğu” illərində Çinin Datsin rayonunda nəhəng karbohidrogen yataqları aşkarlandı. Amma gözlənilərin əksinə olaraq “millətin atası” hesab olunan Mao Tzedun neft ixracına barmaqarası yanaşdı. Belə ki, həmin dövrdə Çin sərfəli qiymətə Sovet İttifaqından neft idxal edirdi. Ona görə də neft hasilatına yalnız ölkədaxili ehtiyaclar çərçivəsində icazə verildi və necə deyərlər, Çin asan yolla pul qazanmaq xülyasından üz döndərməli oldu”.
Beləcə, Çin Xalq Respublikası alternativ enerji mənbələrini inkişaf etdirməyə üstünlük verdi. Yalnız 2002-ci ildə Çin kəskin şəkildə neft çatışmazlığından əziyyət çəkməyə başladı. Belə olduqda ölkə rəhbərliyi hesablamalar aparmağa başladı və aydın oldu ki, neft yataqlarının kəşfiyyatına və işlənməsinə vəsait qoymaqdansa, enerji ehtiyatlarını xaricdən almaq daha ucuz başa gəlir. Digər tərəfdən, aparılan qazma-kəşfiyyat işləri göstərdi ki, Çinin neft yataqları əsasən dağlıq ərazilərdə yerləşdiyi üçün bir barel neftin maya dəyəri 60-80 dollar arasında dəyişir. Lakin neftin qiyməti dünya birjalarında ən yüksək həddə - 150 dollara yüksələndə Çin məmurları arasında “neft siyasətinin” heç də düzgün olmaması barədə söz-söhbətlər baş qaldırdı. Nəhayət, neftin qiyməti kəskin şəkildə ucuzlaşdıqdan sonra hamı rahat nəfəs almağa başladı.
Tanınmış Çin iqtisadçısı Van Laojunun fikrincə, neft amili həmişə başgicəlləndirici yüksəlişlərə rəvac verməklə yanaşı, kəskin asılılığa da yol açır. Hələ otuz il əvvəl bir çoxları Datsin bölgəsinin zəngin təbii ehtiyatlarına istinad edərək, tezliklə və asan yolla Çinin nəhəng neft dövlətinə çevriləcəyini güman edirdilər. Lakin ölkədə aparılan iqtisadi “islahatların atası” Den Syaopin ixrac asılılığından azad olmağı qarşıya məqsəd qoymuşdu Onun fikrincə, Çin çoxsaylı əhalisi üçün lazım olan ərzaq mallarını və kənd əsərrüfatı məhsullarını özü istehsal etməlidir. Söhbət təkçə yeyib-içməkdən getmir... Yüz milyonlarla ev tikmək üçün keyfiyyətli sement lazımdır, yaxud yerli maşınqayırma üçün metal tələb olunur.
“Arqumentı i faktı” qəzetinin Pekin təmsilçisi G.Zotovun müşahidələrinə görə, əlbəttə, iqtisadi böhran Çindən də yan keçməyib. Amma Rusiyada olduğu kimi yox ... Burada yerli valyuta - ien dollara nisbətən vur-tut 10 faiz ucuzlaşıb. Əgər XX əsrin 70-ci illərində 1 milyard 400 milyon nəfər əhalisi olan Çin neft ixraçına üstünlük versəydi, indi böhranın nə kimi ağır fəsadlar törədəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Pekində adamlar artıq neftsiz də yaşamağa alışıb. Çin avtomobillərinə dünyanın istənilən şəhərində rast gəlmək mümkündür. Biz hələ uşaq oyunçaqlarını, elektron vasitələri demirik. Bir sözlə, çoxlarımızın ucuz sandığı Çin malı artıq məişətimizə daxil olub.
Akif Əhmədgil, “İki sahil”