Dərman bitkiləri ilə müalicə qədim, ancaq öz əhəmiyyətini indi də itirməyən terapevtik bir müalicə üsuludur. Müasir dünyada insanlar kimyəvi dərman vasitələrinə nisbətən təbii dərman vasitələrindən istifadəyə daha çox üstünlük verirlər. Kimyəvi dərman maddələri orqanizmə bir tərəfli təsir göstərərək, digər orqanların həyat fəaliyyətinə təhlükə yarada bilirlər. Dərman preparatları patogen mikroorqanizmlərlə yanaşı sahib orqanizmin müxtəlif orqan və sistemlərinə də təsir göstərirlər.
Dövrümüzün qlobal problemlərindən birinə çevrilən virus mənşəli xəstəliklərdən qurtulmaq üçün insanlar ilk öncə immunitetini gücləndirməlidir. Bunun üçün yaxşı qidalanmaq, xüsusilə də vitaminlərlə zəngin meyvə və tərəvəzlər qəbul etmək əsas şərtlərdən biridir. Bol vitaminli, həmçinin yüksək antioksidant təsirə malik bitki qruplarından fitonsidli bitkilər geniş yayılmışdır.
Fitonsid latıncadan tərcümədə fito-bitki, sido-öldürmək (qırmaq, məhv etmək) mənası verir. Əslində müxtəlif bitkilərin tərkibində olan fitonsidlər xəstəlik törədən (patogen) bakteriya, göbələk və viruslara qarşı antibakterial təsirinə görə, başqa maddələrdən seçilir. Uzunmüddətli tədqiqatlar sayəsində 60 növə qədər bitkidə fitonsid mənşəli maddələr aşkarlanıb. Onlardan tibbdə və baytarlıq təbabətində geniş istifadə olunur. Onlar oksidləşmə proseslərinə təsir etdiklərindən orqanizmdə ümumi maddələr mübadiləsini yüksəldirlər. Ən geniş yayılmış fitonsidli bitkilərdən biri də sarımsaq bitkisidir.
Sarımsaq təbii antiseptik vasitədir, mikrob və virus əleyhinə təsirə malikdir. Bu tərəvəz əsl təbii "antibiotik"dir. Soyuqdəymə xəstəlikləri zamanı sarımsaq çox faydalıdır. Qədim Yunanıstanda və Misirdə bu tərəvəz müalicəvi vasitə kimi çox geniş istifadə olunurdu. Qədimdə bu bitkini "kasıbların dərmanı" adlandırırdılar.
Müasir tibb də sarımsağın faydasını inkar etmir. Xaç yürüşləri zamanı sarımsaq Fransaya aparılıb və oradan bütün Avropaya yayılıb.
XIX əsrdə fransız mikrobioloqu Lui Paster sarımsağın bir sıra bakteriyalara qarşı məhvedici təsir göstərdiyini sübut edib. Sarımsaq tərkibində olan fitonsidlər sayəsində bağırsaq çöplərinə, qızılı stafilokoklara, salmonella və Candida cinsindən olan göbələklərə qarşı güclü aktivliyə malikdir. Virus əleyhinə, xüsusilə qrip viruslarına təsiri də elmi cəhətdən sübut olunduğuna görə ondan qrip xəstəliyinin müalicə və profilaktikasında geniş istifadə edilir.
Sarımsaq- Allium sativum L. soğankimilər fəsiləsinin soğan cinsinə aid olan bitki növüdür. Sarımsaq mineral və vitamin deposudur desək, yanılmarıq. Tərkibində A, B, C vitaminləri, kükürd (sarımsağın spesifik qoxusu onunla əlaqədardır), maqnezium, yod, 21 növ təbii antibakterial maddə və s. var. Çox güclü mikroböldürücü xassəyə malikdir. Xüsusən də qrip viruslarını öldürür, qrip və soyuqdəymənin ağırlaşmasının qarşısını alır. Həmçinin sarımsağın təkibindəki uçucu yağlar otaq havasındakı virusları da məhv edir və nəhayət, sarımsaq yeyən adamın ağzından iy gəldiyi üçün hamı ondan uzaq olur və qripə yoluxmur.
Sarımsaq qocalma prosesləri ləngidir, orqanizmi cavanlaşdırır. Hər gün sarımsaq yeyilməsi qan damarlarını rezin kimi elastik edir, qansızmaların qarşısını alır, infarkt, insult, yüksək təzyiq, qanda yüksək xolesterin kimi xəstəliklərə tutulma riskini azaldır. İsveçrədə məktəbli uşaqları sarımsaq yeyib gəlməyə məcbur edirlər, çünki sarımsaq yeyən uşaqlar digərlərinə nisbətən yoluxucu xəstəliklərə, əzələ qıcolmalarına və əzələ iflicinə daha az tutulurlar.
Sarımsağın kəskin iyli olmasına səbəb alisin maddəsidir. O, bakterisid xassəli olmaqla sarımsağın əsas iyini təşkil edir. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir. Bunlardan ən mühümü "disulfid" adlanan kükürdlü üzvü birləşmələrdir. Sarımsağın tərkibində olan efir yağında kükürd olduğu üçün, onun iyi çox kəskindir və yandırıcıdır. Çində sarımsağın çox qiymətli müalicəvi xüsusiyyətlərinə görə onu ″Allah otu″ adlandırmışlar.
Sarımsağın əsas fəal təsiredici maddəsi onun yaşıl yerüstü hissə və soğanağından toplanır. Sarımsaq tərkibindəki mürəkkəb bioloji aktiv maddələr sayəsində mikrob, göbələk, virus, qurd, ibtidailər, malyariya törədicisi əleyhinə təsir göstərir, iltihabi proseslərin sağalmasını sürətləndirir. Tibbdə dəmləmə və spirtdə çıxarış şəklində istifadə edilən sarımsaq mədə-bağırsaq traktının hərəki və sekretor fəaliyyətini yaxşılaşdırır, bağırsaq mikroflorasını normallaşdırır, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.
Sarımsağın daxilə qəbulu və ya imalə şəklində istifadə edilməsi bütün növ bağırsaq parazitlərinə, xüsusilə lentşəkilli qurdlara öldürücü təsir göstərir. Onun tərkibində olan allisin maddəsi qırmızı qan hüceyrələri – eritrositlərlə reaksiyaya girərək kükürdlü birləşmə olan hidrogen-sulfid əmələ gətirir. Həmin maddə qan damarlarındakı spazmı aradan qaldırır, qan dövranını aktivləşdirir və öz növbəsində arterial qan təzyiqini aşağı salır, həyati vacib orqanların oksigen təchizatını yaxşılaşdırır, ürəyin üzərinə düşən yükü azaldır. Həmin xüsusiyyətlərinə görə arterial hipertenziya və aterosklerozun müalicə və profilaktikasında istifadə olunur. Olduqca güclü antibakterial təsirə malik allisin maddəsinin 1 milliqramı 15 vahid penisillin aktivliyinə bərabər qiymətləndirilir.
Güclü antioksidant təsirə malik olan allisin maddəsinin parçalanma məhsulu olan sulfen turşusu sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Bununla da orqanizmi toksik maddələrdən təmizləyir, şiş hüceyrələrinin inkişafını və hüceyrələrin qocalma prosesini ləngidir. Bir sıra xəstəliklərin müalicə və profilaktikasında sarımsaq kapsul, həb, toz və yağ şəklində tətbiq edilir.
Sarımsaq yedikdən sonra cəfəri və ya quru qəhvə çeynəmək pis qoxunu götürür. Həmçinin mixək də buna bənzər təsirə malikdir. Qoxunu azaltmaq üçün sarımsaq iri-iri doğranıb qatıqla qarışdırılır və çeynəmədən udulur. Marinada qoyulmuş, bişirilmə zamanı yeməklərə əlavə olunmuş sarımsaq öz faydalı xüsusiyyətlərinin bir çox hissəsini itirir. Bu səbəbdən sarımsağı çiy vəziyyətdə yemək lazımdır.
Səkinə Baxşəliyeva,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, kiçik elmi işçi