28 yanvar 2022 21:20
740

Bütün cəbhələrdə gənclərimiz mərdliklə mübarizə aparırlar - Səbinə Xasayeva

«Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Belə ki, hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verməkdədir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına da təkan verib. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, gənclərə öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət hisslərinin aşılanması, onların mənəvi tərbiyəsinin, siyasi mədəniyyətinin yüksəlməsi ilə sıx bağlı olub. Şəhidlərimizin, qazilərimizin, hərbi qulluqçularımızın böyük əksəriyyəti məhz gənclərdir. Bəlkə də ölkə tarixində ilk dəfə hər sahədə həmrəyliyimizin, gücümüzün şahidi olduq. Təkcə döyüş meydanında deyil, informasiya savaşında da gənclərin rolu danılmazdır. İstər sosial şəbəkələr üzərindən, istərsə də xarici KİV-lərin məlumatlandırılması baxımından bütün  cəbhələrdə gənclərimiz mərdliklə mübarizə aparırlar.»

Bu fikirləri İkisahil.TV-yə açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.

S.Xasayeva qeyd edib ki, 2 fevral tarixinin ölkəmizdə  Gənclər Günü kimi qeyd olunması gənclərə böyük diqqətin və qayğının göstəricisidir: «Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşırdı. Öz növbəsində, Azərbaycan gəncliyi də Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir. Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün ölkədə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı isə  gənclərimiz xalqımıza böyük qürur hissi yaşatdılar. Azərbaycan vətənpərvər və yüksək zəkalı gəncliyə sahib olan bir ölkədir. Gənclər döyüş meydanında böyük şücaət və qəhrəmanlıq göstərməklə yanaşı, informasiya savaşında da öz bilik və bacarıqlarından istifadə edib qələbənin reallaşmasına töhfə verdilər. Dövlət başçımız da dəfələrlə öz çıxışlarında gənclərin Vətən müharibəsində qələbənin qazanılmasında böyük zəhməti və payı olduğunu vurğulayıb».

S.Xasayeva diqqətə çatdırıb ki, bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşatmaqla bərabər, həmçinin ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir: «Hesab edirəm ki, müasir dünyagörüşünə malik gənclər qarşıya qoyulan hədəflərin gerçəkləşməsində fəal iştirak etmək, öz potensial imkanlarını ortaya qoymaq imkanlarına malikdirlər.  Gənclərimiz cəmiyyətimizin aparıcı qüvvəsi olaraq işğaldan azad edilmiş ərazilərimizin bərpasında da fəal iştirak edəcəklər.»

Şəmsiyyə Əliqızı, «İki sahil»