28 yanvar 2022 22:12
830

Ölkənin tərəqqisi təhsildən asılıdır

Ölkəmizdə də elm və təhsilin inkişafı daim diqqət mərkəzindədir. Xüsusilə də müstəqilliyimizin bərpasından sonra təhsil sisteminin köhnə adət-ənənələrdən azad edilərək yeni ictimai-iqtisadi şəraitin tələblərinə uyğun şəkildə formalaşdırılmasına nail olmaq ölkə qarşısında duran ən böyük vəzifələrdən birinə çevrildi. Dünya təhsil sistemində tətbiq olunan yeniliklərin Azərbaycan təhsil sisteminə inteqrasiyasına başlanıldı. Müasirləşdirmə dedikdə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir.

Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb. O vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub.

Ötən il ölkəmizdə təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün potensial imkanlar səfərbər edilib.

Qeyd edək ki, ölkə üzrə 55 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 850-ə çatan icma əsaslı məktəbəqədər təhsil qrupunda 16 041 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib. Lisey və gimnaziyalara qəbul olunan şagirdlərin sayı ötən ilə nisbətən 15 faiz artıb.

2021-ci ildə buraxılış imtahanlarında sağlamlıq imkanları məhdud şagirdlərin (görmə, eşitmə və nitq qüsurlu) iştirakı təmin olunub. Təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslərlə bağlı məlumat bazası yaradılıb. Bu baza evdə təhsil, xüsusi təhsil müəssisələrində və ya xüsusi siniflərdə, o cümlədən ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlar barədə məlumatları özündə əks etdirir.

2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 12, Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə 3, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sifarişi ilə 2, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə 1 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 2021-ci ildə Təhsil Nazirliyi tərəfindən 69 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 29-da tikinti, 9-da əsaslı təmir işləri görülüb, o cümlədən 1 peşə mərkəzi tikilib, 31 modul tipli məktəb quraşdırılıb.

Ötən ildən pilot layihə olaraq 27 şəhər və rayon üzrə seçilmiş məktəblərə 2045 resurs dəsti təqdim edilib. Layihədən faydalananların sayı birinci sinif şagirdlərinin 28 faizini təşkil edir. Hazırda 97 faiz təhsil müəssisəsi fasiləsiz istiliklə təmin edilir. 591 təhsil müəssisəsində yanğından mühafizə sistemləri təkmilləşdirilib. 

Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə 2021-ci ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyinə tabe olan qurumlar, təhsil müəssisələrində 69 vəzifə üzrə vakansiyalara həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib. Tədbirlər çərçivəsində ümumilikdə 1288 nəfər işə qəbul edilib. Onlardan 498 nəfəri şəhidlərin ailə üzvü, 107 nəfəri hərbi qulluqçuların ailə üzvü, 265 nəfəri qazi, 418 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

İqtisadiyyatın dayanıqlı inkişafında da ali təhsilin müstəsna rolu vardır. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil iqtisadiyyatda davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bununla əlaqədar dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub.

Həmin qərarlardan biri ölkədə təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Ölkə prezidentinin Sərəncamına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı ötən il martın 1-dən 16 min vahid artırılmış, təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılmış, bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə etmişdir. Eyni zamanda, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12300-dən 20500-ə çatdırılmış, ümumi qəbul planının 42 faizini təşkil etmişdir. Əvvəlki ildə bu göstərici 27 faiz təşkil edirdi. Həmin tədbirlərin davamı kimi, I və II dərəcə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ölkə Prezidentinin Sərəncamı imzalanmışdır. Dövlət başçısının təhsilin davamlı inkişafına xidmət edən bu təşəbbüsləri ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Qəbul edilən mühüm qərarlardan biri də "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsidir. Proqram ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Proqramda iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Birinci istiqamət ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsini, ikinci istiqamət isə xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsini nəzərdə tutur. Aidiyyəti dövlət qurumları ilə birlikdə proqramın icrası istiqamətində tədbirlərə başlanmışdır.

Onu da qeyd edək ki, elm və təhsil Heydər Əliyev Fondunun da ictimai fəaliyyətinin əsas prioritetləri sırasındadır. Fondun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana-yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən bu layihənin əsas məqsədi təhsil sahəsində mövcu olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartalara cavab verən təhsil kompleksləri yaratmaq, təsdirisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.

Yeri gəlmişkən, yanvarın 27-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın da açılışında iştirak etdikləri Binə qəsəbəsində yerləşən Tədris və Xidmət Kompleksinin inşası da layihə çərçivəsində görülən tədbirlərdən biridir. Belə bir kompleksin inşa olunması üçün sakinlər bu ərazidə məktəb və uşaq bağçasının inşası ilə əlaqədar Heydər Əliyev Fonduna müraciətlər etmişdilər. Çünki Binə qəsəbəsinin Atçılıq və Təmənis yaşayış massivlərində indiyədək təhsil ocaqları olmadığından şagirdlər yaxın ərazilərdəki tədris müəssisələrində oxumaq məcburiyyətində idilər. Buna görə də 2020-2021-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Binə qəsəbəsində Tədris və Xidmət Kompleksi inşa olunub. Kompleksin ərazisində orta məktəblə yanaşı, körpələr evi-uşaq bağçası, stadion və idman sahələri də yaradılıb.

Görülən tədbirlərin, təsdiq olunan proqramların və layihələrin məqsədi məlumdur.  Atılan bütün bu addımlar gələcəyin etibarlı təminatı üçündür. Çünki təhsil gələcəyin təməlidir.

Röya Rasimqızı, “İki sahil”