29 yanvar 2022 02:56
1097

«Omicron» ştammı: Tamam, yoxsa davam?…

COVID-19-un hələ ki «sonbeşiyi» olan bu virusa qarşı ən etibarlı mübarizə vaksinin «Buster» dozasının vurulmasıdır

İlk olaraq COVID-19 adı ilə Çindən yol alaraq dünyamızı dolaşan, dövlətlərarası əlaqələri nəfəsi ilə «soyudan», insanlara fəlakət gətirən koronavirus haqqında yayılan məlumatlar fərqli olsa da dəyişən adı, «xarakteri» ilə hələ də təhlükə mənbəyi olaraq varlığını büruzə verir, «öz sözünü» artan ölüm sayı ilə deyir. Müxtəlif əsrlərdə dünyada yayılan, minlərlə insanların ölümü ilə nəticələnən yoluxucu xəstəliklər, viruslar haqqında mənbələrdən oxusaq da ağlımıza da gəlməzdi ki, zaman gələcək, elm və texnikanın sürətli inkişafını yaşadığımız XXI əsrdə ancaq mikroskopla görünən koronavirus adlı taclı düşmənin qarşısında aciz qalacağıq.

Düzdür, koronavirusun əvvəlki illərə nisbətən yaratdığı təlaş, qorxu azalsa da, mutasiyalara uğrayaraq dəyişən adı ilə « tərcümeyi-halı»na yeni əlavələr yazdırsa da əsas təhlükəsi sayılan insanlara yaşatdığı ölüm qorxusunu azaltmır. Dünyanın tanınmış alimlərinin apardıqları tədqiqatlar nəticəsində virus haqqında ilkin məlumatlar açıqlansa da müayinə və müalicəsi ilə bağlı tam qarantiya verilməyən koronavirus qorxulu nağılların qəhrəmanı yeddi başlı əjdaha kimi ətrafına ölüm saçır.

İlk günlərdən virusdan qorunmaq üçün profilaktiki tədbirləri- maskalardan, dezinfeksiyaedici vasitələrdən istifadəni koronadan qorunmağın əsas yolu kimi açıqlayan alimlər virusun müxtəlif səthlərdə «yaşam müddəti» ilə bağlı tədqiqatlarını da davam edirdilər. Alınan nəticəyə görə «Uhan”» ştammının plastik səthlərdə orta ömrü 56, «Alpha»” variantının 191,3, «Beta”» variantının 156,6, «Delta»” variantının 114, «Omicron»” variantının isə 193,5 saat olub. İnsan dərisində isə «Uhan»” ştammı 8,6 saat, «Alpha»” ştammı 19,6, «Beta»” ştammı 19,6, «Delta»” ştammı 16,8, «Omicron»” ştammı isə 21,1 saat mövcudluğunu qoruyur. Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, ştammlar spirtə qarşı bir qədər müqavimət göstərsələr də, 35 faizlik spirt məhlulu ilə təmasda olduqdan sonra bütün ştammlar 15 saniyədən sonra tamamilə təsirsiz olur.

Bu günlərdə dəhşətini yaşadığımız, koronavirusun hələ ki, «sonbeşiyi» olan, yayılma sürətinə və yoluxduruculuq xarakterinə görə «sələflərini» arxada qoyan «Omicron» artıq öz sözünü deməkdədir.

İlk günlərdən profilaktiki tədbirlərlə birgə pandemiyanın qarşısının alınmasının yeganə yolunun peyvəndləmə olduğunu bildirən tədqiqatlar nəticəsində müxtəlif laboratoriyalarda sınaqdan keçirilən vaksinlər bütün ölkələrdə tətbiq edilir. Birinci, ikinci mərhələ üzrə müəyyən edilmiş dozada vurulan vaksinlərin «Omicron» üçün də səmərəli olduğu açıqlanır. «Buster» adlanan üçüncü doza ilə peyvəndlənmə prosesi bütün ölkələrdə tətbiq olunur. Həkimlərin açıqlamalarında qeyd olunduğu kimi, birinci, ikinci doza peyvənd qəbul edənlərin 5 aydan sonra virusa qarşı immuniteti zəiflədiyi üçün xatırlatma, gücləndirici vaksin adlanan «buster» mütləq vurulmalıdır. Bu virusdan sonra orqanizm nisbətən güclənir.

Üçüncü doza ilə peyvəndlənmənin əhəmiyyəti nəzərə alınan ölkəmizdə bu sahədə qabaqlayıcı tədbirlər də müəyyənləşdirilir. Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən, vurdurduğu peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin «Peyvənd sertifikatı»” fevralın 15-dən etibarlı hesab edilməyəcək xəbərdarlığına bütün vətəndaşlar əməl etməlidirlər.
 Aparılan tədqiqatların nəticələrinə görə, «Omicron»a qarşı iki doza vaksin 25 faiz qoruma gücünə malikdirsə, üçüncü dozadan sonra qoruma 70 faizə çatır. Dünyada «Omicron» ştammının yayılma sürəti bu günədək təsadüf edilməyən səviyyədə, daha yüksək rəqəmlərlə ifadə olunur. Pandemiyanın yoluxma sayındakı rekord artım insanları daha diqqətli olmağa çağırır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə əsasən, son bir həftə ərzində dünyada koronavirus infeksiyasına yoluxma artıb, 50 minə yaxın insan koronavirusdan ölüb. Rusiyada hətta uşaqlar arasında da yoluxma sayı kəskin çoxalıb. 2 həftə əvvəl Moskvada COVID-19-a yoluxan uşaqların sayı 2 min idisə, indi bu rəqəm 28 mini ötüb. Yəni, 2 həftə ərzində uşaqlar arasında yoluxma sayı 14 dəfə artıb. Sutka ərzində Fransa və Amerika Birləşmiş Ştatlarında isə 500 000-dən çox yoluxma faktı qeydə alınıb. Avropa ölkələrində də «Omicron» ştammı sürətlə yayılmaqda davam edir. Pandemiyanın sürətli yayımı ölkəmizdə də hiss olunur. Respublikamızda «Omicron»a yoluxanların sayının 3 mini ötməsi həyəcan təbilinin çalınması üçün ciddi əsaslar yaranır.

Əvvəlki əlamətlərinə yeni dəyişikliklər «daxil etməklə» yayılma sürətini də artıran yeni ştammın yoluxduruculuq qabiliyyəti də güclüdür. Hələ ki qarşısında «yaşıl işıq» yanan «Omicron»a yoluxmalarda artımın müşahidə ediləcəyi, yay aylarında nisbətən səngiyəcəyi ehtimalı da vardır. Buna görə də əvvəl olduğu kimi, insanlar biri-biri ilə təmasdan, kütləvi yığıncaqlardan çəkinməlidirlər.

Bu müddətdə riskli yaş qrupuna daxil olanlar, əlavə xəstəliklərdən əziyyət çəkənlər daha diqqətli olmalıdırlar. Bu ərəfə də məktəblərdə, bağçalarda, ailələrdə uşaqlara qarşı daha diqqətli olmaq lazımdır. Çünki bu ştammın uşaqlar arasında yoluxma ehtimalı yüksəkdir.

Hazırda isə koronavirusun yeni ştammı olan «Omicron»dan qorunmaq üçün ən effektli üsul vaksinasiyadır. İnsanlar artıq «Buster» (3-cü doza) doza vaksinasiya cəlb olunublar. «Buster»” doza qüvvətləndirici doza deməkdir. COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 5 ay sonra orqanizmdən asılı olaraq bu virusa qarşı müqavimət azaldığı üçün «atalar üçdən deyib» müdrik kəlamının hikmətinə sığınaraq biz də üçüncü addımı ataq. Orqanizmin koronavirus infeksiyasına qarşı immunitetini yenidən artırmaq üçün «Buster» doza”nın vurulması tövsiyə olunur. İctimai nəqliyyatda, məişət obyektlərində, şadlıq saraylarında mütəmadi keçirilən reydlərdə də məqsəd virusun yayılmasının qarşısını almaqdır. Ancaq bütün hallarda əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Hər kəsin özünü, ətrafındakıları qoruması bütünlükdə virusa qarşı mübarizənin əsas amilidir.

Xuraman İsmayılqızı, «İki sahil»