29 yanvar 2022 00:57
807

Sənaye parkları Qarabağın dirçəlişində mühüm rol oynayacaq

Qırx dörd günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, bölgədə dayanıqlı sosial və iqtisadi inkişafın təmin edilməsi hökumətin ən mühüm hədəflərindən biridir.  Qarabağa Böyük Qayıdışın təmin edilməsi üçün ölkə rəhbərliyi tərəfindən kompleks fəaliyyət planlarının hazırlanması ilə bərabər, artıq bu istiqamətdə mühüm addımlar atılır. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, ölkə iqtisadiyyatına inteqrasiyası, burada dayanıqlı və tarazlı inkişafın təmin olunması, yüksək standartlara cavab verən sosial rifaha nail olunması məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı İnkişafı Dövlət Proqramı”nın layihəsi hazırlanıb. 

İşğaldan azad olunmuş ərazilərdə aqrar emal müəssisələrinin yaradılması həm ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, həm də bu ərazilərdə məşğulluğun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Artıq ötən ilin iyununda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsi həyata keçirilib.  2021-ci ildə azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin olunması istiqamətində atılan ən mühüm addımlardan biri Zəngilan və Füzuli rayonları ərazisində “ağıllı kənd”lərin inşası olub. Hazırda Zəngilan rayonunun Ağalı kəndində ilk “ağıllı kənd”in inşası başa çatmaq üzrədir.  Yeri gəlmişkən, bu “ağıllı kənd” azad olunmuş ərazilərə qayıdışın ilk məntəqəsi olacaq. Bundan başqa, Füzuli rayonunun Dövlətyarlı kəndində  bu layihə çərçivəsində tikinti işlərinə hazırlıq gedir.

Xüsusilə qeyd edilməlidir ki, Qarabağın dirçəlişində sənayeləşmə mühüm əhəmiyyət kəsb edir.  Belə ki, işğaldan azad edilmiş ərazilərimizdə sənaye parklarının yaradılması və bu parklara investisiya cəlb olunması bölgənin resurslarından və iqtisadi imkanlarından yararlanmaqla Qarabağın ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlverişli şərait yaradacaq. Bu baxımdan Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılmasının, həmçinin cari il mayın 28-də dövlət başçısının Ağdam Sənaye Parkının təməlini qoyması xüsusilə qeyd edilməlidir. Bu sənaye parklarında yaradılacaq aqrar emal müəssisələri bölgədə kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərəcək. Bu baxımdan Ağdam Sənaye Parkı investorların cəlb edilməsi, yeni iş yerlərinin açılması, bölgədə iqtisadi gücün yenidən bərqərar olması, müasir çağırışlar nəzərə alınmaqla sənayenin modernləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ağdam Sənaye Parkının yaradılması ilə sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanlar formalaşır. Bununla yanaşı, sosial təminatı dəstəkləyəcək infrastrukturun qurulması istiqamətində də işlər aparılır. Sənaye Parkının ərazisində subartezian quyusu qazılıb ki, bu da ərazinin suya olan tələbatının ödənilməsinə imkan verəcək. Həmçinin əraziyə çəkilən 10 kV-luq elektrik xətti və quraşdırılan 630 kV-luq komplekt transformator məntəqəsi enerji təminatının yaxşılaşdırılmasına şərait yaradacaq. Enerji resurslarından daha səmərəli istifadə olunması üçün Sənaye Parkının işıqlandırılmasında günəş panelləri tətbiq edilir.

Bundan Cəbrayıl rayonu ərazisində, 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlinin qoyulması, yeni iş yerlərinin açılmasına və bu zonada yaşayacaq vətəndaşların rifah halının yaxşılaşdırmasına xidmət edəcək.  İqtisadi zona Zəngəzur dəhlizi və Naxçıvan üzərindən Türkiyə və Yaxın Şərqə, Aralıq dənizi hövzəsinə çıxmaq imkanına da malikdir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması məşğulluq baxımından da əhəmiyyət kəsb edir.

Bu parkda, həmçinin “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyulub. Regional servis mərkəzində “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Gələcəkdə Sənaye Parkında logistika və anbar komplekslərinin, topdan və pərakəndə satış obyektlərinin, müxtəlif istehsal və xidmət müəssisələrinin də yaradılması nəzərdə tutulur. Bu Sənaye parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcək ki, onlara da böyük güzəştlər, o cümlədən vergi güzəştləri veriləcək.

Zahid Rza, “İki sahil”