Sən demə, dirijor çubuğu insan ölümünə səbəb ola bilər. Misal üçün, 1632-1687-ci illərdə yaşamış fransalı bəstəkar Jan Batist Lülinin ölümünə məhz direjor çubuğu səbəb olub.
Hər insanın özünəməxsus qəribəlikləri var. Kiminsə şokoladdan asılılığı var, kimsə siçandan qorxur. Amma dünya kinosunun əfsanəsi sayılan fransalı aktrisa Sara Bernarın banklara etibar etmirdi. O, nədənsə bankda işləyən insanlara etibar etmirdi.
Deyirlər ki, maşın sürmək qadın işi deyil. Lakin çox maraqlıdır ki, sürücülük üzrə stajla bağlı ilk rekord məhz qadına məxsusdur. Qeyd edək ki, Qleyds Fleymer — 90 il sürücülük stajı olan qadın sürücüdür.
Dünyanın ən uzunömürlü sakini kimi Janna Luiza Kalman tanınıb. Onun sənədlərinə əsasən məlum olub ki, bu xanım nə az, nə çox 122 il 64 gün yaşayıb.
”Yağış adamı” filmində rol alan aktyor Dastin Hofman filmdə kazino səhnələrində olan fasilələr zamanı qumar oyunlarına qoşulurmuş. Buna görə də filmin prodüseri ona nəzarət etməsi üçün xüsusi adam təyin etmişdi.
Heç bilirdinizmi ki, məşhur rəssam Pablo Pikassoya valideynləri qəribə ad qoyublar. Belə ki, Pikassonun tam adı Pablo Diyeqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Kipriano de la Santisima Trinidad Martir Patrisio Ruis i Pikasso olub. Adından bəzən utanan rəssam bir az sonra valideynlərinin ona qoyduğu adı qısaldaraq sadəcə Pablo Pikasso olur.
Maraqlı faktlardan biri də odur ki, il ərzində istehsal olunan filmlərin sayına görə rekordları qıran ölkə Hindistandır. Hindistan kino istehsalına görə dünya lideri hesab olunur. O, Yaponiya, Fransa, hətta ABŞ-ı arxada qoyaraq ilk pillədə yer alır. 90-cı illərdə hind kinematoqrafçıları tərəfindən ildə 900-dən çox film çəkilib. Son illər ərzində bu göstəricilər bir qədər azalsa da( il ərzində 700 filmə yaxın), Hindistan kinematoqrafiyası yenə də liderliyini qoruyub saxlamaqdadır. Qeyd etmək lazımdır ki, burada yaşayan kasıb əhalinin əksəriyyəti televizor ala bilmədiyinə görə filmləri kinoteatrlarda ucuz qiymətə ala bildikləri biletlərin sayəsində izləyə bilirlər.
Statistika göstərir ki, Avropada valideynlərin orta yaş göstəricisi 29-dur. MDB ölkələrində isə uşaq sahibi olan insanların orta yaşı 20 yaşdır. Lakin dünyanın ən gənc valideynləri Çində qeydə alınıb.
Dünyanın ən kiçik təyyarəsi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil olan 1988-ci ildə istehsal edilən "Bumble Bee"nin uzunluğu cəmi 2,5 metr, qanadları isə 1,6 metr idi. Qeyd edək ki, bu təyyarənin yaradıcısı olan Robert H. Starr ilk uçuşunda onu qəzaya uğratmışdı.
2019-cu ildə ABŞ-ın “DJI” şirkətinin təqdim etdiyi “Mavic Mini” adlı yeni pilotsuz təyyarə ovucun içinə yerləşir. Cihazın çəkisi yüngül olduğu üçün ABŞ Federal Aviasiya Administrasiyasında (FAA) qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.
Bu pilotsuz təyyarənin çəkisi 249 qr-dır. 250 qram və daha çox ağırlığı olan cihazların FAA qeydiyyatı tələb olunduğu üçün şirkət hazırladığı dronun çəkisini mümkün qədər azaldıb. Pilotsuz təyyarənin maksimal uçuş müddəti 30 dəqiqədir, qiyməti təxminən 495 dollar təşkil edir.
“Mavic Mini” pilotsuz təyyarəsi 2.7K təsvir ölçülü kamera ilə təchiz edilib. Bu, “Mavic Air” və “Mavic Pro” modellərinə quraşdırılmış 4K kamerası ilə müqayisədə bir qədər aşağı göstəricidir.
Bu pilotsuz təyyarə 2019-ci ilin oktyabrında satışa çıxarılıb.
Albert Enşteyn 14 mart 1879-ci ildə Almaniyanın Ulm şəhərində anadan olub. Deyilənlərə görə, Enşteyn əslində məktəbdə çox da yaxşı oxumurdu. Bəzi müəllimlər qeyd edirdilər ki, onun dərsləri çatdırmaması qabiliyyətlərinin olmamasından deyildi, sadə təvazökarlığından idi. Yalnız 12 yaşı olarkən Enşteyn riyaziyyat ilə maraqlanmağa başlayıb.
Enşteyn ilə bağlı digər maraqlı faktlardan biri də o, olub ki, faşizmə etiraz əlaməti olaraq bu dahi insan Almaniya vətəndaşlığından imtina edib.18 aprel 1955-ci ildə vəfat edən Eynşteyn vəfatından qabaq təmtəraqsız dəfn edilməsini vəsiyyət etmişdir və 19 aprel tarixində elan edilmədən 12 ən yaxın dostlarının iştirakı ilə dəfn edilib.
“Rokki 4” filminin çəkilişində Silvestr Stallone ilə rus boksçusu İvan Draqonu canlandıran Dolf Lundqrenin rinqdə döyüş səhnəsi həqiqətən baş verib. Bu səhnədə başından ciddi xəsarət alan Stollone xəstəxanaya yerləşdirilib.
Heç bilirdinizmi ki, kitab oğrularına bileokliptoman deyirlər. Dünyada ən məşhur kitab oğrusu kimi tanınan Stiven Blumberqdir. Kitablara qarşı olan böyük sevgisinə görə,o, oğurluğa əl atır. Stiven 268 müxtəlif kitabxanadan 23 minə yaxın kitablar oğurlayır.Həmin kitablardan Stiven çox böyük bir kolleksiya yaratmışdı. Bu kolleksiyanın dəyəri təxminən 20 milyon dollardır. Çox maraqlı faktlardan biri də odur ki, Blumberq oğurladığı kitabları ventilyasiya və ya lift şaxtası yolu ilə kitabxanadan çıxarırdı.
ABŞ-ın 26-cı prezidenti Teodor Ruzvelt 27 oktyabr 1858-ci ildə Nyu-York şəhərində anadan olub. Teodor Ruzvelt ilk prezident idi ki, Ağ Evə qaradərilərin nümayəndəsini dəvət edib.
Kinematoqrafiya tarixində ən çox şərh olunan uydurma personaj – Qraf Drakuladır. Bu vampir haqda indiyədək 72 film çəkilib. İkinci yerdə londonlu xəfiyyə Şerlok Holmsdur. Onun haqqında 66 film çəkilib. Tarzan obrazı isə 3-cü pillədədir. Bu personaj haqqında 60 film lentə alınıb.
ABŞ prezidenti Avraam Linkoln isə Respublikaçılar Partiyasını yaradıb. Ən əsasıda odur ki, ABŞ-da quldarlığın ləğvi onun adı ilə bağlıdır.
Dünyanın ən qədim bankı İtaliyanın Sienna şəhərində yerləşir. 1472-ci ildə açılmış bu bank hələ də ölkədə öz liderliyini qoruyub saxlayıb. İtaliyanın 4,5 milyon sakini bu bankın müştərisidir.
Tədqiqatlar göstərir ki, saçlar nə qədər qısa olarsa, onlar uzanmağa daha çox meyilli olurlar. Qısa saçlar bir ay ərzində 1sm, uzun saçlar isə cəmi 5 mm uzana bilirlər.
Samirə Tağıyeva, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər