03 fevral 2022 18:30
709

Alimlər okeanlarda həddindən artıq “istilik dalğaları” yaranması təhlükəsindən danışırlar

Monterey körfəzində alimlərin araşdırmasına görə, 2014-cü ildən bəri dünya okeanlarının yarısından çoxunda həddindən artıq yüksək temperatur müşahidə olunub, 2019-cu ildə okean səthinin 57%-də “istilik dalğaları”yaranıb. “PLOS Climate” jurnalında amerikalı alimlərin son 150 ildə okean səthinin temperaturu ilə bağlı məlumatlarının təhlili dərc edilib.

"Dünya okeanının 50%-dən çoxunun ekstremal temperaturlara məruz qaldığı ilk il 2014-cü il olub. Bu tendensiya sonrakı illərdə də davam edib və 2019-cu ildə okeanın 57%-nə (səth sahəsi) çatıb.

Məqalədə qeyd edildiyi kimi, 2014-cü il okeanın vəziyyəti üçün “geri dönüşü olmayan nöqtə” kimi tanınmalıdır. Üstəlik, "istilik dalğaları" 1998-ci ildə Cənubi Atlantika, 2007-ci ildə isə Hind okeanı üçün normaya çevrildi. Ən böyük artım, keçən əsrlə müqayisədə 5,3 dəfə, Arktikada “istilik dalğalarına” məruz qalan okean səthinin artması olub.

Məqalə müəllifləri qeyd edirlər ki, okeandakı “istilik dalğaları” onun ekosisteminə təsir edəcək.

 Adətən, qəbul edilir ki, istiləşmə və onun planet üçün nəticələri gələcək hadisələrdir, lakin tədqiqatın nəticələrinə görə, bu, artıq günümüzün məsələsidir.

Nubar Süleymanova, “İki sahil”