04 fevral 2022 18:30
2308

Müxtəlif şirniyyat növləri necə yaranıb? - FOTO

“Konfet” sözü latın dilindən “bişirilmiş eleksir” kimi tərcümə olunurdu. 16-cı əsrdə şəkərli konfetlər dərman kimi yalnız apteklərdə satılırdı.

Çox maraqlıdır ki, 19-cu əsrdə ən yüksək vəzifəli  insanlar yalnız  xüsusi məclislərdə  şirniyyat hazırladırdılar. Bu onunla izah edilirdi ki, məsələn, Rusiyada o vaxtlar şirniyyat sexləri yox idi və hər bir şirniyyatçı öz resepti ilə şirniyyat hazırlayırdı və öz reseptini gizli saxlayaraq onu gənc nəslə ölümündən sonra bir miras  olaraq ötürürdü.

Marmelad şəkər tozunda bişirilən  və meyvələrdən ibarət olan bir şirniyyat növü olur. Onun hazırlanması üçün  qatılaşdırıcı kimi pektin, aqar-aqar, jelatindən istifadə edirlər. İngilisdilli ölkələrdə “marmalade” sitrus meyvələrinin (əsasən portağal) bişməsi kimi tanınmaqdadır. Marmelad sözünün kökü tarixi fransız sözü olan” marmalade” dan gəlir. Mənası “heyvadan hazırlanmış mürəbbə” kimi tərcümə olunurdu. Böyük Britaniyada olan bu cür qatı portağallı mürəbbələr məşhurdur. Belə ki, bu cür məhsullara olan maraq məhs buradan gəlir. Almancadan tərcümədə isə “povidlo” və ya “mürəbbə” mənasını verir. Avropalıların bu məhsullar ilə tanışlığı Asiyaya səlib yürüşləri zamanı olmuşdur. Əslində marmeladın vətəni Yaxın Şərq və Şərqi Aralıq dənizi sahili ölkələri sayılır. Meyvələri uzun müddət saxlamaq üçün onları qatılaşana kimi qaynadırdılar . Bunu da qeyd edək ki, marmeladın tərkibində olan  pektin insan orqanizmi üçün çox faydalıdır. Pektin qanda ziyanlı  xolesterolun miqdarını azaldır, dəriyə müsbət  təsir edir.

Şokoladın vətəni Mərkəzi və Cənubi Amerika sayılır. Əslində «şokolad» sözünün bir neçə mənası var idi. Aztek dilindən o , «acı su» , yunan dilindən isə «Allahların qidası» kimi tərcümə edilirdi. 1480-ci ildən etibarən şokolad Avropada tanınmağa başlayır. Onu İspaniyaya alim olan rahib Bensoni gətirmişdi. Uzun zamanlar bu sevimli təamın hazırlanmasında Fransa lider ölkə hesab edilirdi. Uzun zaman bu məhsulu yalnız yüksək təbəqədən olan insanlar istifadə edə bilirdi. Çünki onun istehsalı çətin, inqrediyentləri isə baha idi.

Həm uşaqlar, həm də böyüklər tərəfindən sevilən dondurmanın da maraqlı yaranma tarixçəsi var imiş. Onun ilk dəfə Şərqdə yarandığı ehtimal olunur.  Sən demə,  tanınmış səyahətçi Marko Polonun dondurmadan o qədər xoşu gəlir ki, o, dondurmanın reseptini özü ilə İtaliyaya aparır. Oradan da dondurma Fransada  kübar adamların yemək rasionunda özünə yer tutur. Onlar dondurmanın reseptini sadə insanlardan gizlədir, geniş yayılmasını istəmirdilər. Amma bir müddətdən sonra sirlər açılır. Dondurmanın resepti Amerikaya qədər gedib çıxır.

Qeyd edək ki, ilk dondurma zavodu 1851-ci ildə ABŞ-ın Baltimor şəhərində fəaliyyətə başlayıb. Dondurma qaymaq, süd, süd məmulatları qarışığından hazırlanır. Ona hərdən yumurta da qatılır. Dadlı olması üçün vanil, şokolad, fındıq və başqa dadlı meyvələr əlavə edirlər.

Son zamanlar sevilən şirniyyatladan biri də çizkeykdir. Çizkeyk (cheesecake) ingilis dilindən tərcümədə “pendir tortu” deməkdir. Harada və necə yaranması haqqında mülahizələr müxtəlifdir. Çizkeykə ən qədim istinad qədim Yunan və Roma mənbələrinə gedib çıxır.  Deyilənlərə görə, Olimpiya Oyunlarında qalib gələn idmançılara  hədiyyə olaraq məhz çizkeyk verilirdi. 

Bir çox millətlər qədim Roma reseptini təkmilləşdirərək, onun reseptinə yeni  inqrediyentlər əlavə ediblər. Məsələn, italyanlar çizkeyk hazırlamaq üçün rikotta pendirindən, almanlar və polyaklar isə kəsmikdən istifadə edirlər.

Heç bilirdinizmi ki,  Yaponiyada tələbələr imtahanlara girərkən  talisman kimi özləri ilə Kit Kat şokoladlarını aparırlar. Əslində bu maraqlı  ənənə "Kit Kat" sözünün yapon sözü "Kitto Katsu" ("sən mütləq qalib olacaqsan") kəlməsi ilə bağlı olması ilə əlaqədardı.

İlk şokolad konfetinin adı  paraline olub. Bu şokolad  ilk dəfə bir aşpaz tərəfindən xarici səfir üçün hazırlanmışdır və hazırda İsveçrə və Almaniyada ən məşhur  şirniyyatlardan biridir.

Tünd şokolad və yaxud acı  şokolad kimi tanıdığımız , tərkibində kakao miqdarı çok olan şokolad növü ən faydalı qidalardan hesab edilir. Hər gün  az miqdarda tünd şokolad qəbulu dərini günəşin zərərindən qoruyaraq onun vaxtından əvvəl qocalmasının qarşısını alır. Eyni zamanda, tünd şokolad  qan dövranını yaxşılaşdıraraq laxtalanma riskini azaldır. İngilis alimləri, həmçinin sübut ediblər ki, tünd şokolad yemək vaxtından əvvəl qocalmanın qarşısını alır və o, pəhriz saxlayan insanların menyusunda mütləq olmalıdır. Gündəlik norma olaraq 100 qram tünd şokolad aclığı təmin edə və iştahı azalda bilər. Əlavə edək ki, tünd  şokolad, eyni zamanda,  antioksidantlarla zəngindir. Hətta bəzi araşdırmalar bu növ şokoladın tərkibindəki antioksidantların meyvə və tərəvəzin tərkibindəki miqdardan çox olduğunu göstərir. Antioksidantlar insanı xərçəng, ürək-damar, Alzheimer xəstəliyi kimi bir çox ciddi təhlükələrdən qoruyur.

Tərkibində qəhvə olan şirniyyat növləri  zehni və fiziki fəaliyyəti artırır, həmçinin yorğunluğu və yuxusuzluğu  azaldır.

Tort bütün dünya xalqlarının mətbəxində geniş yayılan un məmulatı və şirniyyat növüdür. Böyük əksəriyyət tərəfindən sevilən bu şirniyyat növü adətən ailələrdə mühüm əlamətdar günlərdə süfrələri  bəzəyir.

İlk tort qədim Misirlilərin dövründə  yaranmışdı. O, indiki tortlar kimi bol və fərqli tərkibli deyildi. Undan adi xəmir düzəldilirdi. Bal ilə şirinləşdirilirdi. misirlilər tortun içinə quru meyvələr də əlavə edirdilər. Onlar özlərinə yeni firon seçəndə onun üçün tort hazırlayırdılar. Çünki firon onların Allahı idi və beləliklə də onlar allahlarının doğumunu qeyd etmək üçün mütləq tort hazırlayırdılar.

Qədim yunan xalqı da eyni ənənəni davam etdirir. Onlar Ay Allahı Artemis üçün yumru tort bişirirdilər. Üzərinə isə şam qoyurdular. Şamlar ayın parıltısını təcəssüm edirdi. Onlar  şamın tüstüsünün duaları Allaha tez çatdırdığını düşünürdülər.

Daha sonra XVII əsrdən etibarən Avropada daha fərqli növdə tortlar hazırlanmağa başlandı. İlk dəfə Fransada geniş reseptlər yayıldı.

Almanlar da  ad günlərində,  uşaq bayramlarında tort hazırlamağa başladılar.  Daha öncələr tort üçün istifadə edilən məhsullar baha idi. Ona görə də ancaq varlı ailələr tort almağa qadir idilər. Zaman keçdikcə rəqabət artdı, daha uyğun variantlar çıxdı. Beləliklə, tort bir çox məclislərin  sevimli desertinə çevrildi.

Samirə Tağıyeva, “İki sahil”