İspaniyada şok hadisə baş verib. Üç həkim tərəfindən müayinə olunduqdan sonra “ölü” olduğu müəyyən edilən adam yarılmadan saatlar əvvəl oyanıb.
İspaniyada həbsxana rəsmiləri üç ayrı həkim tərəfindən ölü elan edilən məhbusun, morqda yarılmadan əvvəl oyanmasına təəccübləniblər. O vaxt 29 yaşında olan Qonzalo Montoya Ximenez 7 yanvar 2018-ci ildə səhər yoxlanışında öz kamerasında hərəkətsiz vəziyyətdə tapılıb. Daha sonra cəsəd torbasında xəstəxananın morquna aparılıb. Lakin bir müddət sonra morq işçiləri torbadan qəribə xorultu səsi eşidiblər.
İspaniyanın şimal-qərbindəki Asturias həbsxanasında quldurluğa görə həbs olunan Ximenez kamerasında huşsuz vəziyyətdə tapıldıqdan sonra növbətçi iki həkim tərəfindən müayinə olunub. Həkimlər onun öldüyünü bildiriblər. Bir saat sonra xəstəxanadan gələn digər həkim də cəsədi yoxladıqdan sonra məhkumun ölümü barədə qərar verib. Lakin sonra morqdakı həkimlər nəyinsə səhv olduğunu anlayıblar.
Cəsəd torbasından gələn səs
Ədliyyə həkimləri torbadan gələn səsləri eşidib. Onlar məhbusun ölmədiyini anlayıblar. Müəmmalı hadisədən sonra Ximenez təcili yardım maşını ilə başqa bir xəstaxanaya aparılıb və sonda vəziyyətinin stabil olduğu bildirilib.
İspaniya Penitensiar Xidmətinin sözcüsü mətbuata verdiyi açıqlamada “Burada baş verənləri şərh edə bilmərəm, lakin üç həkim klinik ölüm əlamətləri görüblər və ona görə nəticə hələ bəlli deyil.”
Siyanoz əlamətləri olub
Ximenezin “ölü” tapılmasından bir gün əvvəl o, özünü pis hiss etməkdən şikayətlənib və onun bu vəziyyətə nə üçün düşdüyü bilinməsə də, səlahiyyətli şəxslər məhbusun bədənində siyanoz əlamətlərinin olduğunu söyləyib.
Qeyd edək ki, siyanoz qan dövranının zəifləməsi və ya qeyri-kafi qan dövranı səbəbindən dərinin bənövşəyi rəngə çevrilməsi kimi müəyyən edilən xəstəlikdir. Epilepsiyadan əziyyət çəkən məhbus bu vəziyyətə görə dərman qəbul etsə də, onun bu hala düşməsinin səbəbi aydın deyil.
Xəstəxanada məhbusun özünə gəlməsi və danışmağa başlaması 24 saat çəkib və həkimlər bunun yaxşı əlamət olduğunu deyiblər.
Vüsal Cahanov, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər