08 fevral 2022 16:30
5439

Pakistan haqqında bunları bilirdinizmi? - FOTO

Asiyada yerləşən Pakistan İslam Respublikası 225 milyon əhalisi ilə dünyanın beşincisi, ərazisinə görə isə dünyanın 33-cü ən böyük ölkəsidir. Ölkə, eyni zamanda bir çox qədim yerləri ilə də tanınır. Turistlərin az getdiyi ölkələrdən olan Pakistanla bağlı bilinənlər də bu mənada məhduddur. Gəlin birlikdə bu Asiya ölkəsi ilə bağlı maraqlı məlumatlara nəzər salaq.

Pakistan əhalisinin 96,4%-i müsəlman, qalanları isə hindu və xristiandır. Bu ölkə  həm də dünyada internetdən ən çox istifadə edən 27-ci ölkədir. Əhalinin təxminən 18 faizi internetdən istifadə edir.

Pakistanın ən böyük şəhəri olan Kəraçi ölkənin maliyyə mərkəzi kimi tanınır və təxminən burada 18 milyon insan yaşayır. Şəhər həm də mühüm limana sahibdir. Son beş ildə Pakistanın savadlılıq səviyyəsi 250% çoxalıb ki, bu da indiyə qədər digər ölkələr  arasındakı ən böyük artımdır.

Pakistandakı Feysəl məscidi dünyanın ən böyük məscidlərindən biridir. Məscid eyni vaxtda 100 min insanın namaz qılması üçün nəzərdə tutulub. Məscidin adını Səudiyyə Ərəbistanı kralı Feysəlin şərəfinə veriblər. Məlum olduğu kimi Kral Feysəl 1976-cı ildə məscidin tikintisi üçün 120 milyon dollar qrant ayırıb.

Pakistan həm də dünyanın ikinci ən hündür dağı, 8611 metr hündürlüyü olan K2 dağına da sahibdir. Dünyanın ikinci ən hündür dağı olmasına baxmayaraq, K2 çətinliyinə görə birinci yerdədir. Bu sıldırım dağa çıxan hər dörd alpinistdən birinin həyatını itirdiyi məlumdur. Dünyanın ən hündür asfalt yolu burada yerləşir. Nəzərinizə çatdıraq ki, Çin və Pakistanı birləşdirən Karakurum yolunun hündürlüyü 4690 metrdir. Uzunluğu 1200 km olan bu yol həm də məşhur İpək Yolunun bir hissəsini təşkil edir.  Dağlar gözəl olduğundan idmançılar da bu yoldan tez-tez istifadə edir.

Kəraçi şəhərində yerləşən bir ticarət mərkəzinə bazar günləri subay kişilərin girməsinə icazə verilmir. Özü də bilmədən bura gələnləri mühafizəçilər qapıdan geri qaytarırlar. Kəraçi hər kəs üçün mükəmməl alış-veriş yeridir. 340 min kvadratmetr sahədə inşa edilən ticarət mərkəzi Cənubi Asiyanın ən böyük ticarət mərkəzidir.

2016-cı ildə Pakistan Milli Bankı texniki bacarıqlarını nümayiş etdirmək üçün dəniz səviyyəsindən 4693 metr yüksəklikdə bankomat quraşdırıb. Bu həm də dünyanın ən yüksəklikdə yerləşən bankomatıdır. Günəş panelləri ilə işləyən bankomatdan xüsusilə Çin-Pakistan sərhədindəki ordu personalı tərəfindən istifadə edilir. Bankomatın hər zaman problemsiz istifadə olunması üçün ərazidə çalışan insanlar da var.

Dünyanın ikinci ən böyük duz mədəni burada yerləşir. Pakistanın Khevra mədənləri hər il 325 min ton duz istehsal edir. Belə bir rəvayət var ki, bu yer təsadüfən İsgəndərin ordusu tərəfindən tapılıb. Əsgərlər atlarına istirahət verərkən onların duz yaladığını görüb buranı kəşf edirlər. Bu yolla duz mədəni hamı tərəfindən tanınır.

Vüsal Cahanov, “İki sahil”