Tarixə qısa ekskurs etsək görərik ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı da məhz bu təcavüzkar siyasətin ən qanlı səhifəsidir.
Xocalı dəhşətlərini sözlə təsəvvür etmək qeyri-mümkündür. Həmin vaxt çəkilmiş fotolar sanki dil açıb danışır, şahid ifadələri tük ürpədir. Sözsüz ki, bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.
Onu da qeyd edək ki, Xocalı qətliamı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır. Bu istiqamətdə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Faciəyə ilk dəfə hüquqi-siyasi qiymət də məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçi-şovinistlərinin yüzillər ərzində Azərbaycan xalqına qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib. Ölkəmizin başçısı hər il bu dəhşətli faciənin qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyur, onların xatirəsini ehtiramla yad edir. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məqsəd Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Təsadüfi deyil ki, ABŞ-ın 25-dən çox ştatı, Pakistan, Macarıstan, Ruminya, Meksika kimi başqa dövlətlərin parlamentlərində Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin, dünyada möhkəmlənən nüfuzunun göstəricisidir.
Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək idi. Lakin bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. Bunun nəticəsi olaraq Qarabağ düşmən tapdağından xilas olundu. Bununla da qüdrətli Azərbaycan əsgəri işğalçıların ordusunu darmadağın edərək, bütün şəhidlərimizin qisasını aldı. Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla yanaşı, Xocalı soyqırımını törədənlərin – sarkisyanların, koçaryanların, balayanların və əlləri günahsız azərbaycanlıların – uşaqların, qadınların, qocaların qanına batmış digər cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verəcəklərini inamı daha da artırdı. Prezidentimizin qətiyyəti, hadisələrin gedişi göstərir ki, o gün çox da uzaqda deyil.
Mənsumə Babayeva, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib