Mustafa Kamal Atatürk
Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk məişət əşyalarının dağınıq və səliqəsiz düzülməsindən vahimələnirdi. Hətta prezident olduqdan sonra belə Atatürk prezident sarayında və qonaq olduğu məkanlarda əyri duran əşyaları düzəldərək, səliqə yaradır və yalnız bundan sonra rahatlıq tapırdı.
Adolf Hitler
Dünyaya sahib olmaq istəyən Adolf Hitler İkinci Dünya müharibəsinə başlayanda özünü ən güclü siyasətçi saysa da, onun da qorxu hissi, fobiyası olub. Dünyanın ən güclü sərkərdələrindən qorxmayan Hitler diş həkimlərindən çəkinib. Onun ağız boşluğunda kifayət qədər problemlər olsa da, o, heç vaxt diş həkiminə müraciət etməyib. Deyilənlərə görə, ağzında bir çox çürük dişlərlə gəzən Hitlerin ağzından dəhşətli qoxu gəlib.
İosif Stalin
30 il ərzində milyonlarla insanı qorxu içində saxlayan İosif Stalinin də fobiyaları olub. Stalin yüksəklikdən və əsasən də təyyarə uçuşlarından qorxub. Sözsüz ki, bu da onun fəaliyyətinə kifayət qədər problemlər yaradıb. Uzaq səfərləri zamanı 2-3 saata qət ediləcək məsafələri Stalin bir neçə günə qatarla gedib. O, yalnız Tehran konfransı zamanı bir dəfə təyyarəyə minib, Bakıya qədər qatarla, Bakıdan Tehrana isə təyyarə ilə uçub. Uçduğu təyyarə isə SSRİ-nin deyil, ABŞ-ın istehsalı olan “Duqlas S-47” təyyarəsi olub.
Nikola Tesla
Tarixdə iz qoyan məşhur alim Nikola Tesla isə hermafobiyadan əziyyət çəkib. Alim mikrobdan, insanlara və əşyalara toxunmaqdan ehtiyat edirdi. O, tez-tez əllərini yuyurdu. Serb mənşəli fizikin həm də zinət əşyalarına qarşı fobiyası var idi. Xüsusən mirvari sırğalar Teslanın ən böyük fobiyası idi.
Napoleon Bonapart
Fransa imperatoru Napoleon Bonopart isə eyni vaxtda bir neçə fobiyadan əziyyət çəkib. Məsələn, imperator pişiklərdən və ağ atlardan qorxurdu. Onlarla qarşılaşanda imperator qısa müddətdə panikaya düşürdü. Bir çox tarixi portretlərdə ağ atın üstündə təsvir edilən imperator real həyatda ağ atlara heç yaxın getmirdi.
Riçard Nikson
ABŞ-ın 37-ci prezidenti Riçard Nikson da nozokomefobiyadan əziyyət çəkirdi. Xəstəxanalara qarşı fobiyası olan prezident qorxurdu ki, xəstəxanaya düşdükdən sonra heç zaman oranı tərk edə bilməyəcək. Yalnız həyati təhlükəsi olan zaman prezident xəstəxanaya getməyə məcbur olurdu.
Uinston Çörçill
Dünyanın ən tanınmış siyasətçilərindən biri sayılan, uzun illər Böyük Britaniyanın baş naziri olmuş, ingilis siyasi və dövlət xadimi Uinston Çörçillin qorxuları olub. Çox maraqlıdır ki, Çörçill kütlə qarşısında çıxış etməkdən qorxub. Hətta siyasətə gəldiyi ilk illərdə Parlament qarşısında üç dəqiqəlik çıxışı zamanı onun nitqi o qədər bərbad olub palata üzvləri Çörçilli ələ salaraq, onun hər çıxışını gülüş mənbəyinə çeviriblər. Bu hadisədən sonra Çörçill ən kiçik tədbirlərdəki çıxışlarına belə bir-iki həftə əvvəlcədən hazırlaşmağa başlayıb. Çörçill fobiyasına qalib gələrək siyasi fəaliyyətinin sonrakı illərində natiq və hazırcavab siyasətçi kimi yadda qalıb.
Franklin Ruzvelt
Amerika Birləşmiş Ştatlarının tarixində xüsusi yeri olan və dörd dəfə prezident seçilmiş Franklin Ruzvelt qorxu haqqında belə bir ifadə işlədib: “İnsanın ən çox qorxduğu şey elə qorxunun özüdür”. Həyatında ən çox Ruzvelt oddan qorxub. Bu fobiya onu ömrünün sonuna qədər müşayiət edib. Sərbəst hərəkət etmə bacarığını itirdikdən sonra isə onda bu hisslər daha da artıb. Ruzvelt heç vaxt, hətta gecələr də olduğu otağın qapısını bağlamayıb. Yanğın baş verdiyi halda qapını aça bilməmək qorxusu Ruzvelti buna məcbur edib. Bu qorxunu nəzərə alaraq prezidentin həyat yoldaşı onun iş və yataq otağına təxliyə məqsədilə ikinci qapıları qoydurub.
Maykl Cekson
Pop musiqisinin kralı Maykl Cekson da təyyarə və helikopterdən çox qorxurdu. Məsələn, Londonda konserti təşkil olunarkən Cekson təşkilatçılara onu konsert meydançasına katerdə gətirmələrini xahiş etmişdi. Maykl Cekson uçuşlarla yanaşı, avtomobil tıxaclarından da qorxurdu.
Ledi Qaqa
Qeyri-adi hərəkətləri ilə diqqətçəkən müğənni Ledi Qaqanın da özünəməxsus fobiyaları var. Müğənni balaca uşaqlardan və telefon zənglərindən qorxur. Ledi Qaqanın düşüncələrinə görə analıq qadının həyatını tamamilə dəyişir. Onun sözlərinə görə, bu addım onun karyerasına mənfi təsir göstərə bilər.
Nikol Kidman
Məşhur Hollivud aktrisası Nikol Kidman da qəribə fobiyaları olan məşhurlar siyahısına daxildir. Çox maraqlıdır ki, aktrisa kəpənəklərdən qorxur, hörümçəkləri isə əksinə çox sevir. Onun hətta müxtəlif hörümçəklərdən ibarət maraqlı kolleksiyası var.
Orlando Blum
Tanınmış aktyor Orlando Blum isə donuzlardan çox qorxur və heyvanların ətini də yemir.
Cim Kerri
Gülüş ustası və aktyor Cim Kerri paranoyadan əziyyət çəkirdi. Kameralardan qorxan aktyor hotellərdə qalarkən belə kameraları söndürməyi xahiş edirdi. Onun düşüncələrinə görə, kamera vasitəsi ilə hər kəs sanki onu izləyirdi.
Alfred Hiçkok
Tanınmış Hollivud rejissoru, qorxu filmlərinin mahir ustası Alfred Hiçkok ovofobiyadan, yəni yumurta qorxusundan əziyyət çəkirdi. Yumurtadan iyrənən rejissor ömrüboyu bir dəfə də olsun yumurtanın dadına baxmayıb. Yumurtanı xatırladan istənilən yumru formalı əşya belə Hiçkokun qorxusuna səbəb olurdu.
Merlin Monro
Dünya kinematoqrafiyasının tarixçəsinə seks simvolu kimi həkk olunan aktrisa Merilin Monro aqorofobiyadan (açıq məkan və insan kütləsindən qorxmaq) əziyyət çəkib. Qəribə səslənsə də minlərlə pərəstişkarı olan aktrisa alçaq tavanlı, kiçik otaqlardan ibarət mənzillərdə özünə rahatlıq tapırdı.
Meqan Foks
Amerikalı cazibədar aktrisa Meqan Foks kağızdan qorxur. Uşaqlığında əlini kəsmiş kağız parçası, onda sanki bir travma yaradıb. Maraqlıdır, görəsən, o, illər boyu bu qorxunun öhdəsindən necə gəlirdi?
Billi Bob Tornton
Hollivud aktyoru Billi Bob Tornton “The New York Times” qəzetinə müsahibəsində antik mebellərdən qorxduğunu bildirib. Onun sözlərinə görə, onu əsasən qorxudan bu mebellərin əsasən böyük olmasıdır. Aktyor, həmçinin qeyd edib ki, belə mebellər funksional ola bilməz.
Çak Norris
Hollivudun digər məşhur siması olan Çak Norris isə uşaqlıqdan spirtli içkilərdən çox çəkinir. O, hətta onların qoxusundan belə iyrənir. Məşhurun bu fobiyası onun çətin uşaqlığı ilə bağlıdır. Əyyaş atasından nəvaziş görməyən Çak sanki bir söz vermiş olur. O, spirtli içkilərdən imtina edərək sağlam yaşam tərzini seçərək həyatını belə davam edir.
Helen Mirren
Helen Mirrenin 74 yaşlı ingilis teatr və kino aktrisasının da qəribə fobiyası var. O, telefonlardan qorxaraq zənglərə cavab verməkdən çəkinir,hətta kiminləsə əlaqə saxlamaqdan belə yayınır.
Conni Depp
Conni Depp isə öz növbəsində klounların rənglənmiş sifətlərindən qorxur. Nədənsə yalnız klounlar deyil, tanınmaz dərəcədə rənglənmiş bütün üzlər Deppi vahimələndirir.
Eminem
Bayquşlardan qorxan tanınmış reper Eminem gecə göy üzünə baxa bilmir. Gecə bayquşla qarşılaşmaqdan qorxan məşhur bayquşla bağlı şəkilləri görməyə belə çəkinir.
Adel
Sevilən müğənni Adel qağayılardan qorxur. Buna səbəb onun 9 yaşında ikən bir qağayının hücumuna məruz qalmasıdır.
Samirə Tağıyeva, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər