19 fevral 2022 01:36
1180

Dünyanın ən qeyri-adi və qəribə içkiləri - FOTOLAR

Soğan və sarımsaqdan şirə

Sizə ilk olaraq qəribə görünsə də bu şirələr Cənubi Koreyada çox məşhurdur. Sarımsaq şirələri qara sarımsaqdan hazırlanır. Onlar polifenolların miqdarını artırır və təzə sarımsaqda tapılmayan, suda həll olunan kükürd tərkibli amin turşusu olan S-allilsistein istehsal edir. Bu, o deməkdir ki, içki heç xoş görüntüyə və dada sahib olmasa da, əslində sağlamlığınız üçün çox xeyirlidir. Əgər saç problemləriniz varsa bunu soğan şirəsi ilə birləşdirərək çox uğurlu nəticələr əldə edə bilərsiniz.

“Kwispelbier”- it pivəsi

“Kwispelbier”in it pivəsi hollandiyalı  Terri Berenden tərəfindən yaradılmışdır. Pivə xüsusi olaraq itlər üçün hazırlanmışdı və tərkibində mal əti ekstraktı var." Mən ildə bir dəfə Avstriyada ova gedirəm və itimi də özümlə götürürəm. Hər gün axşam dostlarımla birliktə eyvanda oturub, dincəlib həzzlə pivə içirik. Elə həmin an itimində həzz almasını istədiyimə görə, məhz heyvanlar üçün də yeni içki növü yaratmaq istədim" dedi   Terri Berenden. Alkoqolsuz olan bu piyvənin qiyməti 2.14 dollardır, bu da məşhur Heineken pivəsindən 4 dəfə daha bahadır.Heyvanlar üçün yaradılan bu pivə hər yerdə əsasən "ən yaxın dostunuz üçün pivə" kimi tanınıb.

 Quş yuvası

Quş yuvası içkisi  Çin mədəniyyətində çox populyardır, çünki çinlilər onu olduqca doyumlu və çox dadlı hesab edirlər.  Həmin içki  bahalıdır, hər funtu 3000 dollara satılır. Buna görə də quş yuvasından həcmi 240 ml olan bir şüşə içki 52 dollara başa gəlir.

Çin şəfaçıları inanırlar ki, bu içki  insanın immunitetini artıran rola malik ola bilər. Ona görə də hal-hazırda bu qəribə içkilər dünyada çox geniş miqyasda satılır və həqiqətən də çox məşhurdur.

Qımız

Qımız Orta Asiyada kifayət qədər tanınan bir içkidir. Qımız, həmçinin dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur. Lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim Çin və Yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, bəslədikləri heyvanların ətini yediklərini, südündən qımız düzəltdikləri qeyd olunur. Deyilənlərə görə, bu içkinin hazırlanma qaydasını sirr saxlamaq üçün onu hazırlayan qulları kor edirdilər. İtaliyalı səyyah Marko Polo öz qeydlərində türklərin qımız içdiklərini bildirirdi. Hələ qədim zamanlardan qımız bir çox xəstəliklərlə mübarizədə istifadə olunurdu. Sonralar araşdırmalar nəticəsində qımızın faydaları elmi dəlillərlə sübut edildi. 1858-ci ildə ilk dəfə qımızla müalicə edən sanatoriya Samarada fəaliyyətə başladı. Hal-hazırda qımızla müalicə mərkəz və sanatoriyaları Rusiyada, Qazaxıstanda, Qırğızıstanda, Almaniyada, ABŞ-da fəaliyyət göstərir. Qımız zülallarla, habelə a vitamini, b vitamini, c vitamini və s. vitaminlərlə zəngindir. Həmçinin qımız həzm sistemini yaxşılaşdırır, bağırsaq çöpləri ilə mübarizədə faydalı təsir göstərir. Sidikqovucu xüsusiyyətə malik olan qımız, həmçinin sinir sisteminin yaxşılaşmasında, yuxusuzluqla mübarizədə faydalıdır. Qımızın ən önəmli xüsusiyyətlərindən biri də vərəmlə mübarizədə istifadə olunmasıdır.

Qarışqa şirəsindən hazırlanan içki

Bu içki Çində inanılmaz dərəcədə məşhurdu və onun satışları ildə 100 milyon dollara qədərdir.Deyilənlərə görə, bu içkidən istifadə edən insanlar adətən uzunömürlü olurlar.Lakin Avropada nədənsə hələ də bu içkiyə rast gəlmək mümkün deyil.

“Final Fantasi” energetik içkisi

Final Fantasi kompüter oyunu “Square Enix” və “Suntori” şirkətlərinə xüsusi bir içki yaratmağa ilham verib. Məşhur oyunun adı olan bu içki 2006-cı ildə məhdud sayda satışa çıxarılmışdı və onun dadı sevilən Red Bull içkisinə bənzəyirdi.

Kərtənkələlərdən hazırlanan düyü şərabı

Bu qeyri-adi içki Çinin və Vyetnamın kəndlərində çox sevilir. Lakin Avropada yaşayan insanların əksəriyyəti bu içkinin varlığından xəbərsizdilər.Bu şərabın hazırlanma qaydasına görə  kərtənkələlər diri olarkən içkiyə əlavə olunurlar. Yerli əhalinin düşüncəsinə görə, bu içki görmə qabiliyyətini və insanın enerjisini bərpa edir. Cəsarətli Amerikalı jurnalist Suzan Donahyu bu içkinin dadını suşinin dadı ilə müqayisə edirdi.

İnuit şərabı

Bu şərab növü ölü qağayılardan hazırlanır. Deyirlər bu içki astma xəstəliyindən müalicə edir.Bu içkidən də dadan Suzan Donahyu onu motor yağı ilə müqayisə etdi. Onun dediyinə görə, həmin içkidən bir qurtum edən insan artıq sərxoş olur.

Pizza pivəsi

Dünyanın ilk kulinariya pivəsi birinci dəfə 2006-cı ildə Amerika Birləşmiş Ştatlarının şərqinin mərkəzində yerləşən İllinoys ştatında bir cütlük tərəfindən ixtira olunmuşdur. Onlar pivəni bişirərkən oraya pomidor, sarımsaq və göyərtilər əlavə edərək bir çox insanın pizzanın dadına bənzədiyini təsdiqləyən bir pivə hazırlamışlar. Qısacası, Margarita pizzasının inqrediyentlərindən istifadə edərək pivəyə pizza dadı qatmağa çalışmışlar. “Mamma Mia! Pizza Bear” adlandırdıqları marka həqiqətən də bəzi insanların sevimlisinə çevrilsə də, bəzi insanlar üçün bir daha heç vaxt dadmayacaqları bir içkidir.

Samirə Tağıyeva, “İki sahil”