20 fevral 2022 17:14
681

Rotterdamda Xocalı qətliamı şəhidlərinin xatirəsi yad edilib

Rotterdamda fəaliyyət göstərən “Life & Changing” İncəsənət və Mədəniyyət Mərkəzində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə “Xocalıya ədalət” adlı anım tədbiri keçirilib.

"İki sahil" xəbər verir ki, anım tədbirində Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədov, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, yerli ictimaiyyətin, eləcə də diasporun fəal üzvləri iştirak ediblər.

Tədbir Xocalı şəhərində ermənilər tərəfindən amansızcasına qətlə yetirilmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xocalı faciəsi ilə bağlı film nümayiş olunub.

BAK-ın prezidenti Elsevər Məmmədov çıxışında erməni cəlladları tərəfindən törədilmiş Xocalı qətliamının bütün insanlığın faciəsi olduğunu, onun dəhşətlərinin heç vaxt unudulmayacağını bildirib.

Səfir Fikrət Axundov Xocalı faciəsi haqqında ətraflı məlumat verərək mülki əhaliyə qarşı bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını almamalarının, xalqımızın ədalət istəyinin cavabsız qalmasının dərin təəssüf hissi doğurduğunu bildirib. Diqqətə çatdırıb ki, bu gün məqsədimiz ədalətin qələbəsi üçün Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırmaqdır. Haqq işimizin, mübarizəmizin davam etdirilməsi vacibdir.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bu soyqırımının dünya dövlətləri tərəfindən rəsmi olaraq tanınmasının vacibliyini qeyd edib.

Tədbirin azyaşlı iştirakçılarından olan Sara seyr etdiyi filmdən təsirlənərək hisslərini bölüşüb, bir daha müharibənin baş verməməsini, sülh və əmin-amanlığın olmasını arzulayıb.

Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı açılan sərgiyə baxıblar. Sərgidə Niderlandda yaşayan tanınmış rəssam Rasim Hüseynovun və onun həyat yoldaşı Vəfa Rüstəmovanın Azərbaycan xalqının başına gələn müsibətlərdən təsirlənərək çəkdikləri tablolar, eləcə də Xocalı faciəsini əks etdirən fotolar nümayiş olunub.

Sonda kamança ustası İlham Babayevin ifasında muğam kompozisiyaları səsləndirilib.

Xocalı faciəsinə dair nümayiş olunmuş filmdən və verilən məlumatlardan təsirlənən niderlandlı qonaqlar XX əsrdə törədilən bu cür qeyri-insanı cinayətlərin yolverilməzliyini və xalqımızın başına gətirilən bütün haqsızlıq və bəlalardan təəssüfləndiklərini bildiriblər.

Sonra Xocalı soyqırımı ilə bağlı fikir mübadiləsi aparılıb, yerli ictimaiyyətin nümayəndələrinin sualları cavablandırılıb.

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı yerli ictimaiyyətin daha ətraflı məlumatlandırılması məqsədilə Niderlandda silsilə tədbirlər keçiriləcək.