23 fevral 2022 19:41
771

Qanlı faciədən 30 il keçir

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə dünyanın görən gözü və susan vicdanı qarşısında insanlığın dəhşətli faciələrindən biri baş verdi. Əfsuslar olsun ki, bəşər övladı yaranışdan üzübəri çoxsaylı dağıntılarla, tələfatlarla, qırğınlarla nəticələnən faciələrə az şahidlik etməmişdir. Xocalı soyqırımının forma və məzmun, mahiyyətcə digərlərindən fərqi ondadır ki, bu qanlı olay dünyanın sivilləşməyə, qloballaşmaya, inteqrasiyaya can atdığı, kainatı, kosmosu ən ali üsullarla fəth etdiyi, elmi-texniki, ictimai-siyasi, sosial birgəyaşayış inkişafına nail olduğu bir dövrdə, 70 il eyni cəmiyyətdə “qardaşlaşmış” iki xalqdan birinin o birinə qarşı cinayət əməlləri tükürpədici vəhşiliklə, heyvani bir ehtirasla həyata keçirilmişdir.

Xocalı soyqırımını son iki yüz ildə təkcə türk dünyasının deyil, bütün bəşəriyyətin bəlasına çevrildiyi erməni terrorizminin tərkib hissəsi kimi qəbul etmək daha doğru yanaşmadır. Azərbaycan xalqının ikiyə bölünməsi nəticələnən Türkmənçay və Gülüstan müqavilələrindən (“sülh” sözü yamaqdan başqa bir şey deyil) sonra Qafqazda yeni münaqişələrin əsası qoyuldu. Bu torpaqlara köçürülən mənfur qonşularımız düşmən saydıqları və qanına susadıqları türk xalqlarının torpaqları hesabına dövlət yaratdıqdan sonra tarixi məqam yetişdikcə “dənizdən dənizə böyük Ermənistan” xülyasına baş qaldırdılar. Əlbəttə, havadarlarının hərtərəfli köməyi və dəstəyi ilə! Bu azmış kimi, azərbaycanlıları tədricən öz dədə-baba yurdlarından didərgin saldılar, maddi və mənəvi, cismani qəsbkarlıqla qədim bir milləti məhv etmək yolunu seçdilər. Körpə laylalarından başlamış ən yuxarı səviyyədə ideologiyaya qədər bütün səviyyələrdə türk-müsəlman düşmənçiliyini təbliğ etdilər. Nəhayət, ən qorxulu şəkildə terrorizm ənənələri Ermənistanın dövlətçilik siyasətinə çevrilməyə başladı. Milli və etnik ünsür kimi cəmiyyət və dövlətlərin baş bəlasına çevrilən ermənilər ikiüzlülükləri, riyakarlıqları, xəyanətləri ilə yalnız müəyyən qüvvələrin əllərində alətə çevrildikcə ayaq açdıqları o cəmiyyətlərin, dövlətlərin, məmləkətlərin dinclikləri pozulur. Bu, tarixi reallıq indi ermənilərin at oynatdıqları xalqların ən ağıllı tarixi şəxsiyyətlərinin, düha sahiblərinin kəlamlarında aydın ifadəsini tapmışdır. Qafqaz Azərbaycanını gəzib dolanan, onun təbiətinə heyran qalan, qonaqpərvərlikdən məftun olan fransız yazıçısı Aleksandr Dümanın, rus yazıçısı Vasili Veliçkonun, Amerika yazıçısı C.Makkarti və başqalarının erməni xarakterini açan bir-birindən maraqlı fikirləri ədəbiyyat və tarixdə yer alsa da, nə yazıq ki, dünyanın xəstə halından bəhrələnmək istəyən məhz bu ölkələrin müvafiq dairələri “erməni qardaşlığını” həqiqətdən üstün tutmaqda davam edirlər.  İkinci Qarabağ savaşı, bu savaşın nəticələrinə etiraz səsini qaldırmaq istəyən himayədarların reallıqdan uzaq sərsəmləmələri buna aydın sübutdur. Əsl reallığı isə DƏMİR YUMRUQ, o yumruğu qaldıran MÜZƏFFƏR LİDER, ŞANLI ORDU isbatladı.

“Xocalı faciəsindən qaçmaq mümkün idimi?” - ötən 30 ildə ən çox verilən bu suala yalnız Azərbaycanın iki yüz illik tarixini diqqətlə vərəqləyərək cavab tapmaq olar.  Xaraktercə satqınlığa, riyakarlığa alışmış ermənilər alçaq niyyətləri üçün hər tarixi dönəmdə ələ düşən fürsətdən istifadə etmişlər. Siyasətində parçala və hökm elə prinsipi tutan çar imperiyasının içimizə yeridərək köləsinə çevirdiyi, yel və bel verərək qoçuya döndərdiyi qaniçən ermənilər ən acı və alçaldıcı məqlubiyyətdən sonra da sakitləşmək istəmirlərsə, başlarına çırpılan dəmir yumruğu uzadılan kömək ələ çevirmək imkanından bəhrələnmək ağlında deyillərsə, üstümüzə qısqırılan it kimi caynaqlarının iti və uzun olduğu 90-cı illərdə həm hərbi, həm də mənəvi cəhətdən hazırlıqsız gənc dövlətin belə bir faciəyə qarşı dura biləcyi (sovet ordusuna məxsus 366-cı alayın qaniçənlərə dəstək verdiyini də nəzərə alsaq) təbii ki real görünmürdü. Bu faciə həm də o dövr üçün ilk növbədə inanılmaz idi. Təsadüfi deyil ki, həmin günlərdə erməni vandallarının hücumu nəticəsində bir neçə nəfərin öldürülməsi xəbəri yayılmışdı. 

Sonradan Ermənistan prezidenti olmuş  Serj Sarkisyanın separatçı rejimə rəhbərliyi ilə baş vermiş faciə barədə dedikləri isə əsl həqiqəti üzə çıxarır:

“Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik.”

Bu mənada, erməni yazıçısı Zori Balayanın "Ruhumuzun dirçəlişi" adlı kitabında yazdığı Xocalı etirafları da insan adına inanılası hərəkət deyil:

“Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik.”

Başqa bir yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin vəhşilikləri  barədə "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır:

“Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim”.

Budur bəhs etdiyimiz ermənizm və bu vandallıq haqqında qürurla bəhs edən ermənizmin baş ideoloqları, həm də cəlladları.

Qaniçən S.Sarqisyan öz şərhində dünya ictimaiyyətini çaşdırmaq üçün “Sumqayıt və Bakıdan qaçan uşaqları” xatırladır. Guya bu vandalizmi törədənlər Sumqayıt və Bakıdan qovulmuşlardır. Əvvəla, dədə-baba yurdlarından zorla qovulmuş, iki dəfə köçkün həyatı sürmüş həmvətənlərimizdən fərqli olaraq, Azərbaycanın adları çəkilən şəhərlərindən, o cümlədən digər ərazilərdən köçən ermənilər evlərini bazar qiymətinə sataraq, cəhənnəm odunda yanan Ermənistana yox, Rusiyanın, Avropanın və Amerikanın mərkəzi şəhərlərinə üz tutmuşdular və qaçqın statusu ilə dilənməyə üstünlük vermişdilər. Bu haqda o vaxtki erməni mətbuatında da geniş materiallar tapmaq olar.

Yalnız bir qism erməni havadarlarının qayğılarından məhrum olmuşdu ki, onlar vaxtilə “Krunk” terror təşkilatına maliyyə yardımı göstərməyənlər idi. Bunu Sumqayıt hadisələrindən əvvəl erməni əsillilərin bank hesablarından çıxarışlar da təsdiq edir. Sumqayıt hadisəsi təxribat aksiyası idi və buna dair təkzibolunmaz faktlar var. Dağıntılar törədən, təyin olunmuş  ünvanlara basqın edərək ermənilərə işgəncələr verən, amansızlıqla öldürən cinayətkar dəstənin başında Qriqoryanın durması, sonradan onun Rusiyada azadlığa çıxmasına və izinin itməsinə şəraitin yaradılması, iğtişaşların anındaca xarici ölkələrə video yayımı faktları mütəşəkkil bir qurumun planlı fəaliyyətindən  xəbər verir.

Xocalıya qədər erməni quldur dəstələri Qarabağın azərbaycanlılar yaşayan Malıbəyli, Qaradağlı, Ağdaban və digər yaşayış məskənlərini işğal etmiş,  mülki əhali qırğına məruz qalaraq evlərindən qovulmuşdu. Bu kəndlərdə azı 140 nəfər yaralanmış, 99 nəfər həlak olmuşdu. Yaşayış yerləri dağıdılmış, ata-baba yurdları yandırılmış, insanlar məhz azərbaycanlı olduğu üçün işgəncələrə məruz qalmışdı, öldürülmüşdü. Uşaqlara, qadınlara, qocalara, xəstələrə belə aman verilməmişdi. Bəs bu qəddarlıqlar nədən qaynaqlanır, vəhşiliklərin səbəbkarı doğrudanmı onlara ocağında sığınacaq vermiş, çörəyinin son tikəsini kirvə deyə yalmanan qonşusundan əsirgəməyən azərbaycan, türk soylulardır?...

Ermənilərin dövlət və millət anlamında başlıca mahiyyəti terrorizm olan ermənizm durur. Xəstə təxəyyül bu etnikin ruhuna, qanına hoparaq təmizlənməsi mümkünsüz dərin köklər buraxıb. Məhz erməni liderlərinin faciə haqqında geniş ictimaiyyətə bəyan etdikləri fikirlər bu qənaətə gəlməyə tutarlı əsas verir.

Xocalıya hücum zamanı o vaxt SSRİ-nin nəzdində olan əlahiddə 366-cı alayın ruslardan və ermənilərdən ibarət silahlı dəstələri tərəfindən xüsusi plan hazırlanmışdı. Qəsbkarların tərkibinə “Arabo” və “Aramo” adlı erməni terror təşkilatlarının üzvləri və dünyanın ayrı-ayrı ölkələrinin terror düşərgələrində xüsusi təlim keçmiş cinayətkarlar da daxil idi. Yaxınlıqdakı Azərbaycan kəndləri işqal olunduğundan Xocalıya aparan yollar bir neçə ay əvvəl bağlanmış, şəhər demək olar ki, tam mühasirədə qalmışdı. Yeganə əlaqə vasitəsi vertolyot idi ki, bu əlaqə də təhlükə səbəbindən yanvar ayının 28-dən kəsilmişdi.

Sözsüz ki,  avtomat və bir neçə minomyotla silahlanmış yerli özünümüdafiə dəstələri uzun müddət müqavimət göstərmək iqtidarında deyildi. O vaxt hakimiyyət dairələri mühasirədə qalmış şəhərə kömək etmək əvəzinə kreslo davası uğrunda mübarizə aparırdılar. Şaxtalı gecədə ilkin artilleriya hazırlığından sonra bir neçə istiqamətdə hücuma keçən quldur dəstələri yalnız səhərisi gün müdafiəçilərin müqavimətini qıra bildilər. Əli silah tutanlar qeyri-bərabər döyüşdə son nəfəsə qədər doğma torpaqlarını qorudular. Sonradan Xocalı müdafiəçilərindən 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Guya qaçanlara “azad dəhliz” verilməsi barədə erməni separatçılarının uydurmaları beynəlxalq qurumlar tərəfindən ifşa edildi. Məlum oldu ki, şəhəri tərk etmək istəyənlər məhz “azad dəhliz” ərazilərində kütləvi surətdə məhv edilmişlər. Faciənin nəticələrini araşdıran “Memorial” beynəlxalq təşkilatının arayışı da bunu sübut edir:

“Lentə alınan kadrlardan görünür ki, öldürülənlərin cəsədləri geniş məkana səpələnıb. Qətliam yerində filmə alınan cəsədlərin əksəriyyətini qadın və yaşlıların cəsədləri təşkil edirdi, öldürülənlərin arasında uşaqlar da var idi.”

Beynəlxalq araşdırmaçıların və faciədə sağ qalmış şahidlərin ifadələrinə əsasən Xocalı mühasirədə olan zaman əhali Ağdam istiqamətində yox, dağlar və meşələrə tərəfə qaçırdı, çünki erməni silahlı dəstələri Ağdama gedən yolun üstündəki Qaraqaya adlı hündürlüyü tutmuşdular. Fevralın 26-da səhər saatlarında, Xocalıdan sağ çıxıb gələn adamlardan nə baş verdiyini öyrəndikdən sonra Ağdamdakı yerli batalyonlar tərəfindən Qaraqaya erməni dəstələrindən geri alınır. Qaraqaya əməliyyatı nəticəsində 200-ə yaxın insan əsirlikdən azad edilir, 100-dən çox meyit Ağdama gətirilir.

Faciədən iki gün sonra Ağdam özünümüdafiə batalyonun komandiri Allahverdi Bağırov ermənilərin batalyon komandiri ilə görüşüb meyitlərin götürülməsini istəyir. Çəkilişin aparılması yalnız Allahverdinin təkidindən sonra iki erməni silahlısının nəzarəti altında aparılır və bunu hərbi operator Seyidağa Mövsümov həyata keçirir. Sonradan vertolyotla Çingiz Mustafayev və “Səhər qəzetinin müxbiri Şamil Sabiroğlu da hadisə yerinə enirlər. Xarici jurnalistin orada olması onları ölümdən qurtarır. İki yük maşınında Xocalı özünümüdafiə batalyonunun bir qrup döyüşçüsü meyitləri toplamağa başlayır. 

Şahidlər bildirilər ki, Əsgəran körpüsünün ətrafı insan cəsədləri ilə dolu idi. Əksəriyyətinin başı kəsilmiş, gözləri çıxarılmış, sifətlərinin dərisi soyulmuşdu. İnsanlar çox qəddarlıqla qətlə yetirilmişdilər.

Düşmənin ciddi cəhdlə axtardıqları Əlif Hacıyevin və Aqil Quliyevin meyitlərini erməniləri duyuq salmadan maşınlara yükləmək mümkün olur. Başqa bir yerdə bir ailənin uşaqdan böyüyə qədər hamısını qırmışdılar. Yolda yaşlı ər-arvadı bir-birinə məftillə bağlamışdılar, kişinin kəllə qapağını çıxarmış, sonra da əzmişdilər, qadının isə qulaqlarını və burnunu kəsmişdilər. Meyitlər Qarqarçayın sahilindən dağlara qədər səpələnmişdi.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 

Belə bir dəhşətli faciənin dünya ictiamiyyətindən gizlin saxlanması üçün ermənilər və onların havadarları şaiyələr uydurur, yalan informasiyalar yayırdılar. Xocalı soyqırımının qarşısının alınmasına laqeyd qalan Azərbaycan hakimiyyəti də faciənin tanınması üçün fəaliyyət göstərmirdi. Yalnız ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə bu istiqamətdə ciddi addımlar atıldı. 1993-cü ildə fevralın 26-sı tarixi  Xocalı soyqırımı günü kimi qəbul olundu. Xocalı qaçqınlarının BMT, AŞ, ATƏT-ə müraciətləri cavabsız qalırdı. Yalnız 2010-cu ildə BMT, Avropa Şurası və İnsan Haqları Məhkəməsi Xocalıda azərbaycanlıların qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etdi. Ancaq yenə də qəsbkarların cəzalanması üçün tədbirlər gğrülmədi.

1997-ci ildə hər il fevral ayının 26-sı saat 17.00-da respublika ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olundu. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliye­va­nın­ təşəb­büsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampa­niyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. 26 fevral 2012-ci ildə İstanbulda Qalatasaray Liseyindən başlayan və Taksim meydanına qədər davam edən, təxminən 200.000 iştirakçı "Hamımız Xocalılıyıq" şüarları səsləndirilib. 2012-ci ildə Azərbaycan Amerika Alyansının (AAA) Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniyada Nyu York şəhərinin "Penn Station" dəmiryolu vağzalında, metro stansiyalarında xüsusi posterlər yerləşdirilib.

Xocalı soyqırımına aid ilk abidə 1993-cü ildə Bakıda inşa olunsa da, 2008-ci ildə həmin abidənin yerində yeni "Ana Harayı" adlı abidə ucaldılıb. 2011-ci ildə abidənin postamenti 3 metr qaldırılıb və qara qranitdən işlənib. Soyqırımın 27-ci ildönümü ilə bağlı abidəyə ümumxalq yürüşündə 55 min insan iştirak edib.                                                                                                                            

Xocalı soyqırımının xatirəsinə 6 ölkədə 9-dan çox abidə var. 2008-ci il fevralın 24-də Avropada Xocalı soyqırımına aid ilk abidə Hollandiyanın Haaqa şəhərində, sonradan Berlin, Sarayevo, Mexiko, Türkiyənin bir çox şəhərlərində Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb. Soyqırımın tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamət­lərindən biri kimi müəyyənləşdirildi. Hazırda Azərbaycandan başqa, Pakistan və Sudan Xocalını tam səviyyədə qətliam kimi  tanıyır. Meksika, Kolumbiya, Çexiya, Bosniya və Hersoqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya parlamentləri və ABŞ-ın 22 ştatının parlamentlərində Xocalı hadisələri qətliam kimi qəbul edilib.

Azərbaycan iqtidarının yeritdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində, nəhayət ki, torpaqlarımız erməni işğalından azad olundu, xalqımızın doğma torpaq, yurd həsrətinə son qoyuldu. Etiraf etmək lazımdır ki, yüz illər boyu güclü himayədarlarının hərtərəfli dəstəyi ilə yalançı və saxta ideologiyasını qurmuş mənfur qonşularla təbliğat sahəsində mübarizə aparmaq asan deyil. Müzəffər Ali Baş Komandanın və şanlı ordumuzun şücaəti nəticəsində qazanılmış uğurların siyasət, ideologiya sahəsində də davamı hər birimizdən yüksək mənəvi və psixoloji hazırlıq, ali bəşəri amallardan qaynaqlanan Azərbaycançılıq ənənələrinə sədaqət və etimad tələb edir. 

Mahir Cavadlı,
AMEA Folklor İnstitutunun əməkdaşı, şair-jurnalist