23 fevral 2022 20:14
707

Xocalı soyqırımı qan yaddaşımızdır

Qarşıdan erməni faşistlərin xalqımıza qarşı törədikləri ən qanlı faciə olan Xocalı soyqırımının 30 illiyi gəlir.  Ordumuz  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığı Zəfərlə bu qanı yerdə qoymadılar. Qaldı ki, Xocalı soyqırımı heç vaxt yaddaşlardan silinməz.

Astara Rayon Heydər Əliyev Mərkəzində qanlı faciə ilə bağlı “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tarix dərsi keçirildi.  Dərsində Mərkəzin əməkdaşları və Artupa kənd tam orta məktəbinin müəllimləri, şagirdləri iştirak edirdilər.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olduqdan sonra Astara Rayon Heydər Əliyev Mərkəzinin fondunun əməkdaşı  Elza Kazımova çıxış etdi. O, dedi:-  Xocalı soyqırımından 30 il ötür. 1992-ci il  fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər.  Ermənilər Xocalı şəhərini işğal edərkən azərbaycanlılara qarşı soyqırımı törədiblər. Xocalı soyqırımına ilk dəfə Ulu Öndər  Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verilib. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən  hər il fevralın 26-sı Azərbaycanda “Xocalı soyqırımı günü” kimi qeyd olunur. Ölkə başçısı,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  altında  44 günlük Vətən müharibəsində düşmən tapdağı altında olan şəhər və rayonlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Tarix dərsində Mərkəzin direktoru Kübra  Səmədova, Astara Rayon Təhsil Şöbəsinin əməkdaşı Baloğlan Əliyev, Artupa kənd tam orta məktəbinin müəllimi Mehman Quliyev və başqaları da  öz çıxışlarında Xocalı soyqırımın dəhşətlərindən,  eləcə də ikinci Qarabağ müharibəsində qəhrəman Vətən oğulların ermənilərdən aldıqları qisasdan danışdılar .

Tədbir iştirakçıların Mərkəzin foyesində Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş sərgi ilə tanışlıqla  tamamlandı.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü