23 fevral 2022 23:23
759

Bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət

Azərbaycanlıların məskunlaşdığı ən qədim ərazilərindən biri Xocalıdır. 90-cı illərdə Qarabağdakı yeganə hava limanı yerləşən bu şəhərdə 7 min nəfər azərbaycanlı yaşayırdı. Heç kim təsəvvür edə bilməzdi ki, bu şəhərdə XX əsrin ən böyük faciəsi 1992-ci ilin fevralında yaşanar. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlamış, toplardan, tanklardan açılan 2 saatlıq atəşdən sonra şəhərə hücum başlanmışdı. Xocalıya hücum üç istiqamətdən aparıldı. Əsgəran istiqamətində qaçmağa məcbur olan mülki əhali bu yolda da erməni silahlı dəstələrinin gizləndiyindən xəbərsiz idi. Bu  da məkrli hiylə imiş. Qarlı aşırımlar, meşələr keçən mülki əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş, şiddətli atəşə tutulmuş və çox hissəsi burda erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. Kimsəyə aman verməyən, kin-küdurət hissi ilə yaşayan düşmən qocalara, qadınlara, körpələrə rəhm etmədi, onların həyatına amansızlıqla son qoydu. Həmin gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib.

Bu, yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər girov götürülübki, onlardan da 150 nəfərin taleyi hələ də naməlumdur. Xocalıda törədilən məqsədyönül soyqırım aktı erməni vəhşiliyinin kuliminasiya nöqtəsi idi: qəfil hücum, silahsız əhaliyə qarşı amansız kütləvi qırğın, amansız işgəncələr, vəhşicəsinə qətlə yetirilən dinc sakinlər, cəsədlər üzərində edilən ağlasığmaz, təhqiramiz hərəkətlər, yerlə-yeksan olan şəhər. Ulu öndər Heydər Əliyevin də söylədiyi kimi: Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində bir çox iş görülüb. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının xüsusi rolu var. Məhz Fondun gərgin fəaliyyəti nəticəsində indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir.

Xocalıda dinc sakinlərə qarşı Erməni terrorçuları tərəfindən törədilən soyqırımından artıq 30 il keçib. Zaman keçsə də erməni xisləti, niyyəti keçmədi, dəyişmədi. Biz İkinci Qarabağ müharibəsində yenidən bunun şahidi olduq. Cəbhədə ordumuza yenilən düşmən mülki əhalini hədəfə aldı. Baş verənlər sanki, Xocalı soyqırımının davamı idi: yenə günahsız insanlar, uşaqlar, qadınlar, qocalar erməni terrorunun qurbanı oldu. Bu dəfə baş verənlər məhz xarici jurnalistlər tərəfindən birbaşa canlı bağlantı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi Azərbaycan Ordusu döyüş meydanında düşmənə layiq olduğu cəzanı verdi. Xocalı şəhidlərinin, vətən üçün canından keçən azərbaycanlıların intiqamını aldı. Azərbaycanın qazandığı şanlı zəfər özü ilə birgə həm də şəhidlərimizin ruhuna rahatlıq gətirdi. Artıq 2021-ci ildən Azərbaycan xalqı bu anım gününü qalib  ölkənin vətəndaşları kimi qeyd edir. 

Arzu Cahangirova,
Pirallahı rayonu, 243 nömrəli tam orta məktəbin müəllimi