23 fevral 2022 23:34
816

Xocalı faciəsi ermənilərin xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Xocalının işğal edilməsində məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, bu şəhəri yer üzündən birdəfəlik silmək idi. Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüququ məzmunu BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cazalandırılması haqqında Konvensiya” ilə müəyyən edilib. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir.

XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uğurlu bir strategiyadır. Hazırda Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması  Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Məhz Heydər Əliyev Fondunun gərgin əməyinin nəticəsi olaraq indi dünya ölkələri əvvəlki illərdən fərqli olaraq erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılıb. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini getdikcə daha çox anlayır, qətliamı kəskin şəkildə pisləyir, təcavüzkarla təcavüzə məruz qalanı tanıyırlar. "Xocalıya ədalət" beynəlxalq kampaniyası dünyanın müxtəlif ölkələrində faciə ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur.

Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır.Xocalı soyqırımı böyük Türk dünyasına ünvanlanmış qenosid siyasəti idi. Bəlkə bəşəriyyət tarixində heç bir zaman bu qədər çirkin hücum taktikası həyata keçirilməyib. Burada hücum hər hansı bir hərbi hissəyə, əsgəri birliyə deyil, məhz dinc əhaliyə qarşı yönəldilmişdir. Bu tarixdə görünməmiş amansızlıq, qəddarlıq nümunəsidir ki, son nəticədə bir millətin soyqırımı anlamı ilə tamamlanır. Hər il olduğu kimi, bu ildə dünyanın bir çox ölkələrində Xocalı şəhidləri ehtiramla yad edilir, faciə qurbanlarının ruhlarına dualar oxunur, Azərbaycanın haqq işi dəstəklənir, ermənilərin məkirli siyasəti pislənilir.

Məmləkət Qaraçobanova,
YAP Pirallahı rayon təşkilatının əməkdaşı