24 fevral 2022 21:31
917

Bəşəriyyət əleyhinə cinayət

Azərbaycanın ən ağır və dəhşətli faciəsi olan  Xocalı  soyqırımınin üstündən düz  30 il keçir. Erməni vandalların xalqımıza qarşı törətdiyi bu amansız, müdhiş  vəhşilik   bizim əbədi qan yaddaşımıza həkk olunubdur. Astara rayon Mərkəzi Kitabxanasında  baş tutan ”Xocalı soyqırımı-Sülh və bəşəriyyət əleyhinə  cinayət kimi” mövzusunda tədbir məhz faciənin  otuzuncu ildönümünə həsr olunmuşdu.  Tədbirin iştirakçıları  M. Ə. Sabir adına şəhər 1 saylı və Z.  Bünyadov adına şəhər 2 saylı orta məktəbin müəllim və şagirdləri  idilər.

Soyqırımı qurbanlarının,  İkinci Qarabağ müharibəsində Vətən,  torpaq  uğrunda canlarını fəda etmiş  qəhrəman oğlanlarının  əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən  sonra tədbiri  açan Astara rayon Mərkəzi Kitabxana Sisteminin direktor əvəzi Natəvan Mədətzadə bu dəhşətli faciə haqqında fikirlərini gənc nəslə  çatdırdı:-   Əbədi və əzəli düşmənimiz  olan ermənilərin Xocalı soyqırımı  Azərbaycan tarixində iyirminci əsrın   ən qanlı faciəsidir.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı alayın və erməni qəsbkarlarının  fitnəkarlığı nəticəsində tarixi torpağımız olan Xocalıda dinc əhaliyə divan tutuldu, yüzlərlə günahsız  insanın qanı töküldü. Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərli altında  bu qanı yerdə qoymadı. Vətən müharibəsində erməniləri darmadağın edərək  düşməndən bütün tökülən qanların qisas alındı.

Tədbirdə Mərkəzi kitabxananın digər əməkdaşları da mövzu ətrafında çıxış etdilər.  Çıxışlarda  Azərbaycanın haqq səsinin eşidəcəyi, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyi, soyqırımının  təqsirkarlarının haqlı cəzalarına çatacağı, əzəli doğma torpağından   didərgin düşmüş insanların öz ata-baba yurdlarına qayıdacağı əminliklə   bildirildi.

Çıxışlardan   sonra şagirdlərin ifasında Xocalı soyqırımına həsr olunmuş şerlər  səsləndi, soyqırımından bəhs edən sərgiyə baxıldı.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü