25 fevral 2022 11:00
602

Xocalıda soyqırım - Ədalət bərqərar olacaq!

Dünyada elə yer adları var ki, onlar xəritədə sadəcə yaşayış məskəni olmaqdan daha böyük məna kəsb edir. Qəddarlıq və vəhşiliyin simvoluna çevrilmiş Auşvits, Xatın, Xirosima, Naqasaki, Sonqmi, Srebrenitsa kimi coğrafi məkan və şəhər adlarına ötən əsrin 90-cı illərinin əvvəllərində daha bir ad əlavə olundu - Azərbaycanın Xocalı şəhəri.

İnanılmaz vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Bu amansız faciənin tarixdə analoqu yoxdur və onun dəhşətli səhnələri hər bir azərbaycanlının yaddaşında əbədi qalacaqdır. Erməni millətçilərinin işğal olunmuş torpaqlarda dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri bu cür müsibət və qəddarlıqlar haqqında dünya ictimaiyyətini daha çox məlumatlandırmağa ehtiyac vardır.

Ermənilərin Xocalını hədəf seçməkdə məqsədi nə idi? Onlar strateji məqsədlərlə (Əsgəran-Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi və s.) yanaşı, qədim zamanlardan müasir dövrə qədər bölgənin tarixi-mədəni irsini özündə əks etdirən yaşayış məntəqəsi olan Xocalını məhv etmək istəyirdilər. Xocalı eramızdan əvvəl XVI əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin tərkib hissəsidir. Burada arxeoloji qazıntılar zamanı Son Tunc və Erkən Dəmir dövrünə aid daş kitabələr, kurqanlar və nekropollar, həmçinin dairəvi qəbir (e.ə. 1356-1357-ci illər) və məqbərə (XIV əsr) kimi memarlıq abidələri, daşdan, tuncdan, sümükdən hazırlanmış müxtəlif bəzək əşyaları, keramikadan məişət əşyaları və s. aşkar edilmişdir. Bu, dünya mədəniyyəti nümunəsinə qarşı erməni vandalizminin bariz nümunəsidir.

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalı bir gecədə dağıdılmış və yandırılmışdır. Bu faciə insanlığa qarşı cinayətdir. Bu, tarixi faktdır ki, erməni silahlı birləşmələri həmin dövrdə Qarabağ ərazisində yerləşdirilmiş Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi qulluqçuları ilə birlikdə Xocalıda şəhəri və onun ətraf ərazilərini tərk edə bilməyən heç kimə aman verməmişlər.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında xüsusilə aşağıdakıları qeyd etmişdir:

Belə görünür ki, müstəqil mənbələrdən əldə olunan məlumatlarda bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri ələ keçirilərkən, etnik mənşəli yüzlərlə azərbaycanlı dinc sakindən qaçmaq cəhdi zamanı öldürülüb, yaralanıb və ya girov götürülüb. 1992-ci il Xocalı qətliamı öz qəddarlığına və repressiya üsullarına görə bəşəriyyət tarixində “qara səhifələrdən” biri olaraq qalır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini işğal edərək, dinc əhaliyə qarşı amansız qırğın törətmişlər. Mühasirəyə düşmüş 2500 şəhər sakini gecə saat 2 radələrində eni 100 metrdən 300 metrə qədər olan “humanitar” dəhlizlə şəhəri tərk etmək Ağdam istiqamətində hərəkət edərək qaçmağa cəhd göstərmişlər. Lakin onları pusquya salan erməni cəlladları yaxın məsafədən atəş açmaqla silahsız insanları gülləboran etmişlər. 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 qoca, uşaq və qadın əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə məruz qalmış, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmiş, 487 nəfər, o cümlədən 76 uşaq yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. 68-sı qadın və 26-sı uşaq olmaqla 150 nəfərin taleyi hələ də məlum deyil. İnsanlar dərin panikaya düşmüş, onların bir hissəsi ərazidəki çayı keçə bilsələr də əksəriyyəti islanmış vəziyyətdə mənfi temperaturda səhərə yaxın hipotermiyadan həyatlarını itirmişlər. Həmin gecə donaraq ölənlərin ümumi sayını hesablamaq mümkün olmamışdır. Onların əksəriyyəti statistik hesabatlara görə hələ də itkin düşmüş sayılır.

Ermənistanın Xocalıda törətdiyi qətliam beynəlxalq hüquqa ziddir və Cenevrə konvensiyalarını və İnsan Hüquqları Bəyannaməsinin (BMT Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul edilmişdir) 2, 3, 5, 9 və 17-ci maddələrinin pozulması deməkdir.

Xocalı panika və vəhşilik yolu ilə Azərbaycan ərazilərinin ələ keçirilməsinin və etnik təmizləmənin növbəti mərhələsi idi. Günahsız uşaqlara, qadınlara, qocalara qarşı həyata keçirilmiş misilsiz vəhşiliklərin heç bir izahı ola bilməz. Bu, bir nəslin faciəsi deyil, həm də bəşər tarixinin ən ağır cinayətlərindən biridir!

Ermənistana və onun ordusuna uzun müddət rəhbərlik etmiş Serj Sarkisyan (sabiq prezident), Seyran Ohanyan (sabiq müdafiə naziri), Robert Köçəryan (sabiq prezident)) kimi şəxslər və Ermənistan hökumətinin onlarla digər rəsmi nümayəndələri Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlıların soyqırımı və etnik təmizləməsində bilavasitə iştirak etmişlər.

Ermənistan Respublikasının yuxarıda adları çəkilən yüksək rütbəli məmurlarının Xocalı qətliamında iştirakını təsdiqləyən çoxsaylı materiallar və video sənədlər, habelə faciə şahidlərinin ifadələri mövcuddur. Cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq, bu şəxslərin bəziləri xarici mediaya verdikləri müsahibələrdə Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşi cinayət əməllərinə haqq qazandırmış və öyünmüşlər. Təkcə sabiq prezident Serj Sarkisyanın sözlərinə diqqət yetirmək kifayətdir: “Xocalıdan əvvəl azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdi ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bu stereotipi bütövlüklə dağıtmaq lazım idi. Belə də oldu.” - deyə Sarkisyan britaniyalı jurnalist, Qarabağ münaqişəsi barədə “Qara Bağ” (Black Garden) adlı kitabın müəllifi Thomas de Waal-a müsahibəsində bildirmişdi.

Xocalıda inanılmaz vəhşiliklə törədilmiş soyqırım 20-ci əsrin sonlarının ən dəhşətli faciələrindən biridir. Həmin qırğının amansız səhnələri azərbaycanlıların qəlbində həmişə sağalmayan yara kimi qalacaqdır. Bu, Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı qırğın nəticəsində öz həyatları, ailələri, uşaqlığı, arzuları və gələcəyi olan günahsız azərbaycanlıların kədəridir. Qurbanların yaxınlarının bir ümumi dərdi var: bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədənlər beynəlxalq məhkəmə tərəfindən cinayət məsuliyyətinə cəlb olunmamış və cəzasız qalmışlar. İkinci Dünya Müharibəsinin sonunda dinc insanlara qarşı qətliam və soyqırımları törətmiş nasistlərin əksəriyyəti Nürnberq məhkəməsində beynəlxalq məhkəmə qarşısında mühakimə olundular və layiqli cəzalarını aldılar. Xocalıda dinc Azərbaycan vətəndaşlarının kütləvi qırğınının ideoloqları və icraçıları isə müasir Ermənistan Respublikasında sərbəst şəkildə yaşayırlar.

XX əsrin sonlarında baş vermiş bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Dünyada qəbul edilmiş beynəlxalq konvensiyalarda, ümumbəşəri qanunlarda Xocalı soyqırımı kimi faciələr dəfələrlə pislənilmiş, bunun qəbuledilməz olduğu bəyan edilmişdir.

Azərbaycan Respublikası Ermənistan tərəfindən Azərbaycan ərazisində, o cümlədən Xocalıda törədilmiş hərbi cinayətlərə beynəlxalq müstəvidə siyasi və hüquqi qiymət verilməsi üçün bir çox beynəlxalq təşkilatlarda, dünya ölkələrinin parlamentlərində qətiyyətli addımlar atmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə rəsmən tanıdılması istiqamətində mühüm işlər görülmüşdür. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə və təbliğat kampaniyasının əsas məqsədi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, bu qətliamın beynəlxalq miqyasda mənəvi-siyasi tanınmasını təmin etmək və bu faciə qurbanlarının xatirəsini yad etməkdir. Bu kampaniya dünyanın bir çox ölkəsində uğurla həyata keçirilmişdir. Dünya ölkələri arasında Pakistan, Meksika və Kolumbiya Xocalı qətliamını soyqırım aktı kimi tanımışdır. Çexiya, ABŞ-ın Qərbi Virciniya, Pensilvaniya, Missisipi, Men, Texas, Arkanzas, Oklahoma, Nyu-Meksiko, Tennessi və Konnektikut ştatlarının qanunverici orqanları Xocalı soyqırımına dair müvafiq qətnamələr qəbul etmişlər.

Göstərilən səylər nəticəsində 10-dan çox ölkə, o cümlədən ABŞ-ın 20 ştatı bu qətliamı tanımış və pisləmişdir.

Xocalı soyqırımının törədilməsində 38 nəfərin – 366-cı motoatıcı alayın hərbi qulluqçularının və digər şəxslərin iştirakı sübuta yetirilmiş və məhkəmənin hökmü ilə onların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri, o cümlədən 103-cü (soyqırım), 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (işgəncələr), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə məsuliyyətə cəlb edilməsi tələb edilmişdir. Onların beynəlxalq axtarışa verilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı bürosuna təqdim olunmuşdur.

Xocalı soyqırımı ilə bağlı aparılan istintaq zamanı 2213 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş, 800-dən çox ekspertiza həyata keçirilmişdir. Rusiya, Qazaxıstan və Özbəkistanın prokurorluqlarına bir sıra məsələlər, o cümlədən 366-cı motoatıcı alayın ermənilər tərəfindən ələ keçirilən hərbi texnikası, həmin hərbi texnikalarla atəşə tutulan Azərbaycanın yaşayış məntəqələri barədə məlumatlarla əlaqədar müraciətlər edilmişdir.

Cinayətin törədilməsində 366-cı alayın 2-ci taborunun komandiri mayor Seyran Ohanyan (sonralar 2016-cı ilin oktyabr ayınadək Ermənistan Respublikasının müdafiə naziri), 3-cü taborun komandiri Yevgeni Nabokix və başqalarının iştirakına dair sübutların toplanması üzrə əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir.

Dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli qətliamın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə gəlişindən sonra açılmışdır. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, 26 mart 1998-ci il tarixində ümummilli lider Heydər Əliyev tarix boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımları yad etmək məqsədilə 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi haqqında sərəncam imzalamışdır.

Ümummilli lider Heydər Əliyev 2002-ci il fevralın 25-də Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu soyqırımın tarixi və siyasi əhəmiyyətini vurğulamışdır: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.”.

Bu soyqırımı törədənlərin ifşası və bu cinayətin beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri kimi qarşıya qoyulmuşdur. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq ictimaiyyətin məlumatlandırılması və soyqırımın obyektiv tanınmasının təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Bu baxımdan Heydər Əliyev Fondunun, xüsusilə onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri təqdirəlayiqdir. Fond Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində sistemli və davamlı iş aparır.

2007-ci il fevralın 26-da Brüsseldə Heydər Əliyev Fondu tərəfindən açılmış “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsm sərgisi Xocalı hadisələrinin arxasında duran həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində aparılan işlərdən biri olmuşdur. Bu məqsədlə Fond həmin ili fevralın 19-26-da “Xocalı həftəsi” tədbirlər proqramı çərçivəsində İstanbulda və Türkiyənin 25 vilayətində anım mərasimləri keçirmişdir. 2008-ci il fevralın 14-də Berlində “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” mövzusunda keçirilən elmi konfrans bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir.

2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100-dən çox şəhərində Xocalı faciəsinin 20-ci ildönümü qeyd edilmişdir. Bu anım tədbirləri Fondun hazırladığı maarifləndirmə materialı əsasında keçirilmişdir. 2008-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ildönümü münasibətilə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasına dair təşəbbüs irəli sürülmüş, 2009-cu ilin fevralından həmin təşəbbüsün icrasına start verilmişdir. Forum vasitəsilə Xocalı faciəsinin arxasında duran həqiqətin təbliği istiqamətində silsilə tədbirlər təşkil edilmişdir. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə və təbliğat kampaniyasının əsas məqsədi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, bu qətliamın beynəlxalq miqyasda mənəvi-siyasi tanınmasını təmin etmək və bu faciə qurbanlarının xatirəsini yad etmək olmuşdur. Bu kampaniya dünyanın bir çox ölkəsində uğurla həyata keçirilmişdir. Yeri gəlmişkən, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanımışdır.

2009-cu ilin iyulunda İƏT Gənclər Forumu ilə İSESCO arasında Xocalı faciəsi ilə bağlı məlumatların İƏT-ə üzv ölkələrin tarix dərsliklərinə daxil edilməsi haqqında saziş imzalanmışdır. 31 yanvar 2010-cu il tarixində Uqandanın paytaxtı Kampalada İƏT-ə üzv Dövlətlərin Parlament Birliyinin 6-cı sessiyasında “İƏT Gənclər Forumu ilə İƏT-ə Üzv Dövlətlərin Parlament Birliyi arasında əməkdaşlıq haqqında Qətnamə” imzalanmışdır. 51 ölkədən parlament nümayəndə heyətlərinin rəhbərlərinin iştirak etdiyi tədbirdə imzalanan qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirilmişdir. Qətnamədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə hərtərəfli dəstək verməyə çağıran bənd öz əksini tapmışdır. Bu, Xocalı faciəsini “insanlığa qarşı cinayət” kimi tanıyan ilk beynəlxalq sənəd olmuşdur.

19 yanvar 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında İKT-yə Üzv Dövlətlərin Parlament İttifaqı “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək verməklə Əbu-Dabi Bəyannaməsini qəbul etmiş və Xocalı faciəsinin “insanlığa qarşı kütləvi cinayət” kimi tanınmasını tələb etmişdir.

Qətnamədə deyilir: “Konfrans... üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını tanımağa çağırır və Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir.

Bu, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəaliyyətinin məntiqi nəticəsidir. Qeyd edək ki, bu qətnamə Xocalı faciəsinin “soyqırım” adlandırıldığı ilk beynəlxalq sənəd olmuşdur. İƏT-ə üzv dövlətlərin Parlament Birliyinin dünya parlamentlərinin dörddə birini təşkil etdiyini və ən böyük beynəlxalq parlamentlərarası birliklərdən biri olduğunu nəzərə alsaq, bu qətnamə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir və erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətinin tərkib hissəsi kimi bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasında mühüm rol oynayır.

Pakistan Milli Assambleyasının Xarici Əlaqələr Daimi Komitəsi 2013-cü il fevralın 2-də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi soyqırımını pisləyən qətnamə qəbul etmişdir. Qətnamədə Xocalı qətliamı soyqırımı və insanlığa qarşı cinayət aktı kimi tanınmış və günahkarların müvafiq beynəlxalq sənədlərə uyğun olaraq cəzalandırılmalı olduğu bəyan edilmişdir.

2013-cü il fevralın 6-7-də Misirin paytaxtı Qahirədə keçirilən və dövlət və hökumət başçılarının iştirakı ilə İƏT-in ali orqanı olan 12-ci İslam Zirvə Konfransı Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımışdır. İslam Əməkdaşlıq Təşkilatının 57 dövlətdən ibarət Xarici İşlər Nazirləri Şurası 9-11 dekabr 2013-cü il tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində keçirilən 40-cı sessiyasında Xocalı faciəsini bir daha soyqırım aktı kimi tanımışdır.

2014-cü il fevralın 18-19-da İranın paytaxtı Tehranda İƏT-ə üzv dövlətlərin Parlament Birliyinin 9-cu sessiyası keçirilmiş və iclasda 53 üzv dövlətin parlament nümayəndələri iştirak etmişdir. Şura “İƏT Üzv Dövlətlərin Parlament Birliyi ilə İƏT Gənclər Forumu arasında əməkdaşlıq” adlı qətnamə qəbul etmiş və bu qətnamədə Xocalı faciəsi bir daha “soyqırım aktı və insanlığa qarşı cinayət” adlandırılmışdır. 27-28 may 2015-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini bir daha soyqırım aktı kimi tanımışdır. Şuranın Küveytdə keçirilən 42-ci sessiyasında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun nümayəndə heyəti üzv dövlətləri və İƏT təsisatlarını “Xocalıya ədalət” kampaniyasında fəal iştirak etməyə çağıran xüsusi qətnamə təqdim edilmişdir

İƏT Üzv Dövlətlərin Parlament birliyi 25 yanvar 2016-cı il tarixində keçirilən 11-ci konfransında Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanıyan “İslam Konfransı Gənclər Forumu ilə İBİK arasında əməkdaşlıq” adlı qətnamə qəbul etmişdir. Qətnamədə həmçinin İƏT-ə üzv ölkələrin parlamentlərini Xocalı qətliamını törədənləri qanunun bütün aliliyi ilə məsuliyyətə cəlb etmək üçün lazımi addımlar atmağa çağırmışdır.

Kampaniyanın qarşıya qoyduğu məqsədləri reallaşdırmaq üçün İslam Konfransı Gənclər Forumu indiyədək geniş iş aparmışdır. Xocalı soyqırımının beynəlxalq aləmdə hüquqi, siyasi və mənəvi tanınmasına nail olmaq üçün İƏT Gənclər Forumu “Xocalıya ədalət” kampaniyası çərçivəsində faciənin beynəlxalq sənədlərdə insanlığa qarşı cinayət və soyqırımı kimi tanınmasının təmin edilməsini özünün əsas prioritetlərindən biri kimi müəyyən etmişdir. Son illərdə görülən işlərin nəticəsidir ki, Xocalı faciəsi İƏT çərçivəsində bütün səviyyələrdə, o cümlədən təşkilatın ali orqanı olan dövlət başçılarının Zirvə Konfransında soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır.

Xocalı faciəsinin soyqırımı kimi tanınması istiqamətində aparılan işlər artıq daha ciddi nəticələr verməkdədir. Belə ki, Xocalı soyqırımının 14, 15 və 16-cı ildönümü Rusiya, Almaniya, ABŞ, Türkiyə, Ukrayna, Qazaxıstan, Gürcüstan, Küveyt və bir sıra digər ölkələrdə geniş qeyd olunmuşdur.

2005-2007-ci illərdə Türkiyə Böyük Millət Məclisinin xüsusi iclaslarında Xocalı soyqırımı geniş müzakirə olunmuş, 19-26 fevral 2011-ci il tarixlərində Türkiyənin müxtəlif şəhərlərində “Xocalı həftəsi” tədbirlər proqramı çərçivəsində bir sıra anım mərasimləri və kampaniyalar təşkil edilmişdir. Bu cür tədbirlər dünyanın bir sıra şəhərlərində hər il keçirilməyə davam edir və daha da intensiv xarakter alır.

ABŞ-da Xocalı soyqırımının tanınması istiqamətində ilk addım 25 fevral 2010-cu ildə atılmışdır. Həmin gün Massaçusets ştatının Nümayəndələr Palatası Xocalı qətliamını tanıyan qətnamə qəbul etmişdir. 11 iyun 2011-ci ildə Texas ştatı Xocalı qətliamının qurbanlarının tanınması və yad edilməsi haqqında qətnamə qəbul etmişdir. Nümayəndələr Palatasının qəbul etdiyi HR 535 saylı qətnamədə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi qətliam pislənmişdir.

Bu prosesin davamı olaraq 22 fevral 2012-ci ildə Nyu-Cersi və Corciya ştatları Xocalı qətliamı ilə bağlı qətnamələr qəbul etmişlər. Corciya ştatının Nümayəndələr Palatasının qəbul etdiyi 1594 saylı qətnamə Azərbaycan və türk diasporlarının geniş miqyaslı səylərinin nəticəsidir. 2012-ci il martın 23-də Men Ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı qərar qəbul etmişdir.

2013-cü ildən Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması sürətlənmişdir. Belə ki, yanvarın 28-də Nyu Meksiko ştatının Senatı, daha sonra isə Nümayəndələr Palatası Xocalı qətliamını tanıyan qətnamələr qəbul etmişdir. Bunun ardınca Arkanzas ştatının Nümayəndələr Palatası və Senatı müvafiq olaraq fevralın 8-də və 11-də, Missisipi ştatı isə fevralın 25-də Xocalı qətliamı ilə bağlı qətnamələr qəbul etmişdir. Daha sonra martın 4-də Oklahoma ştatı, martın 8-də İndiana ştatı, 18-də Pensilvaniya Baş Assambleyası və Tennessi ştatının Nümayəndələr Palatası, aprelin 3-də Qərbi Virciniya ştatının Nümayəndələr Palatası müvafiq qətnamələr qəbul etmişlər. Xocalı soyqırımının Mayın 3-də Konnektikut Baş Assambleyası Xocalı qətliamını tanımışdır.

2015-ci ilin fevralında Arizona ştatının Senatı (yuxarı palatası) Xocalı qətliamını tanıyan qətnamə qəbul etmiş, daha sonra mart ayında Yuta qubernatoru Xocalı qətliamını tanıyan qətnamə imzalamışdır. 2016-cı ildə ABŞ-ın Nebraska, Havay, Montana və Aydaho ştatları Xocalı qətliamını tanıyan xüsusi bəyannamə imzalamışlar. Beləliklə, Xocalı qətliamını pisləyən və tanıyan ABŞ ştatlarının sayı 21-ə çatmışdır.

2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatası Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalını və Xocalıda törədilən qətliamı kəskin şəkildə pisləyən qətnamə qəbul etmişdir.

Kolumbiya Meksikadan sonra Xocalı soyqırımını tanıyan ikinci Latın Amerikası ölkəsi olmuş, ölkə Senatı 23 aprel 2012-ci ildə müvafiq qətnamə qəbul etmişdir.

2012-ci il 13 iyunda Peru parlamenti, iyulun 30-da Kolumbiya Konqresinin Nümayəndələr Palatası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etmişdir.

Avqustun 13-də Panama Milli Assambleyası “Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı haqqında” 4 saylı qətnamə qəbul etmişdir. Qətnamədə təcavüzkarın Xocalıda törətdiyi qətliam qəti şəkildə pislənilmiş, həmçinin Ermənistandan BMT Təhlükəsizlik Şurasının dörd müvafiq qətnaməsini yerinə yetirmək tələb olunmuşdur.

17 yanvar 2014-cü ildə Honduras Milli Konqresi Azərbaycan torpaqlarının işğalını və Xocalı soyqırımını tanıyan 333-2013 saylı qətnamə qəbul etmiş və qətnamə Milli Konqresin prezidenti və katibləri tərəfindən təsdiqlənmişdir.

2014-cü il sentyabrın 1-də Sudan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsi 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırımı və insanlığa qarşı cinayət aktı kimi tanıyan qətnamə qəbul etmişdir. Qətnamədə Xocalı qurbanlarının və onların yaxınlarının onlara dəyən maddi və mənəvi zərərə görə ədalətli və əsaslı təzminat almaq hüquqları tanınmışdır.

Xocalı soyqırımının dünya miqyasında tanınmasının təmin edilməsi istiqamətində işlər Avropa ölkələrinin parlamentlərində məsələ qaldırılmaqla və siyasi sənədlər qəbul edilməklə də davam etdirilmişdir. 12 fevral 2013-cü il tarixində Rumıniya Demokratik Liberal Partiyasının qrupu “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi bəyanat təqdim etmişdir. Parlamentin iclasında deputat Luçian Militaru bəyanatın mətnini oxumuş və vurğulamışdır ki, Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc sakinləri vəhşicəsinə qətlə yetirməsi beynəlxalq ictimaiyyət tərəfindən insanlığa qarşı cinayət kimi tanınmalıdır.

Çexiya Ermənistanı Xocalıda dinc sakinlərin qətlinə görə rəsmən qınayan və bu hadisələri insanlığa qarşı cinayət kimi tanıyan Avropa İttifaqına üzv olan ilk ölkə olmuşdur. 2013-cü il fevralın 7-də ölkə Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi 21 il əvvəl işğal olunmuş Xocalı şəhərində erməni hərbi birləşmələri tərəfindən 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsini pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Bu qətnamədə Çexiya bir daha Dağlıq Qarabağ bölgəsini Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi rəsmən tanımış və Ermənistanı bu ərazini işğal etməkdə və Xocalıda ən dəhşətli cinayəti törətməkdə ittiham etmişdir.

26 fevral 2013-cü il tarixində Bosniya və Herseqovinanın Parlament Assambleyasının Xalqlar Palatası (yuxarı palata) böyük səs çoxluğu ilə “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət edilməsi haqqında” qətnaməni qəbul etmiş, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı pislənmişdir. 2015-ci il yanvarın 29-da İsrail Prezidenti Reuven Rivlin Holokost Qurbanlarının Xatirəsinin Beynəlxalq Anım Gününə həsr olunmuş BMT Baş Assambleyasında çıxışı zamanı Xocalı soyqırımını digər soyqırım və qırğınlarla yanaşı xatırlatmışdır.

2013-cü il iyulun 4-də Moldova parlamentinin deputatı və ombudsman Aureliya Qriqoriu Xocalı soyqırımını tanımağa çağırmış, “Xocalıda soyqırım törədənləri cinayət məsuliyyətinə cəlb etmək üçün xüsusi tribunal yaradılmasının vaxtı çatdığını” qeyd etmişdir.

2016-cı ildə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Dumaya ünvanladığı açıq məktubda qeyd etmişdir ki, “Əgər Xocalıya bənzər faciələr unudulsa, bu, yeni bəlalara gətirib çıxara bilər”.

2016-cı ildə İtaliya Senatının Avropa İttifaqı Siyasəti Komissiyasının üzvü, Demokratik partiyasından olan senator Paolo Paleotti Senatın ümumi iclasında Xocalı soyqırımını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi hadisəsi adlandırmışdır.

2017-ci ildə İndoneziyalı deputat Meutya Viada Hafid “Xocalı faciəsinin bütün dünyanı sarsıdan bir soyqırım olduğunu” qeyd etmişdir.

2017-ci ildə Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri və deputat Maksim Kuryaçiy  Xocalı faciəsini törədənlərin cəzalandırılmalı olduğunu bəyan etmişdir.

Xocalı soyqırımının 30 illiyi ərəfəsində Ukrayna Azərbaycanlıları Radasının həmsədri, “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun sədri Hikmət Cavadovun imzası ilə Ali Radaya daxil olan məktubda Xocalı soyqırımının tanınması məsələsi qaldırılmışdır. “Xocalı faciəsinin soyqırım kimi tanınması tarixi ədalətin bərpasına, Ukrayna və Azərbaycan arasında olan dostluq münasibətlərinə töhfə verəcək” – deyə müraciətdə bildirilmişdir.

Müraciətlə əlaqədar Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun həmsədrinin müavini, Ali Radanın deputatı Lyudmila Marçenko öz deputat səlahiyyətlərindən istifadə edərək, xarici işlər naziri Dmitri Kulebadan soyqırımının tanınması proseduruna başlamağı xahiş etmişdir.

Böyük Britaniya hökuməti də faciənin 30-cu ildönümü ərəfəsində Xocalı soyqırımına münasibət bildirmişdir. Belə ki, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bob Bləkman bununla bağlı hökumətə yazılı sorğu ünvanlamışdır.

Hökumətin mövqeyini xarici işlər nazirinin müavini, Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris açıqlamışdır. Blekmenin sualına cavab olaraq dövlət naziri Xocalı soyqırımını Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri kimi qiymətləndirmişdir. O, Xocalı soyqırımının törədildiyi vaxt hakimiyyətdə olan Böyük Britaniya hökumətinin bu qətliamı qətiyyətlə pislədiyini xatırlatmışdır. Dövlət naziri bu cür faciələrin gələcəkdə təkrarlanmasının yolverilməz olduğunu vurğulamışdır.

Beləliklə, Xocalı soyqırımının təbliği və tanıdılması istiqamətində görülən işlər öz bariz nəticələrini verməkdədir və bu proses getdikcə sürətlənməkdədir. Bu, şübhəsiz ki, Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında mühüm əhəmiyyət kəsb edir.

Tarixin bütün mərhələlərində ermənilərin işğalçılıq siyasəti kütləvi siyasi qətliamlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 mindən çox azərbaycanlı həlak olmuş, 100 mindən çox insan yaralanmış, 50 min nəfər əlil olmuşdur. Dövlət terrorizmi və soyqırımı siyasətini həyata keçirən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı metrosunda, hava nəqliyyatında, sərnişin bərəsində, yaşayış massivlərində, mülki və ictimai obyektlərdə) 373 terror aktı həyata keçirilmiş, 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.

Qeyd olunan faktlar Ermənistanın işğalçılıq siyasətini göstərir. Ermənistanın cinayətkar siyasətinin davamlılığına dəlalət edən faktlardan biri də ondan ibarətdir ki, təkcə 20-ci əsrdə erməni millətçiləri azərbaycanlılara qarşı dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1999-cu illərdə soyqırımı və etnik təmizləmə həyata keçirmişlər. Beynəlxalq hüquqa görə, soyqırım sülhə və insanlığa qarşı aktdır və ən ağır cinayət hesab olunur. 9 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 260 (III) saylı qətnamə qəbul etmişdir. 1961-ci ildə qüvvəyə minmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya soyqırımı cinayətinin hüquqi tərəflərini müəyyən etmişdir. Ermənistan Azərbaycana qarşı hərbi təcavüz etməklə bu konvensiyanın bütün bəndlərini pozmuşdur.

Ölkə başçısı şəhid ailələri və müharibə əlilləri ilə görüşündə Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayət olduğu və bu cinayəti Ermənistan dövlətinin törətdiyi, lakin İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun döyüş meydanında Xocalı qurbanlarının da qisasını aldığını bildirmişdir.

Prezident cənab İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümünün qeyd olunması ilə əlaqədar 28 yanvar 2022-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq”.

Həmçinin Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlamaq və onun həyata keçirilməsini təmin etmək tapşırılmışdır.

Göründüyü kimi, Xocalı soyqırımının tanıdılması istiqamətində indiyədək mühüm işlər görülmüş, ciddi nəticələr əldə edilmişdir. Bu cür tədbirlərin bundan sonra da davam etdirilməsinə ehtiyac vardır və şübhəsiz ki, davam etdiriləcəkdir. İkinci Qarabağ savaşında Azərbaycanın qazandığı parlaq qələbə Xocalı soyqırımının bundan sonra da tanıdılması üçün əlverişli şərait və əlavə imkanlar yaratmışdır. Artıq qalib ölkə imici formalaşdırmaqla beynəlxalq müstəvidə diktə etmək imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmış Azərbaycan Respublikası və xalqı öz haqq mövqeyini, o cümlədən ermənilərin 30 il əvvəl Xocalıda törətmiş olduqları vəhşilik və soyqırım əməllərinin tanıdılmasını daha rahat və daha uğurla davam etdirmək imkanı əldə etmişdir. Azərbaycanlılara qarşı misilsiz qəddarlıqlar törətmiş Erməni vandallarının beynəlxalq hüquqi vasitələrdən istifadə edilməklə cəzalandırılması üçün imkanlar yaranmışdır. İndiyədək əldə olunanlara əsaslanmaqla bu imkanlardan maksimum istifadə olunarsa, haqq-ədalət öz yerini tapacaqdır. Bu hər bir ədalət tərəfdarının, o cümlədən erməni vəhşiliklərindən zərər çəkmiş Xocalı sakinlərinin ən böyük arzusudur.  

İsgəndər Orucov,
İmişli Regional Ədliyyə İdarəsinin rəisi